F-1.az xatırladır ki, Renault komandası Ştiriya yarışından sonra 3 dəfə “çəhrayılar”ın Mercedes-lə olan oxşarlığına etiraz etmişdi. Fransız komandası iddia edirdi ki, Racing Point komandasının əyləc sistemi Mercedes-in 2019-cu il bolidi ilə eynidir. Formula1-in texniki reqlamentinə görə bolidin bu hissələrini komanda özü istehsal etməlidir.
FİA Yubiley Qran Prisindən əvvəl əyləclərin Mercedes-dən nüsxələndiyini qəbul edib və qərarını açıqlayıb. Qərara əsasən, Racing Point komandasının aktivindən Mühəndislər Kubkunda 15 xal silinib və 400 min avro cərimələnib. Bundan başqa Kanada təmsilçisinə Macarıstan və Britaniya yarışları üçün xəbərdarlıq edilib.
Racing Point komandası keçən ilin yanvar ayında əyləc sistemini tam şəkildə Mercedes-dən alıb. FİA “çəhrayılar”a cəza versə də, komanda bu əyləc kanallarından növbəti yarışlarda da istifadə edəcək.