F-1.az xatırladır ki, tarixdə ilk dəfə 23 yarışın yer aldığı təqvimdə 5-ci dəfə baş tutacaq Azərbaycan Qran Prisi də var. Milli yarışımız iyunun 4-dən 6-dək doğma Bakımızın küçələrində keçiriləcək.
Bu il çempionat bütün dünyada daha səbirsizliklə gözlənilir. Çünki keçən il pandemiya üzündən mövsüm müəyyən ixtisarlarla və demək olar ki, azarkeşlərsiz keçirilmişdi. Amma 17 yarışdan ibarət olan mövsümün keçirilməsi təşkilatçıların rəşadəti sayəsində baş tutmuşdu. Bu il də vəziyyət qeyri-stabil olsa da, çempionatın təsdiq olunmuş təqvim üzrə keçirilməsi ehtimalı daha çoxdur.
Ölkəmizdəki F1 azarkeşlərini maraqlandıran mühüm məsələlərdən biri isə çempionatın hansı kanalla yayımlanması məsələsi idi.
Bu məsələyə bir qədər əvvəl aydınlıq gətirilib. Belə ki, artıq yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışları yenə də İdman Azərbaycan kanalında, ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər.
Formula1 azarkeşlərini idmanın ana kanalında ana dilimizdə izləməyə dəvət edirik…