F-1.az xatırladır ki, 2016-cı ildə idmana geri qayıdan fransalılar keçən il 4-cü yeri tutublar. Formula1 üzrə ikiqat Dünya Çempionları bu il daha yaxşı nəticə qazanmaq istəyirlər. Komandanın heyəti keçən il orta qrup sürücüləri arasında birinci olan Hülkenberq və elit sürücülərdən sayılan Rikkardodan ibarətdir. Renault Viridəki mühərrik şöbəsinə böyük sərmayələr qoyub və bu il zəhmətlərinin bəhrəsini görmək istəyirlər.
Renault yeni bolidin həm şassisi, həm də mühərriyi üzərində çox işləyib. R.S.19-un rəng çaları son illərdə olduğu kimi yenə sarı-qaradır. Bolidin mövsümöncəsi qış testlərinə qədər tam hazır olması gözlənilir.
Komandanın rəhbəri Siril Abitebul yeni boliddən ümidlidir: “Özümüzü hazır hiss edirik. Son üç ildə pərdə arxasında nələr etdiyimizi göstərmək istəyirik. Enstounda gəzərkən yarış sevgisini və insanların emosiyalarını hiss edə bilirsiniz. Planımızın ilkin mərhələsi yenidənqurma idi. Bazanın hamısı olmasa da, əksər hissələr rəqiblərlə mübarizə aparmaq üçün təkmilləşdirilib. Viridə isə yeni işçilər götürdük. Bir neçə həftəyə yeni avadanlıqlarımız işə düşəcək. 2021-ci il reqlamenti üçün yeni dəzgah və 2020-ci il üçün yeni bina tikmək istəyirik. Ümid edirəm ki, 2020-ci ilə qədər yeni mühərrik bazası hazır olar. Enstouna sərmayə qoyduq. Viriyə də qoyacağıq”.