Lyuis Həmilton 1985-ci il yanvarın 7-də İngiltərənin Stiveneyc şəhərində anadan olub. Adının doqquzqat olimpiya çempionu olan amerikalı atlet Karl Lyuisdən götürüldüyü deyilir, lakin sürücünün özü bunu təkzib edib. Atası Əntoni Qrenada əsilli britaniyalı zənci, anası Karmen isə ağdərilidir. Lyuisin iki yaşı olanda valideynləri ayrılıb. Lyuis anası və iki ögey bacısı – Nikola və Samanta ilə yaşayıb. Onun 12 yaşı tamam olduqda isə atasının yanına köçür, ögey anası Linda və ögey qardaşı Nikolas ilə birlikdə yaşayır. Nikolas da yarışçıdır, lakin serebral iflicdən əziyyət çəkdiyindən, onun üçün xüsusi modifikasiya edilmiş maşınlarla yarışır.
1991-ci ildə atası Lyuisə radiodalğa ilə idarə olunan maşın alır. Lyuis bu maşınlarla keçirilən çempionatda ikinci olur və özündən yaşda böyük olanları məğlub edir. Həmilton kartinqə səkkiz yaşında başlayır və istedadını ilk günlərdən göstərə bilir. Müxtəlif yarışların qalibi olur. 1995-ci ildə avtoqraf mərasimində Ron Dennisə deyir: “Salam, mən Lyuis Həmiltonam. Mən kartinqdə Britaniya çempionatında qalib gəlmişəm və bir gün sənin üçün, McLaren üçün sürmək istəyirəm. Dennis də onun imza üçün uzatdığı kitaba belə yazır: “Mənə doqquz il sonra zəng et. Onda sənin üçün bir şey düşünərik”. Lakin Dennis onu 1998-ci ildə Britaniyadakı ikinci uğurunu qazandıqdan sonra McLaren-in gənc sürücülər proqramına dəvət edir. Onların müqaviləsinə yaxşı nəticələr əldə edəcəyi təqdirdə, gələcəkdə Formula1-də yarışmaq da daxil idi. TeamMBM.com komandasının tərkibində 2000-ci illərin əvvəlində Formula A və Formula Super A seriyalarında qalib gəlir. Həmin vaxt onun komanda yoldaşı Niko Rosberq olur. Əvvəlcə çox yaxşı dost, sonra komanda yoldaşı olacağı, sonra da münasibətləri pozulacaq Niko Rosberq…
Formula Renault-da yarışdıqdan sonra 2004-cü ildə Formula3-də iştirak edir və bir qələbə qazandığı mövsümdə beşinci yeri tutur. Buradakı uğurlardan sonra 2006-cı ildə ART Grand Prix komandasının tərkibində GP2 seriyasına keçir. Bir il əvvəl isə Niko Rosberq məhz həmin komandanın tərkibində seriyanın qalibi olmuşdu. Lyuis də Nikonun uğurunu təkrarlayır və 2006-cı ildə GP2 çempionu olur. Xuan Pablo Montoyanın Formula1-dən getməsi ilə Lyuis üçün avtoidmanın zirvəsi sayılan seriyaya yaşıl işıq yanır.
FORMULA1 KARYERASI
Statistika | |
Yarışdığı illər | 2007- |
Yarışdığı komandalar | McLaren, Mercedes AMG |
İştirak (Start) | 188 (188) |
Çempionluq | 3 (2008, 2014, 2015) |
Qələbə | 53 |
Podium | 104 |
Xal | 2247 |
Poul | 61 |
Sürətli dövrə | 31 |
İlk yarışı | Avstraliya Qran Prisi, 2007-ci il |
İlk qələbəsi | Kanada Qran Prisi, 2007-ci il |
Son qələbəsi | Əbu Dabi Qran Prisi, 2016-cı il |
Son yarışı | Əbu Dabi Qran Prisi, 2016-cı il |
Lyuisin McLaren-də komanda yoldaşı ikiqat dünya çempionu Fernando Alonso olur. Həmilton Avstraliyadakı debüt yarışındaca podiuma yüksəlməyi bacarır. İlk qələbə isə Kanadada qazanılır. Mövsümün ilk doqquz yarışını podiumda başa vurur. Nürburqrinqdə keçirilən Avropa Qran Prisində sıralanma turunda təkər yaxşı taxılmadığı üçün qəzaya uğrayan Lyuis təcili xəstəxanaya aparılır, lakin şüuru yerində olur. Növbəti gün həkimlər onun yarışa çıxa biləcəyini açıqlayırlar. Lakin xal zonasına düşə bilmir. Macarıstanda sıralanma turunda Fernando ən sürətli dövrəni vurur, lakin pitdə Lyuisi ləngitdiyi üçün startda beş yer itirmə cəzası verilir. Bu hadisə ikilinin münasibətlərini pisləşdirir. Braziliyadakı son yarışa çempionatın lideri kimi yollanan Həmilton yarışı yeddinci yerdə tamamlaya bilir. Alonso üçüncü olur və onların hər ikisi 109 xal toplayırlar. Çempion isə yarışda qalib gələrək xalını 110-a çatdıran Kimi Rəykkönen olur.
Həmin ilin oktyabr ayında FİA BMW Sauber və Williams komandalarının yanacaqdan istifadədə qayda pozuntularına yol verdiklərini düşünərək araşdırmalar aparır. Əgər həmin komandaların sürücüləri cəzalandırılsa, Lyuis Braziliyadakı yarışı beşinci yerdə bitirmiş olacaqdı və Kimini bir xal üstələyərək titulu əldə edəcəkdi. Lakin bu baş vermir. Lyuis də BBC-ə verdiyi müsahibəsində digər sürücülərin cəzalandırılması ilə qazanılacaq titulu istəmədiyini bildirir. Komandanın sürücülərinin arasındakı soyuq münasibət onlardan birinin komandadan gedəcəyi barədə şayiələrin yayılmasına sabəb olur. Ferrari rəhbərliyinin Həmiltonu komandaya gətirmək istədiyi bildirilir. Lakin bu, baş vermir – Fernando Alonso komanda ilə qarşılıqlı razılıqla müqaviləsini vaxtından əvvəl bitirir və Renault-ya qayıdır.
Növbəti mövsüm onun komanda yoldaşı Heykki Kovalaynen olur. Lyuis də komanda ilə 2012-ci ilin sonuna qədər olan yeni müqavilə imzalayır. Mövsüm Həmilton ilə Felipe Massanın titul uğrunda mübarizəsi ilə keçir. Hər iki sürücü Braziliyaya qədər beş qələbə qazanır, son yarışa yollanarkən Lyuisin 94, Massanın isə 87 xalı olur. Massa yarışda qalib gələcəyi halda, Lyuisə titul qazanmaq üçün beşincilik kifayət edirdi. Felipe yarışa pouldan, Lyuis isə dördüncü yerdən başlayır. Yarışın sonuna yaxın Fettel onu keçir və Lyuis 6-cı yerə düşür, sliklərlə davam edən Timo Qlok da ondan öndə olur. Felipe Massa yarışda qalib gəlir və çempion olduğunu düşünür. Ferrari boksunda hamı çempionluğa sevinərkən, Lyuis son döngədə Qloku keçir və beşinci yeri tutaraq ən gənc dünya çempionu adını Alonsodan alır.
2009-cu ilin ilk yarışından FİA-nın hakimlərinə “yalançı sübut” göstərdiyi üçün yarışdan diskvalifikasiya edilən Lyuis daha sonra Çarli Uaytinqdən buna görə üzr istəyir. Mövsüm ərzində Brawn GP və Red Bull komandaları daha güclü təsir bağışlayırlar. Lyuis Macarıstan və Sinqapurda qələbə qazanır. Mövsümü 49 xalla beşinci yerdə başa vurur. 2010-cu ildə Kovalaynen komandadan gedir və onu son dünya çempionu Censon Batton əvəzləyir. Mövsümdəki ilk qələbəsini İstanbulda qazanır. Kanadada ikinci qələbəsini əldə edir və çempionatda liderliyə yüksəlir. Mövsümün son yarışlarında əhəmiyyətli xallar itirən Lyuis Əbu Dabidəki son yarışda ikinci olur və ən gənc çempion adını Sebastyan Fettelə verməli olur.
Red Bull-u “İçki şirkətinin komandası” adlandırdığı 2011-ci ildə Çində, Almaniyada və Əbu Dabidə qələbələr qazanır. Çempionatı 227 xalla beşinci yerdə vurur və 270 xalla ikinci olmuş Censon Battona kifayət qədər böyük fərqlə uduzur. Mövsüm ərzində dəfələrlə Massa ilə insident yaşayır. 2012-ci ilin yeddinci yarışı olan Kanada Qran Prisində qalib gəlir – beləliklə, mövsümün yeddinci yarışında qələbə qazanan yeddinci sürücü olur. Valensiyadakı yarışın gedişində hətta çempionatda liderliyə də yüksəlir. Lakin Pastor Maldonado ilə insidentdən sonra yarışı dayandırmalı olur. Fernando Alonso qazandığı qələbə ilə liderliyə yüksəlir. Lyuis keçilməz olduğu Kanada və Macarıstdan Qran Prilərində, yenidən təqvimə qayıtmış ABŞ Qran Prisində qələbələr qazanır. Ostində qalib gələn ilk sürücü olur. Mövsümü 190 xalla dördüncü yerdə başa vurur.
2012-ci ilin sentyabr ayında növbəti mövsümdə Mercedes AMG-də çıxış edəcəyi açıqlanır. Yeni komandası ilə üçillik müqavilə bağlayır və yaxşı tanıdığı Niko Rosberq ilə komanda yoldaşı olur. 2013-cü il də Red Bull-un üstünlüyü ilə keçir. Mercedes AMG Konstruktorlar Kubokunda Ferrari-ni altı xalla üstələyərək ikinci ola bilir. Həmilton bu mövsümü də qələbəsiz başa vurmur – Macarıstanda podiumun zirvəsinə yüksəlir.
2014-cü ildə turbo motorlara keçiddən sonra Mercedes AMG qarşısıalınmaz olur. Avstraliyada Həmilton yarışxarici qalır və Rosberq qalib gəlir. Növbəti beş yarışda iki sürücü podiumda ilk iki yeri tuturlar. Bu yarışların ilk dördündə qalib gələn Həmilton olur. Lakin Monakoda sıralanma turundakı hadisələr iki sürücü arasında narazılıqları başladır. Sıralanma turunun sonunda lider olan Nikonun maşını yoldan çıxır, sonra isə trasa qayıdır. Buna görə sarı bayraqlar çıxır. Həmilton sürətli dövrəsini vura bilmir, Niko poulun sahibi olur. Məsələ FİA tərəfindən də araşdırılır, lakin heç bir cəza verilmir. Belçikadakı yarışda aralarında yaşanan insident onların münasibətini daha da soyuqlaşdırır. Həmilton mövsümdə daha yeddi qələbə qazanır. İkiqat xalların verildiyi Əbu Dabi yarışında qalib gələrək ikinci titulunu əldə edir.
Həmilton və Mercedes AMG 2015-ci ilə də yaxşı başlayırlar. Lyuis İspaniyadakı yarışa qədər Nikoya keçilmir. Monako Qran Prisi yenə də yaddaqalan olur – yarışın son dövrələrində Təhlükəsizlik Maşını trasa çıxarkən komanda yarışın lideri Lyuisi pit-stopa çağırır. Lyuis eyni addımın Niko üçün də atılacağını gözləyir, lakin belə olmur. Britaniyalı trasa Niko və Sebastyandan arxada qayıdır və yarışı üçüncü yerdə tamamlayır. Bu, Nikonun Monakoda ardıcıl üçüncü qələbəsi olur. Komanda hadisəyə səbəb kimi Lyuisin trasdakı yerini təyin edə bilmədiklərini göstərir və Toto Volff yarışdan dərhal sonra verdiyi müsahibədə ondan üzr istəyir. Podiumda isə Lyuis çox pərişan görünür. Bir il sonra isə burada hər şey onun lehinə işləyəcəkdi… Lyuis ABŞ Qran Prisində çempionluğunu elan edir. Yarışın startında ilk döngədə komanda yoldaşını trasdan çölə atır və bu da onların onsuz da pis olan münasibətlərini daha da pisləşdirir. Podium mərasimindən əvvəl Nikonun şapkasını onun üstünə atır, o da eyni qaydada şapkanı “geri göndərir”. Niko mövsümün son üç yarışında qalib gəlir.
Geridə qoyduğumuz mövsümə Rosberq möhtəşəm başlayır və keçən mövsümün sonunda yarımçıq qoyduğu işi davam etdirir – ilk dörd yarışda qalib gələrək qələbə seriyasını yeddiyə çıxardaraq Alberto Askari və Mixael Şumaxerin nailiyyətini təkrarlayır. Ən çox ardıcıl qələbəni isə 2013-cü ildə Sebastyan Fettel qazanıb – 9 qələbə. Nikonun seriyası İspaniyada da davam edə bilərdi, lakin yarışın ilk dövrəsində lider olduğu halda Həmiltonla insidentdən sonra hər ikisi yarışı yarımçıq saxlayır. Lyuis mövsümdəki ilk qələbəsini Monakoda qazanır. Red Bull-un Daniel Rikkardonu pit-stopda ləngitməsi ilə liderliyə yüksəlir və bunu əldən vermir. Qələbədən özünə gələn Həmilton Bakıdakı yarış istisna olmaqla, növbəti altı yarışın beşində qələbə qazanır. Avstriyadakı yarışın son dövrəsində Niko bolidi onun üzərinə sürür, lakin geriyə düşən özü olur və Həmilton qalib gəlir.
Mövsümün ikinci hissəsinə Niko daha yaxşı başlayır və dörd yarışda üç qələbə qazanır. Malayziyadakı yarışda lider olan Həmiltonun motoru partlayır, Red Bull sürücüləri həmin yarışı ilk iki sırada başa vururlar. Niko Yaponiyadakı əzmkar qələbədən sonra titulun əsas namizədi olur. Mövsümün son dörd yarışında Lyuis qalib gəlir. Niko isə bütün bu yarışları ikinci yerdə vurur və titulu beş xal fərqlə qazanır. Əbu Dabidəki son yarışda Lyuis rəqiblərin Nikoya çatması üçün əlindən gələni edir, hətta trasda sürətini maksimum azaldır. Lakin istədiyinə nail ola bilmir. Mövsüm başa çatdıqdan sonra Niko gözlənilmədən karyerasını bitirdiyini açıqlayır. Həmiltonun növbəti mövsümdə komanda yoldaşı Valtteri Bottas olacaq. Lyuis 44 nömrəli maşınla yarışır.
2007-ci ilin noyabr ayından Nikol Şerzinger ilə münasibətdə olan Lyuis 2010-cu ildə ondan ayrılır. Lakin sonradan dəfələrlə bir yerdə görünürlər. 2013-cü ildə yenidən birlikdə olduqlarını bildirirlər, lakin 2015-ci ilin fevral ayında münasibətlərinə son qoyurlar. Lyuis Monakoda yaşayır. Yarışlara və başqa ölkələrə gəzintiyə qırmızı rəngli Bombardier Challenger 600 markalı şəxsi təyyarəsi ilə gedən Lyuisin maşınlara marağı da böyükdür. Pagani, Mercedes-in bir neçə modeli ilə yanaşı, Ferrari LaFerrari-si də var.