Ferrari-nin təkamülü (1950-2016-cı illər): 16-cı yazı – Ferrari 312 F1

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 52 gün qalır – 52 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 16-cı yazımızın qəhrəmanı Ferrari-nin yeni reqlament çərçivəsində hazırladığı 312 F1 modelidir…

1966-cı ildə çempionatda yeni reqlament qüvvəyə mindi, atmosfer motorların maksimal işçi həcmi 1500 kub sm-dən 3000 kub sm-dək artdı. Ona görə digər konstruktorlar kimi Ferrari-nin mühəndisləri də yeni model hazırladılar – 312 F1, bu modelin üzərində modernizə işləri düz 15 il uzanacaq. Yeni Ferrari 312 F1-in (həmişəki kimi motor maşının adında təcəssüm olunmuşdu: 3 litr və 12 silindr) debütü 1966-cı ilin ilk yarışı Monako Qran Prisində baş tutdu.

Yeni mühərrik Ferrari 275P2 sportkarının 3.3 litrlik motoru əsasında hazırlanmışdı – əlbəttə, işçi həcm reqlamentin icazə verdiyi maksimum həddə qədər azaldılmışdı. Konstruksiya baxımından yeni şassi keçənilkinə yaxın idi, amma Forqyeri aerodinamika ilə daha çox maraqlandığı üçün maşın daha yerə yatımlı və axarlı formalar almışdı. Çempionatın gedişində məhz bu modeldə ilk dəfə asfaltayatma qüvvəsini artırmaq üçün spoylerlər peyda olacaq. Motor çox güclü alındığı kimi (360 at qüvvəsi) ağırlığı da peletonda birinci idi – maşının ümumi çəkisi 600 kq-a çatdığı üçün daha yüngül rəqiblərlə mübarizə aparmaq çətin idi. Amma buna baxmayaraq, Ferrari-nin titul uğrunda mübarizə aparmaq şansı var idi – lakin mövsümün gedişində komanda bir qalmaqaldan digər qalmaqala düşürdü…

Mövsümün ilk iki yarışından sonra Lorentso Bandini çempionata başçılıq edirdi, komandanın lideri Con Sörtiz isə 2-ci yerdə qərarlaşmışdı. Sörtiz Skuderiyanın heyətində 24 saatlıq Le Man marafonuna qatılmalı idi. Həmin mövsümdə maliyyə çətinlikləri ilə üzləşən Skuderiya əfsanəvi yarışın startına iki maşın çıxarmışdı, qaydalara görə hər bir maşını iki sürücü idarə edə bilərdi. Sörtiz iştirakçıların siyahısında öz adını tapmadığı üçün komandanın meneceri Eucenio Draqoniyə müraciət edir, menecer isə bildirmişdi ki, “sən hələ keçənilki qəzadan sonra özünə gəlməmisən”. Bundan qəzəblənən dünya çempionu dərhal komandanı tərk edir və artıq növbəti Qran Prinin startına Cooper komandasının heyətində qatılır.

Yeri gəlmişkən, Draqoni komandadan qovulsa da, Sörtizi geri qaytarmaq mümkün olmamışdı. Digər tərəfdən, bu qalmqalda Sörtiz də itirən tərəf idi, çünki Maserati motorları quraşdırılmış Cooper maşınları etibarlı deyildilər. Amma buna baxmayaraq, Con mövsümün son yarışında inamlı qələbə qazanaraq mövsümü ikinci yerdə başa vurmuşdu – Skuderiyanın digər sürücüləri ona çox uduzmuşdular. Çempionat isə Cek Brəbhəmin asan qələbəsi ilə başa çatdı – Sörtiz Ferrari-də qalsaydı nələrin olacağını isə heç kim bilmir…

Ferrari-nin digər problemi isə təkər təchizatçısı ilə bağlı qalmaqal idi. Dunlop-la münasibətləri korlanan komandanın sürücüləri müxtəlif təchizatçıları yoxlamalı olurdular. Sonda seçim Firestone-un xeyrinə oldu.

FERRARİ 312 F1

Ferrari 312 F1

Keçən əsrin 60-cı illərinin ortalarında Formula1 avtoidmanın kralı olmasını sübut etmək qərarına gəlmişdi. Ona görə də trasa daha güclü motorlar quraşdırılmış maşınlar buraxılırdı. 1966-cı ildə 3 litrlik motorların erası başlayır, Ferrari bu münasibətlə V12 tipli motor hazırlamışdı.

Mühərriyin işçi həcminin 3000 kub sm-ə çatdırılması, əslində, Ferrari-yə kömək etməliydi, çünki Maranello həmişə güclü motor hazırlaması ilə seçilirdi. Amma hər şey istənilən kimi olmadı. Mövsüm Lorentso Bandinin iki podiumu və Con Sörtizin bir qələbəsi ilə başlasa da, artıq 3-cü yarışda “küləklər oğlu” Skuderiyanı dəyişməli oldu. Bundan sonra mövsümün yerdə qalan yarışlarında Ferrari cəmi bir qələbə qazana bildi – Skarfiotti Montsada yerli azarkeşləri sevindirə bildi.

FERRARİ 312 F1-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari 312 F1

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1966-cı il 7 12 3 2 4 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*