Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 36 gün qalır – 36 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 32-ci yazımızda Formula1 tarixində turbo motorla ilk Mühəndislər Kubokunu qazanan 126 C2 modelindən danışacağıq…
Keçən ildən tətbiq olunmağa başlayan yeni turbo V6 motoru dərhal Ferrari-yə inkişaf etməyə şərait yaratdı, amma sürətli motorla yeni problemlər üzə çxıdı. Əlbəttə, əsas problem şassinin hələ də yarım-monokok kuzov üzərində yığılması idi – britaniyalılar bu şassidən 15 il əvvəl imtina etmişdilər. Əgər 10 il əvvəl 12 silindrli motorun gücü, ötürmələr qutusunun sürəti və asılqanın rahatlığı sayəsində rəqabətədavamlı çıxış etmək alınırdısa, 80-ci illərin əvvəlində titula namizəd olmaq üçün mütləq monokok kuzov üzərində və kompozit materiallardan şassi qurmaq lazım idi.
Bunu başa düşən Entso Ferrari yenidən britaniyalı mütəxəssislərin təcrübəsindən yararlanmaq qərarına gəldi. Kommendatore Ferrari-ni yenidən zirvəyə qaytaracaq konstruktoru şəxsən seçmişdi – Harvi Postltueyt. Harvi həmin vaxt Fittipaldi komandasında çalışırdı, amma 1977-ci ildə məşhurluq qazanmışdı. Həmin mövsümdə britaniyalı mühəndisin Wolf Racing komandası üçün hazırladığı yeganə maşında Codi Şekter yalnız Ferrari-dən Niki Laudaya uduzaraq vitse-çempion olmuşdu.
Postltueyt Skuderiyaya 1981-ci ildə gəldi və dərhal da növbəti mövsümün maşını üzərində işə balşadı: Ferrari 126 С2. Əvvəlki motorun gücü 580 at qüvvəsinə çatdırıldı. Şassidə karbon liflərindən hazırlanmış monokok tətbiq olunmuşdu – şassinin möhkəmliyi artmış, çəkisi isə 20 kq yüngülləşmişdi. Mühəndislər qraund-effektdən tam istifadə edə bildilər, ona görə də ön qanadın ölçülərini azaltmaq mümkün oldu. Bundan başqa, komanda yenidən Goodyear təkərlərindən istifadəyə qayıtdı.
Mövsümün gedişində maşında bəzi dəyişikliklər edildi: antiqanadların müxtəlif versiyaları və korpusun fərqli konfiqurasiyaları yoxlanıldı, motorun gücü isə sıralanma turunda 650 at qüvvəsinə, yarışda 600 at qüvvəsinə çatdırıldı. Mövsümün ortasında ön asılqan yeniləndi, köndələn ötürmələr qutusu isə yığcam adi ötürmələr qutusu ilə əvəz olundu.
FERRARİ 126 C2
1982-ci ildə hadisələr elə cərəyan edirdi ki, hamı Ferrari-dən 1979-cu il baş verənlərin təkrarını gözləyirdi – o zaman italyanlar hər iki çempionatda qalib gəlmişdilər. Amma bəzi bədbəxt hadisələr komandanın iddialarının üstündən xətt çəkdi. Belçika Qran Prisində Jil Vilnöv həlak oldu, Almaniya Qran Prisində keçirdiyi ağır qəzadan sonra Didye Pironi avtoidmandan getməli oldu. Skuderiya isə yalnız Mühəndislər Kubokundakı qələbə ilə kifayətlənməli oldu və bu qələbə 126 C2-nin potensialının bir hissəsi idi.
Hərçənd, bu qələbənin başqa bir dəyəri var idi – Ferrari komandası Formula1 tarixində turbo motorla qələbə qazanmış ilk komanda oldu. Şassi və aerodinamika mövsümün ikinci yarısında təkmilləşdirildi, yeni maşının bütün problemləri həll edildi və maşın çox etibarlı oldu.
San Marino Qran Prisində qırmızılar yarışa inamla liderlik edirdilər – komanda daxilində razılıq var idi ki, komandanın arxada olan sürücüsü öndə olan sürücüyə hücum etməyəcək. Amma Didye Pironi bu razılığı pozaraq son dövrələrdə hücum gözləməyən Jil Vilnövü keçdi və qələbəni ondan oğurladı. Podiumda onların dostluğuna son qoyuldu. Növbəti Belçika Qran Prisində artıq düşmənə çevrilmiş dostların rəqabəti sıralanma turunda Jilin ağır qəzası və ölümü ilə nəticələndi. Pironi də yarışın startına çıxmaqdan imtina etdi.
Sonrakı 3 yarışda Didye komandanı təkbaşına təmsil etdi, daha sonra komandaya Jilin yerinə Patrik Tambe gəldi. Kanada Qran Prisinin startında motoru sönmüş Pironi ilə toqquşan Rikkardo Paletti yerindəcə həlak oldu. Bütün bu hadisələrə baxmayaraq, Pironi çempionatda inamla liderlik edirdi. Amma Almaniya Qran Prisinin sıralanma turunda poul qazandıqdan sonra yaşadığı qəzada ayaqlarından ciddi zədə alan sürücü karyerasını başa vurmalı oldu.
Sonrakı iki yarışı Tambe tək yarışdı, İsveçrədə heç o da start ala bilmədi – sürücünün belindən ağrısı tutmuşdu. İtaliyada sükan arxasına qayıdan Tambeyə okeanın o biri tayından gəlmiş Mario Andretti yoldaşlıq etdi. Hər iki sürücü podiuma qalxdı. Amma növbəti Las Veqas yarışında Tambenin bel ağrısı yenidən tutdu və Andretti yarışı tək keçirdi.
Bütün bu hadisələr sayəsində Williams-ın finlandiyalı sürücüsü Keke Rosberq çempion oldu – məhz İsveçrədə qazandığı yeganə qələbə ona kifayət etdi. Ferrari isə tarixində 7-ci Mühəndislər Kubokuna qazandı – komanda iki yarışda start almamışdı, 6 yarışda isə bir maşınla çıxış etmişdi, ona görə də bu böyük nəticə idi…
FERRARİ 126 C2-NİN ÇEMPİONATDA STATİSTİKASI
Mövsüm | Qran Pri | Start | Poul | Qələbə | Podium | Ən yaxşı nəticə |
1982-ci il | 16 | 22 | 3 | 3 | 11 | 1 |