F-1.az xatırladır ki, daha əvvəl komandalar narazı olduğu üçün yeni reqlamentin açıqlanması təxirə salınmışdı. Lakin dünən axşam Beynılxalq Avtoidman Şurası yeni reqlamenti təsdiqləyib.
Yeni texniki reqlamentə görə bolidlər bir-birlərini daha rahat formada izləyə biləcəklər. Bundan başqa bolidlər fütüristik görünüşdə olacaqlar.
Formula1 həftəsonunda da proqram dəyişikliyi olacaq. Yeni maliyyə qaydalarına əsasən komandalar ildə 175 milyon dollar büdcə ilə yarışmalıdırlar.
2021-ci ildəki dəyişikliklər aşağıdakı kimi olacaq.
Daha gözəl görünən Formula1 bolidləri
2021-ci ilin bolidlıəri hazırkılara nisbətən daha fərqli və radikal dizayna sahibdirlər. Daha bəsit ön qanadlar, aqressiv arxa hissə, daha böyük arxa qanadlar və bolidin altlığından gələn aerodinamika, təkərləri yoxlayan cihazlar, daha bəsit asılqanlar və 18 düymlük təkərlər gözə görünən ilk xüsusiyyətlərdir. Yeni bolidlərdə təkər disklərinə azarkeşlərə məlumat verməsi üçün Led göstəricilər əlavə olunub. Bolidin yan tərəfinə də led panellər əlavə oluna bilər.
Bolidlər yarışarkən daha yaxın olacaqlar
Bolidlər görünüş cəhətdən fərqliləşsə də, bu fərq maşınların bir-birlərinə daha yaxın formada yarışmasını təmin edəcək. Bolidlər bir-birlərini daha yaxından izləyə bilsinlər deyə uzun illərdir ki, reqlamentdə dəyişikliklər edilir. Lakin bolidlərin quruluşlarında ciddi dəyişikliklər olmadığı üçün heç nə dəyişməmişdi.
Hazırda izləmədə olan bolid 40 faiz asfaltayatma qüvvəsi itirir. Bu nisbət 2021-ci ildə 5-10 faiz olacaq. Çünki aerodinamika bolidin yan tərəflərindəki detallarda yox, altlıqda istehsal olunacaq. Buna görə də öndəki boliddən arxaya daha təmiz hava gedəcək və arxa tərəfdə yanlara doğru yönləndiriləcək. Beləliklə, sürücülər bir-birlərini daha yaxından izləyə biləcəklər.
Daha ədalətli pul bölgüsü
Formula1 tarixində ilk dəfə komandaların xərcləri məhdudlaşdırılacaq. Komandaların daha ədalətli mübarizə aparmaları üçün illik 175 milyon dollar büdcə həddi qoyulacaq. Bu həddə reklam xərcləri, sürücü maaşları və komandada ən çox maaş alan üç nəfərin pulu daxil deyil.
Büdcə həddi kiçik komandalarla böyük komandaları bir-birinə yaxınlaşdıracaq və fərqlər azalacaq. Qeyd edək ki, 175 milyon dollarlıq hədd 21 yarış üçün keçərlidir. Əlavə hər yarış üçün büdcə 1 milyon dollar artacaq.
Bundan başqa komandalara ödənən bonuslar da ədalətli formada paylanacaq.
Daha az yenilik, daha çox standart və məhdud sayda detal
Maliyyə reqlamentindən başqa idman və texniki reqlamentdə də dəyişikliklər var. Yeni qaydalara əsasən yarış həftəsonunda yenilik sayı və mövsüm ərzində aerodinamik yenilik sayı məhdudlaşdırılacaq. Bununla da inkişaf yarışı azalacaq. Bundan başqa əksər detallar standart olacaq və əyləc bəndi kimi detalların sayı məhdudlaşdırılacaq. Güc qurğularının sayı olduğu kimi qalsa da, qazburaxma sisteminin sayı da güc qurğusu kimi məhdudlaşdırılacaq. Bir sürücü mövsüm ərzində 6 qazburaxma sistemindən istifadə edə bilər.
Təzə təkərlərə, xərclər azalsın deyə dəyişdirilən güc qurğusunun detallarına və təhlükəsizliyi artırmaq üçün edilən dəyişikliklərə görə bolidlərin çəkisi artacaq. Termoçexolların 2021 və 2022-ci illərdə məhdud formada istifadəsinə icazə veriləcək. Yeni reqlamentlə maşınlar 3-4 saniyə yavaşlayacaq.
Həftəsonu proqramı dəyişdirilir
Yarış həftəsonunda kiçik, amma vacib dəyişikliklər olacaq. Təqvimdəki yarış sayını artırmaq üçün həftəsonu ərzində aktiv işləyənlərin iş günü sayı azaldılacaq. Gələcəkdə təqvimdə 25 yarışın olması gözlənilir.
Cümə Axşamı keçirilən sürücülərim mətbuat konfransı 2021-ci ildə cümə sərbəst yürüşlərdən əvvəl olacaq və bolidlər üçüncü sərbəst yürüşlərin əvvəlindən qapalı sahə (parc ferme) qaydalarına riayət etməlidirlər. Üçüncü sərbəst yürüşlərdə komandalar stüardların nəzarətində bolidin son versiyasını hazırlayacaqlar.
Bundan başqa gənc sürücülərə şans vermək üçün hər komanda ən az iki sərbəst yürüşlərdə maksimum iki yarışa çıxmış sürücü ilə işləməlidir.
Aerodinamik boru testləri azaldılacaq.
Aerodinamikanı təkmilləşdirərkən xərcləri azaltmaq üçün komandaların həftəlik aerodinamik boru testi azaldılacaq və hesablama hidrodinamikası işləri daha vacib olacaq.
2021-ci ildə 18 düymlük təkərlərə keçidin səbəbi görüntü deyil. Hazırda Formula1-də istifadə edilən 13 düymlük təkərlər yüksək təzyiq zamanı çox əsirlər və bu da aerodinamikaya təsir edir. Yüksək büdcəli komandalar bunun üzərində işləyə bilir və təkərlərdən daha yaxşı istifadə edirlər. Amma daha sərt olan təkərlər indikilər kimi əsməyəcəklər. Aerdodinamikanın bəsitləşməsi ilə xərclər də azalacaq.