Rəsmən: Avstraliya Qran Prisi ləğv edilib

McLaren komandasının əməkdaşında Covid-19 virusunun tapılması ilə əlaqədar yarışdan imtina etməsindən sonra Melburnda bir çox toplantılar və görüşlər baş tutub.

Formula1 rəhbərliyi geridə qoyduğumuz saatlarda həm yerli səlahiyyətli şəxslərlə, həm də əksəriyyətinin yarışın keçirilməməsini dəstəklədiyi komanda rəhbərləri ilə görüşlər keçirib, müzakirələr aparıb. Hər nə qədər onlardan bəziləri əksini istəsələr də, yarışın ləğv edilməsinə qərar verilib.

F-1.az xatırladır ki, paddokda 9 nəfərdən analiz götürülmüş, onlardan yanız birinin – McLaren komandasının əməkdaşının nəticəsi müsbət çıxmışdı. Bundan dərhal sonra isə Uokinq təmsilçisi yarışdan imtina etdiyini açıqlamışdı. Virusun pandemiya kimi elan olunması və komandaların əməkdaşlarının ümumi sayının təxmini 1000 nəfər olduğu nəzərə alındıqda, vəziyyət qənaətbəxş görünsə də, nəticələrin ciddi ola biləcəyindən ehtiyat edilib.

McLaren əməkdaşının analiz cavabının müsbət çıxmasından dərhal sonra xüsusilə ingilis jurnalistlər təcili evlərinə qayıtmaq üçün yarışın dərhal ləğv edilməsində təkid ediblər. Bir çox azarkeş baş tutacağı cəmi bir neçə gün öncə də bildirilən mövsümün açılış yarışını canlı izləmək istəsələr də, arzuları gözlərində qalıb. Liberty Media məğlubiyyəti qəbul edib – onların məyus olacağı qərarı verib…

Gələn həftəsonuna planlaşdırılan, əvvəldən azarkeşsiz baş tutacağı bildirilən Bəhreyn Qran prisinin də taleyi sual altındadır. İstənilən halda, yarış baş tutsa belə, McLaren-in karantin dövründən çıxması üçün lazım olan vaxt qalmayıb. Yəni, ingilislər Saxirdə yarışmayacaqlar. Vyetnam Qran Prisinin keçiriləcəyinə ən pozitiv azarkeşlər belə artıq inanmırlar. Belə görünür ki, əgər o vaxta qədər virusu nəzarət altına almaq mümkün olarsa, mövsümün ilk yarışı mayın əvvəlinə planlaşdırılan Hollandiya Qran Prisi ola bilər.

Növbəti saatlarda bir sıra vacib qərarların qəbul ediləcəyi gözlənilir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*