F-1.az xatırladır ki, şayiələrə görə, Fettelə edilən ikinci təklif çoxillik olub, lakin veriləcək maaş onun hazırda aldığı 30 milyondan xeyli az – 12 milyon dollar təşkil edib. Mattia Binotto dəfələrlə dördqat dünya çempionunu komandada saxlamağın prioritet olduğunu bildirsə də, sonda danışıqlar heç bir nəticə verməyib və tərəflər ayrılığı rəsmən elan ediblər.
Sebastyan Fettel: “Ferrari ilə olan münasibətim bu mövsümün sonunda bitəcək. Hər ikimiz başa düşdük ki, komandada daha çox qalmağım üçün nə məndə, nə də onlarda istək var. Ortaq verilən bu qərarda maliyyə məsələləri heç bir rol oynamayıb. Gələcəyim üçün vacib qərarlar verəndə pul haqqında düşünmürəm və əsla düşünməyəcəm. Son aylarda baş verənlər hamımıza nələrin daha vacib olduğunu düşünməyə imkan yaratdı. Təsəvvür gücümüzdən istifadə edərək dəyişmiş vəziyyətə yeni yanaşmalar tətbiq etməliyik. Gələcəyim üçün nələrin vacib olduğunu düşünmək üçün özümə zaman ayıracağam.
Ferrari-nin Formula1-də xüsusi yeri var və ümid edirəm ki, layiq olduqları uğurları əldə edəcəklər. Son olaraq, bütün Ferrari ailəsinə və dünyanın hər yerindəki azarkeşlərimizə illərlə mənə verdikləri dəstək üçün təşəkkür etmək istəyirəm. İndi isə məqsədim Ferrari ilə olan uzun münasibətimizi xoş xatirələrlə tamamlamaqdır – indiyə qədər də birlikdə bunları əldə etmişik”.
Mattia Binotto: “Bu, komandamızın və Sebastyanın ortaq qərarıdır, hər iki tərəf ayrılığın daha yaxşı addım olduğuna inanır. Sebastyanın sürücülüyü və şəxsiyyəti nəzərə alındıqda, bu qərarın verilməsi asan deyildi. Lakin hədəflərimizə çatmaq üçün yollarımızı ayırmaq fikrinə gəldikdə də aramızda dostca münasibətdən başqa bir şey olmadı. Sebastyan artıq Scuderia-nın tarixinə düşüb. Bizimlə 14 yarışı udub və qələbə sayına görə komanda tarixində üçüncü sürücüdür. Bizimlə olduğu 5 il ərzində çempionatı 3 dəfə ilk üçlükdə tamamlayıb, komandanın da Mühəndislər Kubokunda ilk üçlükdə olmasında böyük rol oynayıb.
Bütün əməkdaşlarım adından bu 5 il ərzində nümayiş etdirdiyi yüksək professionallıq və insani keyfiyyətləri, həm də birlikdə keçirdiyimiz gözəl anlar üçün ona təşəkkür etmək istəyirəm. Birlikdə çempion ola bilmədik – bu, Fettelin beşinci titulu olacaqdı. Lakin inanıram ki, önümüzdəki bu qeyri-adi mövsümdə çox şey əldə edə bilərk”.