Dünya çempionları: Naycel Mənsell

Formula1-in 68-ci mövsümünün başlamasına 17 gün qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat verməyə davam edirik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Britaniyalıların sevimlisi - Naycel Ernest Ceyms Mənsell!

Naycel Mənsell 1953-cü il avqustun 8-də Vusterşir qraflığında anadan olub. Atası mühəndis olan Naycel sürücülük karyerasına kifayət qədər gec başlayır. Kartinqdəki uğurlarından sonra 1976-cı ildə atasının etirazlarına baxmayaraq, Formula Ford seriyasına keçir. British Formula Ford seriyasında çıxdığı 42 yarışdan 33-də qalib gəlir. Bir qəzada boynundan zədələnir. Zədədən sonrakı aylarda aerokosmik mühəndis kimi işləyir. Bir il sonra özünü Silverstounda Formula3 yarışında yoxlayır və dördüncü olur. Mənsell hiss edir ki, daha yuxarı seriyalarda yarışmağa hazırdır.

1978-ci ildən 1980-ci ilə qədər Formula3-də yarışan Naycell ilk yarışında zəif maşınla poul qazanır və finişdə ikinci yeri tutur. Bu seriyada da qəzaların birində fəqərələri sınır. Onun çıxışları Kolin Çəpmənin diqqətindən yayınmır və Lotus-un sahibi Nayceli Formula1-ə gətirir.

 

FORMULA1 KARYERASI

Naycel Mənsell

 

Statistika
Yarışdığı illər 1980-1992, 1994-1995
Yarışdığı komandalar Lotus, Williams, Ferrari, McLaren
İştirak (Start) 191 (187)
Çempionluq 1 (1992)
Qələbə 31
Podium 59
Xal 480 (482) *
Poul 32
Sürətli dövrə 30
İlk yarışı Avstriya Qran Prisi, 1980-ci il
İlk qələbəsi Avropa Qran Prisi, 1985-ci il
Son qələbəsi Avstraliya Qran Prisi, 1994-cü il
Son yarışı İspaniya Qran Prisi, 1995-cü il

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

 

Formula1-də 1980-ci ildə mövsümün sonuna yaxın Lotus-la debüt edən Naycel üç yarışa çıxır, amma heç birində finişə çata bilmir. Bu şansı komandanın test sürücüsü kimi özünü yaxşı tərəfdən göstərərək əldə edir. Mənsellin sponsor cəlb edmək üçün kifayət qədər tanınmamasına baxmayaraq, Çəpmən növbəti mövsümdə onun komandada yarışacağını bildirir. 1981-ci ildə komandanın çıxmadığı San Marino yarışından başqa, bütün yarışlarda çıxış edən Mənsell Belçikada ilk dəfə podiuma yüksəlir. Bu, həm də mövsüm ərzində əldə etdiyi ən yaxşı nəticə olur.

Naycel 1982-ci ildə əlavə pul qazanmaq üçün 24 saatlıq Le Man marafonunda çıxış etmək istəyir. İştirak üçün ona 10 min funt sterlinq ödənilməli idi. Çəpmən bunu eşidir və həmin yarışın onun Formula1-dəki çıxışına mənfi təsir edə biləcəyini düşünür. Yarışa çıxmaması üçün həmin məbləği ona ödəyir və Naycellə onu 1984-cü ilə qədər komandada saxlayan və milyonçu edən müqaviləni imzalayır. Çəpmən həmin il ölür və bu, Mənsellə çox pis təsir edir. O, sankı ailə üzvlərindən birini itirdiyini deyir. Həmin mövsümdə də sadəcə bir dəfə podiuma yüksələ bilir. Bu, komanda daxilindəki vəziyyəti də dəyişir. Çəpmən ona digər sürücü Elio de Ancelislə bərabər status vermişdisə də, onun ölümündən sonra Ancelis əsas sürücü kimi elan olunur.

Naycel Mənsell Lotus 91 ilə. 1982-ci il

 

1983-cü ildə də mövsüm əvvəlki iki ildəki kimi keçir – Naycel yenə cəmi bir yarışda podiuma yüksəlir, lakin bu dəfə Ancelisi yekunda üstələyə bilir. 1984-cü ildə çempionatı ilk dəfə onluqda tamamlayır, lakin yekunda Eliodan xeyli geri qalır – komanda yoldaşı üçüncü olur. Komanda növbəti mövsüm Ayrton Senna ilə yarışacağını bildirir. Arrows və Williams-dan təklif alan Naycel ikincini seçir və növbəti mövsümdə 1982-ci ilin dünya çempionu Keke Rosberqin komanda yoldaşı olur. Rosberq onun komandaya gəlməsinin əleyhinə olur. Bunun əsas səbəbi kimi də bir il əvvəl Dallasdakı yarışı göstərir. Keke həmin yarışda qalib gəlsə də, Mənsellin sürüş tərzini tənqid etmişdi. Fransadakı yarışda məşqlərdə 322 km/saat sürətlə qəzaya uğrayaraq bu sahədə rekordu yeniləyir. Brənds Hətçdə keçirilən Avropa Qran Prisində ilk qələbəsini qazanır, növbəti zəfərini isə elə növbəti yarışda – Cənubi Afrika Qran Prisində pouldan başlayaraq əldə edir.

1986-cı il Mənsellin keçirdiyi ən yaxşı və ən şanssız mövsümlərdən biri olur. Yeni komanda yoldaşı Nelson Pikenin psixoloji təzyiqlərinə baxmayaraq, mövsüm ərzində beş qələbə qazanır. Avstraliyadakı son yarışa gələrkən artıq onun qalib olacağına şübhə yox idi. Lakin yarışın 63-cü dövrəsində britaniyalının təkəri partlayır. Prost yarışın qalibi olaraq ardıcıl ikinci titulunu qazanır. Onların arasında cəmi 2 xallıq fərq olur. 1987-ci ildə də titula yaxın olur. Lakin bu dəfə də karyerası boyu onu izləyən qəzalardan biri baş verir – Yaponiyada sıralanma turunda qəzada yaralanır və mövsümün son iki yarışını buraxır. Pike titulun sahibi olur və bunu “axmaq üzərində şanslı qələbə” adlandırır.

Titulun əldən getdiyi an. Avstraliya Qran Prisi, 1986-cı il

 

1988-ci ildə Pikenin komandanı tərk etməsindən sonra Williams-ın şübhəsiz, bir nömrəli sürücüsü olur. Çünki britaniyalı son iki mövsümdə ən çox qələbə qazanan sürücü idi. Honda həmin il komanda ilə müqaviləsini pozur. Williams Formula1-də debütant olan Judd mühərriklərindən istifadə edir. Mənsell həmin il cəmi iki yarışı tamamlaya bilir. Yayda su çiçəyi xəstəliyinə tutulur və olduqca isti havada baş tutan Macarıstan Qran Prisindən sonra vəziyyəti pisləşən britaniyalı növbəti iki yarışı buraxmalı olur.

Naycel Mənsellin növbəti mövsümdə Ferrari-yə keçəcəyi elan olunur. O, Entso Ferrari tərəfindən komandaya seçilən sonuncu sürücüdür. Mənsell 1989-cu ilin komanda üçün keçid mövsüm olduğuna, növbəti illərdə çempionluq uğrunda mübarizə apara biləcəyinə inanır. Braziliyadakı yarışda finiş xəttini birinci keçir və Formula1-də yarımavtomat sürət qutusu ilə qalib gələn ilk sürücü olur. Mövsümboyu mexaniki problemlərdən əziyyət çəkir, lakin finiş gördüyü bütün yarışları podiumda başa vurur. İki qələbə qazandığı mövsümü dördüncü yerdə başa vurur. 1990-cı ildə yeganə qələbəsini Portuqaliyada əldə edir. Mövsümün yekununda komandanın yeni sürücüsü və lideri Alen Prosta böyük fərqlə uduzur.

1991-ci ildə Williams-a qayıdır, lakin bunun üçün komandanın qarşısına bır sıra şərtləq qoyur – üç il əvvəl də komanda yoldaşı olmuş Rikkardo Patreze ilə eyni statuslu yox, bir nömrəli sürücü olmağı istəyir və komandadan yeni təchizatçılarla müqavilə bağlamağı tələb edir. Mövsümdə beş qələbə qazanır və mövsümün yekununda Sennadan sonra ikinci olur.

Naycel Mənsel ona titul qazandıran FW14B ilə. Macarıstan Qran Prisi, 1992-ci il

 

1992-ci ilə möhtəşəm başlayan birtaniyalı ilk beş yarışda qalib gəlir. Monakodakı yarışa liderlik edərkən sona yeddi dövrə qalmış təkər problemi yaşayaraq pit-stop etməli olur və Senna liderliyə yüksəlir. Təzə təkərlərlə aradakı fərqi iki dövrə ərzində 5.2 saniyədən 1.9 saniyəyə qədər endirir, lakin dar Monako küçələri Sennanı keçməyə imkan vermir, finiş xəttini braziliyalıdan 0.2 saniyə sonra keçir. Mövsüm ərzində doqquz qələbə və 14 poul qazanaraq çempion olur. Hər iki göstərici həmin dövr üçün rekord sayılır. Naycel 16 yarışdan 14-də – yəni, 88%-də pouldan başlayıb və bu rekordu hələ də yeniləyən olmayıb.

Mövsümün sonunda Formula1-dən ayrılan britaniyalı 1994-cü ildə Willams-la bir neçə yarışa çıxır və mövsümün son yarışında – Avstraliyada karyerasının sonuncu qələbəsini qazanır. Növbəti il McLaren-lə çıxdığı iki yarışda xal qazana bilmir və Formula1 karyerasını 31 qələbə, 59 podium və bir titulla tamamlayır. Naycel Monakoda qalib gəlmədən ən çox qələbə qazanmış sürücüdür. Mənsell Formula1-lə yanaşı, 1993-cü ildə İndyCar-da da çempion olub.

Naycel Mənsell həmyerlisi Lyuis Həmiltondan podiumda müsahibə alır. Yaponiya Qran Prisi, 2014-cü il

 

Naycel Mənsell Fransa və Britaniyanın arasındakı Şanel adalarında yaşayır. Qolfla da məşğul olan sabiq çempion 1988-ci ildə Avstraliya Açıq turnirində iştirak edib. O,  Team UK Youth adlı velosiped komandasının sahibidir. Hər iki oğlu yarışçı olan Mənsellin qızı dizaynerliklə məşğuldur.

Naycel Mənsell cəmi bir titul qazanmasına baxmayaraq, Formula1 tarixinin ən yaxşılarından biri hesab edilir. Bir çoxları onu ən yaxşı on sürücü arasında görür. Xüsusilə də Britaniyada ən çox sevilən Formula1 sürücüsü olduğunu desək, yanılmarıq…

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*