F-1.az xatırladır ki, ExxonMobil şirkəti ilə 21 illik əməkdaşlıqdan sonra McLaren Honda komandasından ayrılaraq Red Bull komandası ilə işləməyə üstünlük vermişdi. Uokinqdə ruhdan düşməyərək qısa müddət ərzində yeni tərəfdaşın adını açıqlayıblar – şayiələr bu dəfə də təsdiq olunub.
İki həftə əvvəl Renault komandasının tərəfdaşı elan olunan Britaniyanın British Petroleum neft və qaz şirkətinin bu gün rəsmən McLaren Honda komandası ilə əməkdaşlıq edəcəyi açıqlanıb. Fransızlarda olduğu kimi britaniyalılar da BP-nin yanacağından və Castrol yağlarından yararlanacaqlar. Bu dəfə də əməkdaşlıq yalnız F1-lə məhdudlaşmayacaq – BP yol avtomobillərinin istehsalı ilə məşğul olan McLaren Automotive şirkətinin rəsmi təchizatçısı olacaq.
Conatan Nil, McLaren Technology Group-un icraçı direktoru: “McLaren, BP və Castrol arasındakı bu müqavilə hər üç brendin hamı tərəfindən tanınan innovasiyalara can atmasının bariz nümunəsidir. Castrol komandanı xüsusi hazırlanmış ən yüksək səviyyəli sürtgü texnologiyaları ilə təmin edəcək, McLaren Honda bunların istifadəsi üçün bazaya çevriləcək. Bu əməkdaşlıq isə qlobal miqyasda diqqət cəlb edəcək…”