2009-cu ildə Renault komandası təmtəraqlı təqdimetmə mərasimindən imtina edib – bu gün səhər yeni Renault R29 maşını Portimaoda Alqarve avtodromunda jurnalistlərə təqdim olunub.
Proqram fotosessiya ilə başlayıb, yerli vaxtla 8:30-da Fernando Alonso və Nelsinyo Pike toplaşanların alqış sədaları altında qoruyucu pərdəni açıblar – yeni R29 ictimaiyyət qarşısında yeni rəng qammasında görünüb, buna səbəb Total neft şirkətinin qırmızı rəngidir.
Total-ın başçısı Kristof de Marjeri: “Biz İNG Renault F1 Team komandası ilə əməkdaşlığımızı davam etdirdiyimizə görə fəxr edirik. Renault ilə birlikdə Total şirkətlər qrupu gözəl işlər görür və bizim brendi bütün dünyada tanıtdırır.
Total daha bir üstünlük qazanır – belə bir komanda ilə yarışlarda qələbədən əlavə: traslarda qazandığımız təcrübədən biz yeni, daha effektiv məhsulların istehsalında istifadə edirik.”
Reqlamentdəki ciddi dəyişikliklər üzündən R29 yeni konstruktor işinin nəticəsidir, komanda yeni qaydalardan maksimum effektiv yararlanmağa çalışıb və mövsüm öncəsi nikbindir.
Flavio Briatore: “Biz R29 layihəsi üzərində işimizi çoxdan başlamışdıq. Bu il biz bir çox problemləri həll etməliyik, amma əvvəlki kimi ilk cərgələrdə mübarizə aparmağı planlaşdırırıq. Komanda mövsümün startına hazırlaşır, ümid edirəm ki, Avstraliyada biz podium uğrunda mübarizə aparacayıq.”
İNG Renault F1 Team-in prezidenti Bernar Rey təsdiq edib ki, yeni mövsüm öncəsi Renault şirkəti avtoidmana sadiq qalacaq: “Komanda göstərdi ki, Renault Group ən yüksək səviyyələrdə belə uğurlu nəticələr qazana bilər. Qarşıdakı mövsümdə komandanı bütün şirkət dəstəkləyəcək.”
Yarım saatdan sonra yeni maşın trasa çıxıb, sükan arxasına Nelsinyo Pike əyləşib…
Nelsinyo Pike: “Havaya baxmayaraq, mən R29-dan razı qaldım. Bu gün sistemlərin işini yoxlamaq vacib idi. Ümid edirəm ki, qalan günlərdə biz daha məhsuldar işləyib lazımi məlumat toplaya biləcəyik.”
Renault komandası Roman Qrojanla müqavilənin uzadılmasını da təsdiq edib, fransalı sürücü qarşıdakı mövsümdə komandanın test və ehtiyat sürücüsü olacaq.