Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 56 gün qalır – 56 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 12-ci yazımızda Ferrari-yə ilk “arxamotorlu” titulu qazandıran 156 F1 modelindən danışacağıq…
1961-ci ildə dünya çempionatının startına eksperimental Ferrari 246 P modelinin bazası üzərində hazırlanmış və keçən mövsümü Formula2 çempionatında yoxlanılmış yeni Ferrari 156 F1 modeli çıxdı. Yeni qaydalara uyğun olaraq, maşında V6 sxemi üzrə hazırlanmış 1.5 litrlik motor yer almışdı. Maşının indeksində də bu rəqəmlər əks olunmuşdular – 1.5+6.
İlkin layihəyə görə, motorun silindrləri arasında açılış bucağı 65 dərəcə idi. Motorun gücü 200 at qüvvəsi təşkil edirdi. Amma baş mühəndis Karlo Kiti risk edərək daha bir motor hazırlamışdı, bu dəfə silindrlərin açılış bucağı 120 dərəcə alınmışdı. Motorun dinamiki xüsusiyyətləri bir qədər zəifləmişdi – 190 at qüvvəsi, amma ağırlıq mərkəzi də aşağı düşdüyü üçün maşının idarəetməsi daha yaxşı alınmışdı.
Hər iki versiyada silindrlər bloku alüminium və silisium qarışığının – siluminin ərintisindən hazırlanmışdı, hər silindrdə iki klapan var idi, Dupleks tipli zəncirlə hərəkətə gətirilən iki yuxarı qazpaylayıcı val yer almışdı. Bu sxemin zəif yeri tez-tez sıradan çıxan klapanlar idi – analoji problemlər Climax FPF motorunda da var idi. Problemin həlli mövsümün gedişində tapıldı – klapanın içində yeni klapan peyda oldu. Ənənəvi motor versiyasında (65 dərəcəli) qidalandırma sisteminə üç ikikameralı Weber 42DCN karbüratorları daxil idi. Amma 120 dərəcəli motor üçün Weber şirkəti o dövr üçün inqilabi sayılan üçkameralı 40İF3C modelini hazırlamışdı.
Mövsümün ilk yarışına – Monakoya komanda iki maşını ənənəvi motorla, bir maşını isə inqilabi motorla təchiz etmişdi. Karlo Kiti təkid edirdi ki, inqilabi motor quraşdırılmış maşını komandanın liderlərindən biri – ya Fil Hill, ya da Volfqanq fon Trips idarə etsin, amma maşın Riçi Qinterə qismət oldu. Keçənilki hadisə təxminən təkrarlandı, amma bu dəfə nəticələr ürəkaçan idi – Qinter Lotus-un sürücüsü Stirlinq Mossa cəmi 3 saniyə uduzaraq 2-ci oldu.
Yarış qurtaran kimi Kiti komandanın başçısı Entso Ferrariyə zəng edərək, Hollandiyadakı növbəti yarışda bütün maşınlara inqilabi motorun qoyulmasını xahiş etdi. Kommendatore ona imtina etdi. Komanda Maranelloya qayıtdıqdan sonra rəhbərliyin iclasında Kiti yenə də bu məsələyə qayıtdı və sonda bildirdi: “Ya biz yarışlarda mən istəyən kimi çıxış edəcəyik, ya da mən istefaya gedirəm”. Konstruktorun bu təkidindən sonra Entso – “necə istəyirsən, elə də elə” – cavabını verdi.
FERRARİ 156 F1
1960-cı ildə Entso komandanın konstruktoru Kitinin təkidi ilə prinsiplərindən əl çəkərək motoru sürücünün arxasına yerləşdirməyə razı oldu. Amma bu razılığın effektli nəticəsi yalnız 1961-ci ildə üzə çıxdı – Ferrari 156 F1 modeli Skuderiyanı zirvəyə qaldırdı. Maşında inqilabi aerodinamik yeniliklər tətbiq olunmuşdular. Yeni maşın peletonda dərhal seçilirdi – maşının burun hissəsi ortadan ikiyə bölünmüş hava kanalına görə “köpək balığının burnu” adını almışdı.
Kitinin hazırladığı 1.5 litrlik motor da peletonda ən güclü olduğu üçün mövsüm Ferrari-nin dominantlığı ilə keçdi. Amma mövsümün sonu heç kimin ağlına da gəlməzdi. Titul uğrunda mübarizə komandanın iki sürücüsü arasında gedirdi – İtaliyaya alman fon Trips amerikalı Hillin üzərində 4 xallıq üstünlüklə gəlmişdi. Amma yarışın ikinci dövrəsində pouldan start alan Volfqanq Lotus-un sürücüsü Cim Klarkla toqquşmadan sonra trasdan çıxaraq tribunaya girdi. Sürücünün özündən başqa 15 tamaşaçı da həyatını itirdi. Qələbə qazanan Hill yalnız finişdən sonra komanda yoldaşının həlak olmasından xəbər tutdu. Qələbədən sonra Hill liderliyə yüksəldi və rəqibi həyatda olmadığı üçün titulu özünə təmin etdi. Komanda isə mövsümün sonuncu yarışı ABŞ-a getməkdən imtina etdi. Əsas səbəblərdən biri isə hətta Mühəndislər Kubokunda qələbənin öncədən təmin olunması idi – beləliklə, Ferrari 1958-ci ildə təsis olunmuş ilk kubokuna sahib çıxdı.
1962-ci ildə isə komandanın dominantlığından əsər-əlamət qalmadı. Cooper və Lotus yenidən mübarizəyə qayıtdılar və bu mübarizədə Ferrari-yə yer yox idi. Əsas səbəb isə çempion maşını modernizə etməyə mühəndislərin olmaması idi – əvvəlki mövsümün sonunda Kiti başda olmaqla 8 aparıcı mühəndis komandanı tərk etmişdi. Deyilənlərə görə, belə kütləvi gedişin əsas səbəbkarı Entsodan çox onun həyat yoldaşı idi…
FERRARİ 156 F1-İN ÇEMPİONATDA STATİSTİKASI
Mövsüm | Qran Pri | Start | Poul | Qələbə | Podium | Ən yaxşı nəticə |
1961-ci il | 7 | 27 | 5 | 5 | 14 | 1 |
1962-ci il | 6 | 20 | 0 | 0 | 4 | 2 |