Renault yenə rənglərini dəyişəcək?

Renault komandası 2016-cı il bolidi RS16-nı bu il bir neçə dəfə müxtəlif rənglərə boyamaq istəyir...

F-1.az xəbər vermişdi ki, Renault komandası Melburnda yeni rəng çalarlarını təqdim edib. RS16-nın yeni rəng çalarları sarı və qara rəngdədir.

Renault komandasının rəhbəri Siril Abitebul bildirib ki, mövsüm ərzində maşının rəngi dəyişəcək.

Abitebul mətbuata niyə sarı rəngi seçdiklərini izah edib: “Biz istədik ki, bu rəng insanların marağını çəksin. Hamı bizim haqqımızda danışsın.

Bolid vacib bir platformadır. Əsl reklam lövhəsidir. Ona görə də mən başa düşmürəm ki, insanlar nəyə görə bolidin rəngi ilə oynamır.

Mən bilirəm ki, qaydalar var və çox şeyi dəyişə bilmərik, amma biz çalışacayıq ki, qaydalar çərçivəsində maksimum yeniliklər edək. Bu reklamın ən ucuz və ən asan yoludur”.

Siril Abitebul bildirib ki, onlar rəqiblərin istifadə etdiyi qara və boz kimi şirkət rənglərindən uzaq durmaq istəyirlər və bu, onlar üçün çox vacibdir. Abitebul əlavə edib ki, rəqibləri əllərinə düşən fürsətləri axıra qədər istifadə etmirlər: “Düzünü desək, F1 bolidləri çox eybəcərdirlər. Gördüyümüz işdən utanıram. Məncə, komandalar qaydaların qoyduğu məhdudiyyətləri çox ciddiyə alırlar. Biz istəyirik ki, gözəl bir bolidimiz olsun”.

Abitebul digər komandaların niyə rəsmi rənglər seçdiyini izah edib: “Mən düşünürəm ki, hamı ciddi görünmək istəyir. Ciddi görünmək istəyirsinizsə, qara və boz rənglərdən istifadə etməlisiniz.

Mercedes AMG və McLaren-in öz rəngləri qara və ya gümüşüdür. Digər komandalar da o rənglərdə çıxış etmək istəyirlər.

Mən başa düşə bilmirəm ki, komandalar niyə aqresiv rənglərdən istifadə etmir. Elə bil onlar ortadan itib-getmək istəyirlər. Biz, amma itmək istəmirik və insanların diqqətini cəlb etmək istəyirik. Biz aldığımız nəticələrə görə təslim olmayacayıq”.

Abitebul bildirib ki, onlar bolidin yeni rəng çalarlarını Bəhreyn QP-dən əvvəl təqdim edə bilərlər. Komanda əvvəlcə televizorda mat sarı rəngin necə göründüyünə baxacaq və daha sonra qərar verəcək.

Abitebul: “Dəyişiklikləri ikinci yarışdan əvvəl edə bilərik, çünki biz bilmirik ki, bolid işıqların altında necə görünəcək. Bəlkə xırda dəyişikliklər edə bilərik, amma biz daha artığını istəyirik.

Məsələn BMW-nin “art car” dizaynı. Hamı BMW-nin bu gözəl dizaynını xatırlayacaq. Bu fantastik platformadır və mən anlamıram ki, komandalar nəyə görə bununla maraqlanmırlar”.

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*