Alman nəşri Auto Motor und Sport-un araşdırmasına görə, Red Bull, Ferrari və Audi, Renault-nun 2026-cı il mühərrik layihəsi üzərində çalışan mühəndisləri işə götürür. Xüsusilə Maranello komandası bu istiqamətdə fəal işləyir. Nəşrin məlumatına görə, Renault-nun onlarla mühəndisi artıq Ferrari ilə müsahibə keçib.
Red Bull və Audi də fransız mühəndislərinə böyük maraq göstərir. Hər iki komanda 2026-cı ildə öz hazırladıqları mühərrik qurğuları ilə çıxış etməli olacaq. Hər iki komanda üçün bu, ilk dəfə mühərrik yaratmaq təcrübəsidir, buna görə də Viry əməkdaşlarının təcrübəsi və bilikləri əlavə dəyər qatacaq.
Qeyd edək ki, Renault 1977-ci ildən etibarən Formula 1-də mühərrik təchizatçısı kimi fəaliyyət göstərir və bu müddət ərzində komandalar 12 Konstruktorlar Kuboku və 11 Sürücülər Çempionluğu qazanıblar. Renault mühərrikləri ilə ən çox qələbə qazanan sürücü 64 qələbə ilə Sebastyan Fetteldir.