Rəsmən: Force İndia xilas edilib!

Dünən gecə məlum olub ki, Böyük Britaniyada Force İndia komandasının xarici idarəçiləri ilə kanadalı milyarder Lourens Strollun topladığı sərmayədarlar konsorsiumu arasında ilkin razılıq əldə olunub.

F-1.az xatırladır ki, mövsümün əvvəlində Hindistanı təmsil edən komanda ciddi maliyyə çatışmazlığı ilə üzləşmişdi və komandanın satılması barədə tez-tez məlumatlar verilirdi, amma komandanın sahibi Vicey Malyanın özünün maliyyə durumu yaxşı olmadığı üçün komandaya potensial alıcı tapmaq mümkün olmurdu.

Nəhayət, keçən ay Serxio Peresin məhkəməyə müraciəti komandanın digər kreditorlarını da hərəkətə gətirmiş və yerli məhkəmənin qərarı ilə komandada xarici idarəetmə tətbiq olunmuşdu. Marussia və Manor komandalarından tanıdığımız FRP Advisory LLP şirkəti qısa müddət ərzində komandaya alıcı tapıb. Beləliklə, komandanın gələcəyinə heç bir təhlükə qalmayıb və 405 nəfər əməkdaş işini davam etdirəcək.

Yeni sərmayədarlar Force İndia-nın bütün kreditor borclarını ödəyəcəklər və bundan sonra komandanın  bütün səhmlərini ələ keçirəcəklər: bütün səhmlər daha əvvəl Vicey Malyaya və Lüksemburqda qeydiyyatda olan Orange İndia Holdings Sarl holdinqinə məxsus idi.

Lourens Stroll və onun biznes tərəfdaşı Sayles Çaudan başqa yeni konsorsiuma kanadalı iş adamı Andre Desmare, Monaco Sports and Management şirkətinin nümayəndəsi Conatan Dadmen və telekommunikasiya sərmayədarı Con Makkou daxildir…

Otmar Safnauer, Force İndia-nın əməliyyat direktoru: “Yekunda komandanın F1-də gələcəyini təmin edə bildik və bütün imkanlarımızı realizə etməklə çıxışımızı davam edəcəyik. Mən şadam ki, bizi belə bir konsorsium dəstəkləyib, onlar bizim komandaya inanıblar və komandada ciddi kommersiya potensialı görüblər.

Təcrübəmiz və işə can yandırmağımız sayəsində Force İndia həmişə yüksək nəticələrə imza ata bilib. İndi yeni sərmayələr bizim üçün daha böyük perspektivlər açır. Eyni zamanda, Viceyə, Sahara Group-a dəstəklərinə görə təşəkkür etmək istəyirəm”.

Ceff Rouli, FRP Advisory LLP şirkətinin direktoru: “Bütün kreditor borcları tam ödəniləcək, bütün iş yerləri saxlanılacaq və gələcək üçün komandanın böyük büdcəsi olacaq.

Komandanın maliyyələşməsi bu gündən başlayacaq, komanda xarici idarəetmədən tam çıxdıqdan sonra isə daha böyük məbləğlər komandanın hesabına mədaxil olacaq. Bütün işlər təxminən 2-3 həftə tutacaq…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*