F-1.az xatırladır ki, Renault komandası sərbəst yürüşlərdə ən sürətli 4-cü komanda təsiri bağışlasa da, komandanın sürücüləri sıralanma turunda 13-cü və 17-ci yerləri tutublar.
Niko Hülkenberq: “Sıralanma turu həmişə çətin olur. Amma düşündüyümüz qədər stresli olmadı və müəyyən nöqtəyə qədər hər şey gözlədiyimiz kimi gedirdi. Bir az yavaş idik. Bolidi çox dəyişdirmədik. Buna görə də zəifliyimizin səbəbi, məncə, tras şəraiti idi. Hava daha isti və küləkli idi. Hazırda külək bizim üçün arzuolunmaz haldır”.
17-ci yeri tutmuş Colion Palmer də öz fikirlərini bildirib: “Külək və isti ilə birlikdə hava şəraiti çox dəyişdi. Bu hamı üçün eyni ola bilər, amma bizim bolidimiz dəyişən hava şəraitinə qarşı çox həssasdır. Qəribədir, çünki ikinci sərbəst yürüşlərdə sıralanma turundan sürətli ola bilmərsiniz. Yarışa çox pis yerdən başlayırıq”.