Ferrari-nin təkamülü (1950-2016-cı illər): 28-ci yazı – Ferrari 312 T3

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 40 gün qalır – 40 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 28-ci yazımızda Skuderiyanın radial təkərlərə uyğunlaşdırılan 312 T3 modelindən danışacağıq…

Son dörd ildə Ferrari maşınları dünya çempionatının ən yaxşı maşınları idilər, amma 1978-ci ildə Skuderiya fəlsəfəsini dəyişməli idi. Komanda radial Michelin təkərlərinə keçməyi qərara almışdı – bu təkərlərdə daha proqressiv texnologiyalar təcəssüm olunmuşdu, amma yeni təkərlərə keçid maşının konstruksiyasında ciddi dəyişikliklər tələb edirdi. Goodyear təkərlərindən imtinanın əsas səbəbi Amerika şirkətinin Lotus-la sıx əməkdaşlığı idi, onlar öz təkərlərinin xarakteristikasını Britaniya komandasının tələblərinə uyğun hazırlayırdılar – Lotus çempionatda ən yüksək asfaltayatma qüvvəsinə sahib idi.

Xarici dəyişikliklər isə, ilk növbədə, 312 Т3-ün ön hissəsində idi – burun uzanmış, antiqanadın ölçüsü isə böyümüşdü. Maşının korpusu enləndirilmiş və aşağı salınmışdı, arxa antiqanad isə yuxarı qaldırılmışdı. Mühəndislər yeni soyutma sistemi tətbiq edərək motora yanacaq verilməsi sistemini dəyişmişdilər – sürücünün arxasında yerləşdirilmiş yanacaq çənindən motora yancaq aparan kanallar yan pantonlarda gizlədilmişdi. Yeni radial təkərlərə adaptasiya çərçivəsində asılqanlar sıfırdan hazırlanmışdı. Ferrari-nin motorçuları turbomotora keçmək barədə də düşünmüşdülər, amma hələlik bu qərardan imtina etməli olmuşdular.

Daha bir əhəmiyyətli dəyişiklik isə ikiqat dünya çempionu Niki Laudanın komandanı tərk etməsi idi. Avstriyalı sürücü səbəb kimi baş konstruktor Mauro Forqyeri ilə çətin münasibətləri göstərmişdi – Lauda 1977-ci ilin sonunu gözləmədən komandadan getmişdi. Düzdür, titulu vaxtından əvvəl özünə təmin etmişdi. Kommendatore Nikinin yerinə gənc və istedadlı kanadalı sürücü Jil Vilnövü komandaya götürdü – Jil 1982-ci ildə faciəvi qəzaya qədər komandanın şərəfini qoruyacaq.

FERRARİ 312 T3

Ferrari, Scuderia Ferrari, Ferrari 312 T3, 1978-1979

1978-ci ildə Ferrari-də böyük dəyişikliklər baş verdi. İkiqat dünya çempionu Niki Lauda ikinci titulunu qazandıqdan sonra Berni Ekklstounun Brabham komandasına keçdi, Maranelloya isə kanadalı sürücü Jil Vilnöv gəldi. Komanda radial Michelin təkərlərinə keçdi. 312 T3-ün aerodinamikası fransız təkərlərin parametrlərinə uyğunlaşdırıldı. Gücü 500 at qüvvəsinə çatdırılan 12 silindrli mühərriyin soyutma və qidalandırma sistemləri yeniləndi. Buna görə də maşının kuzovu enləndirildi və aşağı salındı, arxa təkərlərin qarşısında isə massiv panellər peyda oldu.

Kyalamidə baş tutan Cənubi Afrika Qran Prisində uğursuz debütdən sonra növbəti Lonq Biç yarışında Karlos Röyteman qələbə qazandı. Titul uğrunda mübarizəyə gəlincə, Skuderiya qraund-effektli Lotus 79-la bacara bilmirdi, çempionatda isə Mario Andretti və Ronni Peterson dominantlıq edirdilər.

Ferrari 312 T3 modul prinsipi üzrə hazırlanmış maşın olduğu üçün bəzi traslarda uğur qazanmaq mümkün oldu və mövsümün yekunları komanda üçün elə də pis olmadı. Karlos Röyteman Lonq Biçdə, Brənds Hətçdə və Uotkins Qlendə birinci oldu, Jil Vilnöv isə vətənində ilk qələbəsini qazandı. Yeni maşın hələ hazır olmadığı üçün komanda 1979-cu il mövsümünə də bu maşınla başlamışdı – ilk iki yarışda maşın rəqiblərinə çox uduzurdu…

FERRARİ 312 T3-ÜN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 312 T3, 1978-1979

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1978-ci il 14 28 2 4 8 1
1979-cu il  2 4 0 0 0 5
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*