Renault Sport Formula One Team – Renault Sport R.S.16

Renault şirkəti 2015-ci ildə motor təchizatçısı statusundan imtina etməklə çempionata zavod komandası ilə qayıtmaq qərarına gəldi. Bir neçə danışıqdan sonra, Berni Ekklstoundan tarixi komanda statusunu saxlamaq təminatını aldıqdan sonra ən optimal variant seçildi - keçən ilin son ayında şirkət Lotus F1 Team komandasını alaraq 2010-cu ildə satdığı komandaya nəzarəti geri qaytardı...

Fevralın 3-də Parisdə FİA-nın prezidenti Jan Todtun iştirakı ilə keçirilən mətbuat kofransında yeni zavod komandasının strukturu təqdim olunub – rəhbərlik, sürücülər, maşının rəng çaları və mövsümi vəzifələr. F-1.az xatırladır ki, 2016-cı il mövsümündə Renault komandası iştirakçılar arasında təqdimat mərasimi keçirən ilk komanda olub.

Konfrans Renault-Nissan prezidenti Karlos Qonun çıxışı ilə başlayıb – prezident idman proqramının texniki inkişaf, marketinq və satış həcminin artmasında idman proqramının tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, komandanın məqsədi üç il ərzində qələbələr uğrunda mübarizə apara biləcək rəqabətədavamlı komandaya çevrilməkdir…

Karlos Qon: “Avtoidman əvvəlki kimi beyinləri oynadır – həm təəssübkeşlərin, həm də hər gün sükan arxasında oturanların, və bu gün biz bu sahədə hərtərəfli proqramı təqdim edirik.

Formula1 bizim proqramda vacib yeri tutur, əsas məqsəd Renault brendinin tanınması səviyyəsini artırmaqdır, xüsusən də bizim şirkətin yeni daxil olduğu bazarlarda. Bundan başqa yeni proqram yarış texnologiyalarının bizim adi maşınlarda istifadə olunması imkanlarını genişləndirəcək”.

Carlos Ghosn

Daha sonra səhnəyə Renault Sport-un yeni başçısı Jerom Stroll qalxıb və komandanın rəhbərliyi ilə qarşıdakı proqramı açıqlayıb…

Jerom Stroll: “Belə bir rəy var ki, komanda qələbə qazananda səbəbini maşında, uduzanda isə güc qurğusunda görürlər. Ona görə də bizim üçün komandanın tam nəzarətə götürmək çox vacib idi.

Biz bilirik ki, liderlərdən çox geridəyik, bu bizim üçün başlanğıc nöqtədir, lakin bizim çox istedadlı mütəxəssislərimiz var və onlar bu geriqalmanı aradan qaldıra bilərlər. Biz çempionata sadəcə iştirakçı olmaq xətrinə qayıtmamışıq, bizim məqsədimiz ən yüksək səviyyədə mübarizə aparmaq və qalib gəlməkdir. Mən istəyirəm ki, biz hər dəfə starta çıxanda potensial qələbəyə namizəd olaq”.

Şirkətin komandası qarşıdakı mövsümdə Renault Sport Formula One Team adlanacaq, Frederik Vassyör yarış direktoru, Bob Bell texniki direktor, Siril Abitebul isə icraçı direktor təyin olunub…

Siril Abitebul: “Bizi statistika maraqlandırmır, biz qələbə qazanmaq istəyirik. Renault bu cür bəyanat verə bilər, çünki bu şirkət bütün iştirak etdiyi avtoidman seriyalarında çempion olub. Və biz bilirik ki, bu məqsədə çatmaq üçün nə etmək lazımdır.

Jerom Stroll, Frederik Vassyör və mən komandaya başçılıq edəcəyik. Bizim birgə fəaliyyətimiz komandaya zərər verməyəcək – əksinə, bir yerdə çətin texniki və idman vəzifələrinin öhdəsindən gələcəyik.

Texniki departamentin başçısı Bob Bell tam Formula1 komandasında təhkim olunub və Enstounla yanaşı, həm də Viridəki texniki şöbələrə nəzarət edəcək ki, onların vahid istiqamətdə müntəzəm işlərini təmin edə bilsin. Nik Çester Enstounda, Remi Taffen isə Viridə texniki məsul şəxslər olacaqlar.

Bizim 2016-cı ildə imkanlarımızı qiymətləndirərkən realist olmaq lazımdır. Sirr deyil ki, bəzi sahələrdə biz geri qalırıq – bizim güc qurğumuz hələ kifayət qədər effektiv deyil, sözün düzü, keçən il elə Enstounda da vəziyyət ürəkaçan deyildi. Qarşıdakı mövsümü biz bu iki baza arasında daha effektiv əməkdaşlığın qurulmasına həsr edəcəyik. Bu o demək deyildir ki, biz mübarizədən imtina edirik, amma əsas odur ki, biz 2017-ci ildə uğurlu çıxışın təməlini qoymalıyıq”.

Renault-4

Frederik Vassyör: “Biz bilirik ki, qarşıdakı 3 ildə hansı vəzifələrin öhdəsindən gəlməliyik. Onlardan birincisi yığcam komanda qurmaqdır, yəni onun bütün şöbələrinin qarşılıqlı effektiv işləməsinə əmin olmalıyıq. Amma mən özümü bütünlüklə bu prosesə həsr eləmək istəmirəm – biz idman naliyyətlərinə can atmalıyıq və bu nailiyyətlərə bacardıqca tez bir zamanda yiyələnməliyik.

Biz hələ çox iş görməliyik. Mən aşağı seriyalarda çox işləmişəm və bu təcrübəmdən Formula1-də istifadə edəcəm. Formula1 mənim üçün yeni çağırışdır, amma yarışlarda seriyadan asılı olmayaraq qələbə qazanmaq üçün yalnız bir məqsəd var və bir yanaşma var”.

Bob Bell: “Əsas məqsəd ardıcıl strateji plan qurmaqla əlimizdə olan bütün resurslardan optimal istifadə etməkdir. Mən Nik Çester və Remi Taffenlə sıx əməkdaşlıqda çalışacam və vaxtımı hər iki bazada bərabər böləcəm.

Renault-nun bütün əməkdaşları üçün zavod komandasının çempionata qayıtması əlamətdar hadisədir. Bizi böyük bir avtoistehsalçı dəstəkləyir. Biz uğur qazanmağa köklənmişik”.

Bir neçə gün əvvəl Pastor Maldonadonun komanda ilə müqaviləsi maliyyə problemləri üzündən ləğv olunub, ona görə də çempionatın debütantı Colion Palmerin komanda yoldaşı Kevin Maqnussen olacaq – danimarkalı sürücü 2014-cü ildə McLaren-in şərəfini qorumuşdu.

Ehtiyat sürücü müqaviləsi GP3 seriyasının son çempionu Esteban Okonla, developer sürücü müqaviləsi isə Karmen Xorda ilə imzalanıb…

Renault-8

Sürücülər komanda rəhbərlərinin çıxışlarından sonra yeni maşının üzərindən pərdəni çəkiblər – R.S.16 komandanın ənənəvi qara-sarı çalarlarına boyanıb, amma bu dəfə qara rəng dominantlıq edir. Komanda təsdiq edib ki, mövsümün gedişində rəng dəyişə bilər.

Faktiki olaraq göstərilən maşın Lotus F1 Team komandasının keçənilki maşını idi, sadəcə arxa hissəsi yeni Renault güc qurğusuna uyğun adaptasiya olunub, komanda yeni maşınını Barselonaya ilk mövsümöncəsi testlərə gətirəcəyinə söz verib.

Kevin Maqnussen: “Mən Formula1-də sadə müqavilə almamışam, bu müqavilə əla komanda ilə bağlanıb. Əminəm ki, gələcəkdə komanda titul uğrunda mübarizə aparacaq. Əlbəttə, əvvəlcə bizi hazırlıq mərhələsi gözləyir, amma Renault çempionata yalnız qələbəyə görə qayıdıb və bu, mənim məqsədlərimlə üst-üstə düşür”.

Colion Palmer: “Çox maraqlı layihədir, mən şadam ki, bu layihədə lap əvvəldən iştirak edəcəm. Keçən il mən komandada çox şey öyrəndim, yaxşı baza aldım. Zavod komandasında sürücü olmaq mənim ən böyük arzum idi!”

RENAULT SPORT R.S.16-nın TEXNİKİ XARAKTERİSTİKASI:

Komandanın mətbuat xidməti yeni maşının texniki xarakteristikasını da dərc edib…

Şassi: Karbon liflərindən və kompozit materiallardan hazırlanmış monokok, Renault Sport Formula One Team tərəfindən hazırlanıb və minimal çəkidə maksimal yüklənməyə hesablanıb. Renault motoru əsas güc qurğusudur.

Ön asılqan: Yuxarı və aşağı linklər karbondandır, balansirlər itələyici sistemlə qarşılıqlı əlaqələndirilib. Monokokun ön hissəsindəki torsion yayı və amortizatorlarla birləşib. Alüminium dayaqları və maqnezium ərintisindən olan diskləri OZ şirkəti istehsal edib.

Arxa asılqan: Yuxarı və aşağı linklər karbondandır, itələyici sistem ötürmələr qutusunun korpusunun üstndə olan torsion yayı və amortizatorlarla qarşılıqlı əlaqələndirilib. Alüminium dayaqları və maqnezium ərintisindən olan diskləri OZ şirkəti istehsal edib.

Transmissiya: Səkkizpilləli yarımavtomat ötürmələr qutusu bir arxa ötürməsi olmaqla titan korpusdadır. Ötürmələr pilləsiz keçirilir və zamana qənaət edilir.

Yanacaq sistemi: Armatur əlavə olunaraq bərkdilmiş ATL istehsalı olan kevlar yanacaq çəni.

Elektronika: MES-Microsoft şirkətinin istehsalı olan standart elektron idarəetmə bloku.

Əyləc sistemi: Karbon disk və qəliblər. AP Racing-in istehsalı olan dayaq diski və baş silindrlər.

Kokpit: Karbon liflərindən olan və asanlıqla çıxarıla bilən anatomik formalı sürücü oturacağı, altınöqtəli sürücü təhlükəsizlik kəmərləri. Sükan çarxı, ötürmələri keçirən yarpaqlar, ilişmə muftasının yarpaqları, arxa qanadın hücum bucağını tənzimləyən link.

Motor: Yanacağın bir başa püskürülməsi, 1.6 litrlik turbo V6. Minimal çəkisi 145 kq. Gücü 875 at qüvvəsi. Dirsəkli valın bir dəqiqədə dövriyyəsi – 15 min. Silindrlərin aralıq bucağı 90 dərəcə. Silindrin diametri – 80 mm, porşenin gedişi – 53 mm. Dirsəkli lnkin hündürlüyü 90 mm.

Birpilləli turbin, təzyiqə məhdudiyyət yoxdur (adətən maksimum 4 bar olur).

Bir yarışa maksimum 100 kq yanacaq işlətməyə icazə verilir, yanacaq sərfiyyatı isə saatda 100 kq keçə bilməz.

Qazburaxma sistemi: Maşının mərkəzi oxu üzrə yerləşmiş turbin və keçid klapanı üçün ayrılmış borular.

ERS: MGU-K motor-generatorun 1 dəqiqədə maksimum dövriyyəsi: 50 000.

MGU-K motor-generatorun maksimal gücü: 120 kVt.

MGU-K motor-generatorun topladığı maksimak enerji miqdarı: dövrədə 2 MC.

MGU-K motor-generatorun ayırdığı enerji miqdarı: dövrədə 4 MC.

MGU-H motor-generatorun 1 dəqiqədə maksimum dövriyyəsi: 100000-dən çox.

Ön təkər izi: 1450 mm. Arxa təkər izi: 1400 mm. Hündürlüyü: 950 mm. Eni: 1800 mm.

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*