Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 67 gün qalır – 67 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşının təkamülü ilə tanış edəcəyik. İlk söhbətimiz isə çempionatın debüt ilində Ferrari-nin hazırladığı Ferrari 125 F1 maşını olacaq…
Keçən əsrin 40-cı illərinin sonunda Entso Ferrari avtoidmanda təcrübəli insan kimi tanınırdı – 1932-ci ilə qədər Entso özü sükan arxasında yarışmışdı, 1929-cü ildə isə Alfa Romeo şirkətinin zavod komandası olan Scuderia Ferrari komandasını yaratmışdı. Entso şirkət üçün yarış maşınları hazırlamaqla yanaşı, həm də gənc sürücülərin yetişdirilməsi ilə də məşğul olurdu.
1933-cü ildə Alfa Romeo maliyyə çətinlikləri ilə üzləşir və Entsonun komandasını dəstəkləməkdən imtina edir. Bu zaman Entsonun köməyinə Pirelli şirkəti gəlir. Məhz bu hadisədən sonra Entsonun özünə inamı artır və bir neçə Qran Pridə onun sürücüləri qələbələr qazanırlar.
1937-ci ildə Alfa Romeo yenidən komandanı öz qanadı altına alır, amma Entsoya ağır zərbə vurur – onun vəzifəsi idman direktoru səviyyəsinə endirilir. Ona görə də 2 ildən sonra Kommendatore komandanı tərk edərək müstəqil komanda qurmağı qərara alır. Amma Alfa Romeo ilə bağladığı müqavilə onun fəaliyyətini məhdudlaşdırmışdı, sonra isə İknci Dünya Müharibəsi başlayır…
Müharibənin gedişində Modena şəhərciyi bombardman edilir və Entso sakit Maranello şəhərciyinə köçməli olur. Düzdür, 1944-cü ildəki bombardman bu şəhəri də yerlə-yeksan edir. 1946-cı ildə Ensto avtoidmana qayıtmağa başlayır. Onun tərtib etdiyi planın həlledici məqamı motor seçimi olur. O zaman keçirilən Qran Prilərdə 2 seçim var idi: 1,5 litrlik turbo mühərriklər və 4,5 litrlik adi mühərriklər.
Yeni motorun hazırlanması üçün Entso Alfo Romeo-dan Coakino Kolombonu dəvət edir – məhz Kolombo əfsanəvi Alfetta 158-in güclü motorunu hazırlamışdı. Entso 12 silindrli motorları xoşlayırdı, Kolombo isə daha yığcam turbo motorları. Onların heç biri kompromisə getmir və çox maraqlı bir turbo motor ərsəyə gəlir: 1,5 litr işçi həcmi olan turbo motor V şəkilli 12 silindrə bölünmüşdü, hər bir silindrin həcmi 125 sm3 idi. Ona görə də Maranelloda hazırlanan ilk maşına 125 indeksi verilir.
FERRARİ 125 F1
1947-ci ildə Entsonun şirkəti ilk yol avtomobilini istehsal edir – ikiyerli Ferrari 125 S sportkarı Entsonu yarışlara qatılmağa ruhlandırır. Bir il sonra müəyyən dəyişikliklərdən sonra biryerli Ferrari 125 F1 İtaliya Qran Prisinin startına çıxır – o zaman yarış Turində şəhər trasında keçirilirdi. Ferrari yarışda 3 maşınla təmsil olunmuşdu: Nino Farina, şahzadə Bira və Raymon Sommer. Məhz Raymon komandada ən yaxşı nəticəyə nail olur və finiş xəttini 3-cü keçir. Güc baxımından Ferrari 125 F1 daha güclü olan Alfa Romeo 158 və Maserati 4CTL maşınlarına düzlüklərdə uduzsa da, döngələrdə daha yaxşı təsir bağışlayırdı.
Sonrakı iki il ərzində 125 F1 çoxsaylı dəyişikliklərə məruz qalır: əvvəlcə turbo kompressorla əvəz olunur, daha sonra ikipilləli kompressor tətbiq olunur və motorun gücü 280 at qüvvəsinə çatdırılır.
1950-ci ildə Formula1 çempionatı başlayanda Skuderiya Silverstoundakı ilk yarışı buraxır, amma mövsümün ikinci yarışı olan Monakoya qatılır. Monte Karlonun küçələrində Alberto Askari 2-ci yeri tutmaqla Entsonun komandasına ilk podium sevincini bəxş edir. Fransada isə Piter Uaytheddən daha bir podium gəlir (3-cü yer).
Ferrari 125 F1 Entsonu qane etmədiyi üçün mövsümün gedişində komanda ikinci maşınını hazırlamalı olur. Amma şəxsi komandalar və sürücülər 1952-ci ilə qədər bu maşınla bəzi yarışlara qatılırdılar və ən yaxşı nəticəni 1952-ci ildə Uaythed Britaniyada 10-cu yeri tutmaqla göstərir.
FERRARİ 125 F1-İN ÇEMPİONATDA STATİSTİKASI
Mövsüm | Qran Pri | Start | Poul | Qələbə | Podium | Ən yaxşı nəticə |
1950-ci il | 5 | 9 | 0 | 0 | 2 | 2 |
1951-ci il | 3 | 3 | 0 | 0 | 0 | – |
1952-ci il | 2 | 2 | 0 | 0 | 0 | 10 |