Yerli vaxtla saat 16:30-da Sauber komandasının təqdimat mərasimi qurtardıqdan sonra Valensiyada Renault F1 Team komandası yeni R30 maşınını nümayiş etdirib – komanda bu maşına böyük ümidlər bəsləyir və güman edir ki, bu maşın mütəmadi olaraq podium qazanmağa imkan verəcək.
Əvvəlki mərasimdə olduğu kimi hər şey Rikardo Tormo adına avtodromun pit-leynində fotosessiya ilə başlayıb. Komanda ikinci sürücüsünü elan edib – keçən il GP2 seriyasının vitse çempionu rusiyalı Vitaliy Petrov bu mövsüm Robert Kubitsaya yoldaşlıq edəcək. Yeni maşın 80-ci illərdə Renault üçün ənənəvi olan sarı-qara rənglərə boyanıb. Komanda rəhbərliyi əsas və ehtiyat sürücülərlə yeni maşının fonunda şəkil çəkdirdikdən sonra jurnalistlərin suallarına cavab verməyə yollanıb…
Erik Buye: “Maşın əla görünür, sarı-qara rənglər hamıya Renault-nun şərəfli idman keçmişindən xəbər verir. Yadıma gəlir ki, uşaq olanda Arnu və Prostun çıxışlarını necə izləyirdim… Bu rənglər Renault-nun Formula1-ə sadiqliyini sübut edir.
Biz liderlər cərgəsinə qayıtmaq istəyirik və bunun üçün bu mövsüm mütəmadi olaraq podium qazanmağa çalışacayıq. Bunu elə birinci yarışda etmək daha yaxşı olardı, çünki biz simulyatorlarda qənaətbəxş nəticələr almışıq.
Ənstounda bazada zəruri resurslar var və biz mövsümün gedişində maşını ciddi təkmilləşdirəcəyik, ona görə də yarışdan yarışa güclənməyi qarşımıza məqsəd qoymuşuq. Bizim məqsədimiz ilk üçlüyə daxil olmaqdır.”
Keçən ilin sonunda Bob Bell komandaya başçılıq etməli olmuşdu və müvəqqəti olaraq texniki direktor vəzifəsini tərk etmişdi. Amma bu mövsümü o yenidən əvvəlki vəzifəsində keçirəcək…
Bob Bell: “İndi biz keçən mövsümün startında olduğundan çox güclüyük, keçən il mövsüm başlayan kimi biz hər şeyi yenidən ağ vərəqdən başlamalı olduq. Belə bir vəziyyətdə qarşımıza məqsəd qoymaq daha asandır – biz inanırıq ki, bu il ənənəvi liderlərlə bir sırada mübarizəyə qoşula biləcəyik.
Biz bilirik ki, mövsümün gedişində maşının təkmilləşdirilməsi uğur qazanmağın həlledici amilidir. Bizim bazada bunun üçün hər cür şərait vardır, bu il biz aerodinamik borunu da yenidən qurmuşuq. Ümid edirik ki, bu mövsümü yüksək səviyyədə keçirəcəyik və gələn il titul uğrunda mübarizə aparacayıq.”
Robert Kubitsa və komandanın yeni sürücüsü Vitaliy Petrov yeni maşının xarici görkəmindən razı qalıblar…
Robert kubitsa: “Əvvəlki illərin təcrübəsini nəzərə alsaq starta qədər qüvvələr nisbəti barədə fikir yürütmək çox çətindir – vəziyyət çox sürətlə dəyişir. İki il əvvəl mən BMW Sauber-də çıxış edərkən, mövsümün əvvəlində maşın biz istəyən kimi alınmamışdı, amma bir neçə ay ərzində biz bütün problemləri aradan qaldıra bildik və Bəhreyndə mən poul qazanmışdım.
Hər şey dərhal dəyişə bilər, ona görə də məqsədlər barədə danışmaq hələ tezdir. Mən ümid edirəm ki, R30-u idarə etmək asan olacaq. Mənim komanda ilə münasibətlərim əladır. Komandada atmosfer də dostcasınadır, onlar bilirlər ki, qələbə üçün nə lazımdır və mən özümü rahat hiss edirəm!”
Vitaliy Petrov: “Mənim üçün bu qış olduqca uzun alındı, gördükcə ki, vakansiyalar bir-bir dolur mən həyəcanlanırdım, amma həmişə inanırdım ki, nə vaxtsa mənim də növbəm çatacaq. Renault F1 Team komandasının sayəsində mənim arzum reallıq oldu.
Mən burada olmağımla fəxr edirəm və öz işimi ən yüksək səviyyədə görməyə çalışacam. Testlər sabah başlayacaq, onda biz başa düşəcəyik ki, R30 digər maşınlarla müqayisədə nə qədər sürətlidir. Çempionatda isə Robertə yaxın olmağa çalışacam və ümid edirəm ki, hər yarışda komandaya xal qazandıracam.”