Rəsmən: 2018-ci ildə Formula1 maşınlarına Halo sistemi quraşdırılacaq

Bu gün Cenevrədə Strateji İşçi Qrupun toplantısı baş tutub və bir sıra mühüm qərarlar qəbul olunub.

Gələn ildən etibarən maşınlara sürücülərin başını qoruyan sistem quraşdırılacaq. Bu isə FİA-nın cari mövsümdə ön plana çəkdiyi Qalxan (Shield) sistemi yox, keçən il təqdim olunan və bir sıra komandalar tərəfindən test edilən Halo sistemidir. Düzdür, yoxlamalar zamanı Halo-da bir sıra problemlər aşkarlanmışdı, lakin sistem 2018-ci ilə qədər təkmilləşdirilməlidir.

FİA-nın toplantı barədə bəyanatında yazılıb: “Bu gün Strateji İşçi Qrup ilk dəfə Sauber, Toro Rosso, Renault və Haas komandalarının nümayənədləri də daxil olmaqla, bütün komandaların iştirakı ilə toplantı keçirib. Toplantıda bir sıra vacib məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib”.

F-1.az Cenevrədə qəbul olunan bütün dəyişiklikləri təqdim edir:

Kokpitin qorunması

Strateji İşçi Qrup 2018-ci ildə Halo sisteminin tətbiq edilməsini təsdiqləyir. Sistem komandaların iştirakı ilə təkmilləşdiriləcək.

2021-ci ilin güc qurğuları

Güc qurğusu istehsalçılarının iştirakı ilə baş tutan toplantılarda bir sıra qərarlar qəbul edilib. Yay fasiləsində bir sıra təhlillər aparılacaq və yekun qərar Strateji Qrupun sentyabrda baş tutacaq iclasında qəbul ediləcək.

Məsrəflərə nəzarət

Yığıncaqda xərclərə nəzarət probleminə yeni yanaşma təklif olunub və yekdilliklə dəstəklənib. Formula One Group, FİA və komandaların nümayəndələrindən ibarət İşçi Qrup yaradılacaq. Bu qrupa növbəti illərdə idmanın daha maraqlı olmasına, iqtisadi stabilliyin saxlanılmasına yönəldilmiş təkliflər hazırlamaq tapşırılacaq.

Baxımlılığın artırılması

Yarışların baxımlılığını artırmağa yönəldilmiş bəzi idman xarakterli tədbirlər də müzakirə olunublar, onların effektivliyinin qiymətləndirilməsi üçün xüsusi araşdırmalar aparılacaq.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*