F-1.az bildirir ki, tərəflər çoxillik müqavilə bağlayıblar. Xatırladaq ki, Daniel Rikkardo Renault-ya keçdikdən sonra Saynsın adı Red Bull və McLaren-lə hallanırdı. Ancaq belə görünür ki, “qırmızı öküzlər” gələn il Ferstappen-Qasli cütlüyü ilə yarışacaqlar.
Zek Braun: “Karlosun komandamıza keçidi bizi həyəcanlandırdı. Onu uzun illərdir idmanın böyük istedadı kimi görürük. Karlos gənclik və istedadın sintezi ilə kollektivimizə qoşulur. 23 yaşı olmasına baxmayaraq, idmanda 5-ci mövsümünə başlayacaq və böyük yarış təcrübəsi var. Karlosun yerlisi Fernandoya heyranlığı sirr deyil. Onun yerinə keçməsi əla oldu. Məncə, McLaren-ə tez uyğunlaşacaq və bizim komandaya gəldiyi üçün həyəcanlıyıq”.
Karlos Sayns: “Gələn ildən McLaren sürücüsü olacam və xoşbəxtəm. Bir müddətdir bununla maraqlanıram və karyeramın sonrakı addımı üçün həyəcanlıyam. Uşaqlığımdan McLaren fanatıyam. İdmanda inanılmaz tarixləri var və Formula1-in böyük qəhrəmanları illərlə burada yarışdı. Fernando da bunlardan biridir. Buna görə də onun yerinə keçən növbəti ispaniyalı olmaq qürurvericidir. Sonda isə uşaqlıq xəyallarımı reallaşdırdıqları üçün McLaren-də hər kəsə təşəkkür edirəm. Komandanın gələcək üçün planları var. Bu yolda onlara kömək etmək üçün səbirsizlənirəm”.