Renault Bəhreyndən etibarən çoxlu yeniliklər gətirəcək

Renault komandası Bəhreyn QP-dən etibarən gərgin rejimdə inkişaf proqramına start verməyə və stabil olaraq xal mübarizəsi aparmağa ümid edir.

F-1.az xatırladır ki, fransızlar mövsümün ilk yarışı Avstraliyada Colion Palmerlə problem yaşayaraq mübarizəni vaxtından əvvəl dayandırmış, Niko Hülkenberq isə 11-ci yeri tutaraq xalsız qalmışdı.

Amma Renault Sport-un rəhbəri Siril Abitebul növbəti yarışlar üçün nikbin danışıb: “Hələ də inkişaf edən komandayıq və daha çox yeniliklər gələcək. Əsas rəqiblərimiz Toro Rosso və Force İndia Melburnda bizdən öndə idilər. Amma əminəm ki, növbəti yarışlar üçün onlar da yatmayaraq yeniliklər gətirəcəklər. Buna görə də kimin daha çox yenilik gətirəcəyi maraqlı olacaq. Sözün açığı, potensialımızın olduğunu düşünürəm. Hazırlayacağımız detallar arasında nələrin olduğunu bilirik. Yeni detallar hazırda boliddə olsaydı, rahatlıqla xallar qazanardıq. Üçüncü yarışdan etibarən yeni detallar gələcək. Hər yeni detal dövrəvi nəticələri daha da yaxşılaşdıracaq. Amma biz bu mövzuda tək deyilik. Mübarizədən bol mövsüm olacaq və bütün mövsüm çətin olacaq. Hər şey mükəmməl olmalıdır ki, biz də inkişaf edək. Bizim üçün, Ferrari və Mercedes, eyni zamanda Red Bull üçün də bu hal keçərlidir”.

Palmer Avstraliya QP-nin cümə günü sərbəst yürüşlərində qəza etmiş və komanda onun bolidini təmir edərkən çox vaxt itirmişdi.

Siril Abitebul: “Düzünü desəm, onu günahkar saymıram. Amma hər şey Colionun tras xaricinə çıxması ilə başladı. O an bir bolidimizi itirdik, təkərləri, dolu və boş çənlə performansımızı öyrənmək şansımız 50 faizə düşdü. Təkərlər yeni olduğu üçün bu cür şeylər çox vacibdir. Qış testlərində də rəqiblərimizə nisbətən az dövrə vurduq. İndi bunun cəzasını çəkirik.

Bu yeni Formula1-dir və burada hər şey doğru olmalıdır. Daha sürətli olsanız da, köməyi olmayacaq. Sözün açığı, cümə günü bizim üçün pis keçdi və yarışa təsir etdi. Melburnda xal qazanacaq potensialımız varkən, xalsız qaldıq. Orta qrupda sıx mübarizə var və biz də buradayıq. Orta qrupun harasında olduğumuzu bilmirəm, amma xal qazanmaq üçün hər şeyi mükəmməl etməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*