Bu il Formula1-i texniki və idman reqlamentlərində son onilliklərin ən genişmiqyaslı dəyişiklikləri gözləyir…
Arxa antiqanad
Arxa antiqanadın müstəvi profillərinin maililik dərəcəsi aşağı salınıb, amma əsas dəyişik budur ki, qanadın aşağı müstəvisi ləğv olunub – məhz bu element arxa hissəsdə asfalta yatma qüvvəsini generasiya edirdi.
Qazburaxma sistemi
2012-ci ildə qazburaxma sistemindən çıxan işlənmiş hava axınından asfalta yatma qüvvəsinin artması üçün istifadənin qadağan olunması səmərə vermədi – bu dəfə daha effektiv qərar qəbul olunub. Texniki reqlamenti 5.8.2 maddəsinə görə cəmi bir qazburaxma borusuna icazə verilir – borunun çıxıntısı arxa təkərlərin oxundan 170-185 mm sonra qurtarmalıdır və boru maşının altlığından 5 dərəcə yuxarı baxmalıdır. Borunun yaxınlığında isə maşının korpusunun heç bir detalı olmamalıdır.
Ötürmələr qutusu
Bu il ötürmələ qutusunda 8 pillə olacaq. Komandalar mövsümün startından əvvəl bütün 8 ötürmənin 10 variantda ötürmə rəqəmlərini seçməlidirlər – mövsümün gedişində yalnız bu rəqəmlərdən istifadə etmək mümkün olacaq. Keçən il bu variantların sayı 30 idi.
Mühərrik
Bu ildən Formula1 1.6 litrlik V6 turbomotorlara keçir – dirsəkli valın dəqiqədə dövriyyə sayı 18 mindən 15 minə endirilib.
Yan pantonlar
Yeni güc qurğusunun soyutma tələbləri artıb, bu isə daha böyük radiatorlar tələb edir, nəticədə yan pantonlar böyüyəcək. Bundan başqa pantonlara yan toqquşmalardan qorumaq üçün yeni təhlükəsizlik strukturları da yerləşdirilməlidir.
Maşının çəkisi
Maşının sürücü ilə birlikdə minimal çəkisi keçən illə müqayisədə 49 kq artırılaraq 691 kq-a çatdırılıb. Gələn il bu çəki 700 kq olmalıdır.
Şassinin hündürlüyü
Şassinin maksimal hündürlüyü keçən illə müqayisədə 550 mm-dən 525 mm-ə endirilib.
Burun elementi
Təhlükəsizlik baxımından reqlament burun elementinin hündürlüyünü məhdudlaşdırıb – burun hissənin mərkəzi maşının altlığından 185 mm hündür ola bilməz. Burunun elementinin səthinin sahəsi isə 9 min kvadrat mm-dən az ola bilməz. Bu iki qaydanın tətbiqi və mühəndislərin maşının öndən altına maksimum hava qovmaq istəyi yeni maşınların gözəlliyini sual altına qoyur.
Ön antiqanad
Ön antiqanadın eni keçən illə müqayisədə 1800 mm-dən 1650 mm-ə endirilib.
ERS
Bu il maşınlarda mürəkkəb güc qurğusu quraşdırılacaq və daxili yanma mühərriyi bu qurğunun bir hissəsi olacaq. Yeni maşınlarda enerjinin rekuperasiyası (ERS) üçün iki variantdan istifadə olunacaq.
Birinci variantda hər şey keçənilki KERS-i xatırladacaq: sistem əyləclərdən istifadə zamanı enerjini batareyaya toplayacaq və motor-generator (MGUK) tərəfindən yenidən dövriyyəyə buraxılacaq.
İkinci variantda isə generator (MGUH) turbində istifadə olunan işlənmiş qazların istilik enerjisini toplayacaq. Bir dövrədə yeni ERS sistemi 33 saniyə ərzində motorun gücünü 163 at qüvvəsi artıra biləcək.
Motorlar
Yeni reqlamentin 28.5 maddəsinə əsasən mövsümün startından əvvəl FİA tərəfindən alınmış və “dondurulmuş” güc qurğuları 2014-cü ildən 2020-ci ilə qədər istifadə olunacaq.
Bu ildən yanacaq sərfiyatına da məhdudiyyət qoyulacaq. Yarışın başlanmasını bildirən siqnaldan sora və yarışın sonunu bildirən siqnala qədər yanacaq sərfiyyatı 100 kq-ı keçməməlidir. Bu məhdudiyyəti aşmış sürücünün nəticəsi protokollardan silinəcək. Fors-major vəziyyət istisna təşkil edir, amma bu vəziyyət stüardlar müəyyən edəcəklər.
Formula1-də yeni motorların tətbiqi ilə yanaşı onların tam və ya ayrı-ayrı elementlərinin əvəzlənməsinin də yeni cərimə sistemi tətbiq olunacaq. FİA yeni güc qurğusunu 6 əsas modula bölüb: daxili yanma mühərriyi, iki generator, ERS-in batareyası, turbin və Elektron İdarəetmı bloku (ECU). Hər bir modulu mövsümün gedişində 5 dəfə hər hansı bir sanksiya tətbiq etmədən dəyişmək olar.
Bloklardan hər hansı birinin 6-cı əvəzlənməsi startda 10 yer itirməklə cəzalandırılır, digər elementlərin əvəzlənməsi isə cəmi 5 yer itirməklə cəzalandırılacaq. Bloklardan hər hansı birinin 7-ci əvəzlənməsi də startda 10 yer itirməklə cəzalandırılır, digər elementlərin əvəzlənməsi isə 5 yer itirməklə cəzalandırılacaq. Bu qayda ilə davam edir.
Güc qurğusunun tam əvəzlənməsi zamanı sürücü pit-leyndən start almalı olacaq.
Ötürmələr qutusu ardıcıl 6 Qran Pridə istifadə olunmalıdır, onun vaxtından əvvəl əvəzlənməsi startda 5 yer itirməklə cəzalandırılacaq.
Təkərlər
FİA 2014-2016-cı illərdə çempionat üçün Pirelli şirkətinin yeganə təkər təchizatçısı kimi seçib. Yarış həftəsonuna hər bir sürücüyə 12 dəst slik veriləcək – 7 dəst daha bərk və 5 dəst daha yumşaq.
Daha bərk təkərlərin bir dəsti yalnız cümə sərbəst yürüşlərinin birinci sessiyasının ilk 30 dəqiqəsində istifadə oluna bilər. Sessiyadan sonra 2 bərk təkər dəsti Pirelli-yə qaytarılmalıdır. Daha bir bərk təkər dəsti və bir yumşaq təkər dəsti isə şənbə sərbəst yürüşlərinə qədər şirkətə qaytarılmalıdır.
Son yarış xalları
Mövsümün son yarışında sürücülər ikiqat xal qazanacaqlar – bu qaydanın tətbiqində məqsəd mövsümün son yarışına qədər çempionata olan marağın saxlanmasıdır.
Maşınların nömrələri
Bu ildən sürücülər özləri nömrə seçə biləcəklər. Reqlament tələb edir ki, yeni nömrələr maşınların üzərində və dəbilqələrdə aydın seçilsin. Yeni nömrələr sürücünün bütün karyerası ərzində dəyişməyəcək.
Yeganə istisna – sonuncu dünya çempionu özü üçün 1 nömrəsini seçə bilər, onun əvvəlki nömrəsi isə titulu əldən verdiyi zaman yenidən özünə qayıdacaq.
Reqlamentin 32.1 maddəsinə əsasən sərbəst yürüşlərin birinci və üçüncü sessiyaları arasında interval 24 saatdan çox ola bilməz.
Sıralanma turu
Start düzlüyündə yerlərin bölünməsi qaydası da dəyişdirilib. Əgər bir neçə sürücü sıralanma turunun birinci, ikinci və ya üçüncü sessiyasında nəticə göstərə bilməsələr, start düzlüyündə onların yerləri belə bölünəcək: üstünlüyü sıralanma turunda sürətli dövrəyə başlamış sürücü alacaq, sonra sürətli dövrəyə başlamayan sürücü, daha sonra boksu tərk etməyən sürücü. Əgər bir neçə sürücü eyni şərti ödəyərsə, onda sıralanma turunun əvvəlki sessiyasındakı nəticəyə uyğun yerlər bölünür. Əgər sıralanma turunun birinci sessiyasında belə hal yaşanarsa, onda sərbəst yürüşlərin 3-cü sessiyasındakı nəticələr səas götürüləcək.
Sıralanma turunun formatı da dəyişdirilib. Sıralanma turunun son sessiyasına keçən hər bir sürücüyə əlavə yumşaq təkər dəsti veriləcək – həmin dəst sessiyadan sonra təchizatçıya qaytarılmalıdır.
Sıralanma turunun birinci sessiyasının müddəti 20 dəqiqədən 18 dəqiqəyə qısaldılıb, üçüncü sessiyasının müddəti isə 10 dəqiqədən 12 dəqiqəyə uzaldılıb – hər bir sürücüyə iki sürətli dövrə vurmağa cəhd etmək imkanı verilib.
Sıralanma turunun üçüncü sessiyasına keçən sürücülər yarışa ikinci sessiyada ən yaxşı nəticəni göstərdikləri təkər dəsti ilə çıxacaqlar.
Ötmələr
Əgər yarışın direktoru hesab etsə ki, ötmə trasdan kənarda baş verib, onda sürücü qazandığı mövqeyini rəqibə qaytarmalıdır.
Reqlamentin yeni versiyasının 20.2 maddəsində deyilir: “Əgər maşın trasdan kənara çıxıbsa, sürücü trasa qayıda bilər, amma əvvəlcə bu manevrin təhlükəsizliyinə əmin olmalıdır və faktiki olaraq heç bir üstünlük qazanmamalıdır. Əgər trasdan kənara çıxmaqla üstünlük qazanıbsa, onda yarış direktorunun tələbi ilə mövqeyini geri qaytarmalıdır. Sürücü üzürlü səbəb olmadan trasdan kənara çıxa bilməz”.
Təhlükəsizlik
Maşına qulluq edən komandanın əməkdaşları yalnız pit-stopdan bir az əvvəl pit-leynə çıxa bilərlər, pit-stopdan dərhal sonra isə qulluq yerini tərk etməlidirlər. Onların hamısı qoruyucu dəbilqə geyinməlidirlər.
Cərimələr
Reqlamentin 16.3 maddəsinə əsasən stüardlar sürücüləri müxtəlif insidentlərə görə cərimə balları ilə cəzalandıra bilərlər – əgər mövsümün gedişində bu balların sayı 12-yə çatarsa, onda sürücü bir yarışı buraxmalı olacaq. Bu ballar 12 ay ərzində aktiv sayılır, sonra isə ləğv olunurlar.
Stüardlar yarış zamanı 5 saniyəlik cərimələr də tətbiq edə bilərlər – bu cərimə pit-stop zamanı ödənilə bilər: maşına qulluq olunmazdan əvvəl sürücü pit-stopda 5 saniyə gözləməli olacaq.
Sürücülər yarışın finişindən sonra boksa qayıtma dövrəsində yanacağa qənaət etmək üçün trasda dayana bilməzlər – maşında FİA-nın təftişi üçün zəruri yanacaq miqdarı qalmalıdır.
Yalnız bu il hər bir komandaya “komendant saatı” qaydasını 6 dəfə pozmaq icazəsi verilib – keçən il cəmi 2 icazə var idi.
Əgər sərbəst yürüşlərdə və ya sıralanma turunda maşın təhlükəli vəziyyətdə boksdan çıxarsa, stüardlar məqsədəuyğun sayda yer itirməklə sürücünü cəzalandıra bilərlər.
Əgər yarış zamanı maşın təhlükəli vəziyyətdə boksdan çıxarsa, onda sürücü növbəti yarışın startında 10 yer itirəcək. Əgər həmin sürücü təhlükəli çıxışından sonra yarışı davam etdirəcəksə, onda yarışın gedişində ona 10 saniyəlik Stop&Go cəriməsi veriləcək.
Cərimələrin tətbiqi qaydası da dəyişdirilib. Məsələn, əgər sürücü növbəti yarışın startında 5 yer itirmək cəzası alıbsa və sıralanma turunda 20-ci nəticə göstərərsə, faktiki olaraq 2 yer itirəcək, qalan 3 yerlik cərimə isə növbəti yarışın startına keçiriləcək. Amma bu cür keçirmə cəmi bir dəfə olacaq, çünki autsayderlər bir ay müddətində bir cəriməni bir neçə yarışa keçirməsinlər.
Reqlamentin 26-cı maddəsi FİA-nın texniki nümayəndəsinin tələbinə görə sıralanma turunda FİA-nın boksunda təftiş üçün dayanmayan sürücüyə tətbiq olunan cərimə sanksiyalarını açıqlayır:
“Əgər sürücü FİA-nın boksunda dayanmayıbsa, amma sonra maşın dərhal FİA-nın boksuna çatdırılıbsa və texniki nümayəndə maşın üzərində heç bir işin aparılmadığına əmindirsə, onda sürücüyə sadəcə xəbərdarlıq elan olunur.
Əgər sürücü FİA-nın boksunda dayanmayıbsa və maşın dərhal boksa qaytarılmayıbsa və ya onun üzərində təftişdən öncə iş görülübsə, onda sürücü yarışa pit-leyndən başlayacaq.
Ən çox poula görə mükafat
Ən çox poula görə yeni mükafat təsis olunub. Əgər bərabərlik olarsa, onda startdakı ikinci, üçüncü və s. nəticələr müqayisə olunacaq.