F-1.az xatırladır ki, koronavirus pandemiyasına görə daha əvvəl mövsümün ilk yarışı olan Avstraliya Qran Prisi ilə yanaşı, Monako, Fransa və Niderlanddakı yarışlar ləğv edilmiş, qalan 6 yarış isə təxirə salınmışdı. Keçən həftə mövsümün Avropa hissəsinin təqvimi açıqlanmışdı.
Formula1 tərəfindən yayımlanan bəyanatda deyilir: “Biz bu qərarı promouterlərin ölkələrində qarşılaşdıqları bir sıra çətinliklərə görə qəbul etməli olduq. Bakı və Sinqapurda vəziyyətin hələ də qeyri-müəyyən olması şəhər traslarının tələb etdiyi uzun hazırlıq prossesini mümkünsüz etdi, Yaponiyada isə məhdudiyyətlər davam edir.
Biz, eyni zamanda, builki təqvimi tərtib edərkən həm təqvimdə olan, həm də təqvimdə olmayan tras rəhbərlikləri ilə danışıqlarda önəmli məsafə qət edə bildik. Bütün dünyada vəziyyət hələ də qarışıq qalsa da, biz mümkün olan variantları reallaşdırmağa çalışırıq və çox yaxşı təhlükəsizlik planlarımız var”.
Bakı Şəhər Halqası: “Böyük təəssüf hissi ilə bildiririk ki, KOVİD-19 koronavirus pandemiyası səbəbindən Formula 1 Azərbaycan Qran Prisi 2020 ləğv olunur. Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq, bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli azarkeşlərin, həmçinin Formula1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq.
Bilet sahibləri biletlərin qaytarılması ilə bağlı ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərlər. Hər hansı bir sual yarandıqda, komandamız kömək etməyə hazırdır. Bizə email vasitəsilə və ya sosial media kanallarından yaza bilərlər. 2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik. Sizi növbəti il, yeni mövsümdə görməyə çox şad olacağıq”.