Emerson Fittipaldi 1946-cı il dekabrın 12-də San Pauluda, görkəmli idman jurnalisti və radio şərhçisi Vilson Fittipaldi və Sankt-Peterburqdan immiqrant kimi gəlmiş Yuzi Voytsexovskayanın ailəsində doğulur. O, ailənin ən kiçik övladı olur. Atalarının avtoidman jurnalisti və yarışçı olması Emerson və qardaşlarının da bu sahəyə maraq göstərmələrinə təsir edir. Atası ilə eyni adı daşıyan böyül qardaşı da keçmiş Formula1 sürücüsüdür və Wilson Fittipaldi komandasının sahibi olub. Emerson həm də Formula1 daxil olmaqla, bir çox seriyada çıxış etmiş Kristian Fittipaldinin əmisidir.
Emerson artıq 14 yaşında motosiklet yarışlarında iştirak etməyə başlayır. Bir müddət sonra isə qardaşı Vilsonla hidrofoil (sudan havaya qalxan kiçik təyyarə) yarışlarına qoşulurlar. Vilsonun kiçik qəzaya uğraması onların bu yarışı tərk etməsinə səbəb olur və Fittipaldi qardaşları kartinqə keçirlər. Valideynlərinin dəstəyi ilə yerli Formula Vee seriyasına keçən və orada 21 yaşında çempion olan Emerson Avropaya yola düşür. Onun istedadının komanda sahibləri tərəfindən kəşf edilməsi üçün cəmi 3 ay vaxt lazım olur. Formula Ford-da uğurlar qazandıqdan sonra Formula3-ə, oradan da Formula2-yə keçir. Burada da mövsümü üçüncü yerdə tamamlayır. Onu artıq avtoidmanın ən yüksək zirvəsi – Formula1 gözləyir…
FORMULA1 KARYERASI
Statistika | |
Yarışdığı illər | 1970-1980 |
Yarışdığı komandalar | Lotus, McLaren, Fittipaldi Automotive |
İştirak (Start) | 149 (144) |
Çempionluq | 2 (1972, 1974) |
Qələbə | 14 |
Podium | 35 |
Xal | 281 |
Poul | 6 |
Sürətli dövrə | 6 |
İlk yarışı | Britaniya Qran Prisi, 1970-ci il |
İlk qələbəsi | ABŞ Qran Prisi, 1970-ci il |
Son qələbəsi | Britaniya Qran Prisi, 1975-ci il |
Son yarışı | ABŞ Qran Prisi, 1980-ci il |
Formula1-də debütünü 1970-ci ildə Britaniyada Lotus-la edən Emerson ilk dörd yarışın yalnız birində xal qazana bilir. Montsada Yoxen Rindtin həlak olmasından və Con Milsin Lotus-u tərk etməsindən sonra komandanın əsas sürücüsünə çevrilən gənc Emerson ABŞ-da karyerasının ilk qələbəsini qazanır. 1971-ci ildə ilk tam mövsümünü keçirən braziliyalı 3 dəfə podiuma yüksəlir və çempionatda yekunda altıncı olur.
1972-ci ildə isə bir çoxları tərəfindən Formula1 tarixinin ən gözəl dizaynlı maşını hesab edilən Lotus 72D ilə asanlıqla titul qazanır. Mövsümdəki 11 yarışın beşində qalib gələn Emerson daha üç yarışda da podiuma yüksəlir. Yekunda Ceki Stüartı 25 xallıq fərqlə üstələyir. Emerson ilk titulunu qazanarkən 25 yaşında olur və ən gənc dünya çempionu adını 33 il – 2005-ci ildə Fernando Alonso 24 yaşında çempion olana qədər özündə saxlayır.
1973-cü ildə də əvvəlki ilin uğurunu təkrarlamaq olardı. Emerson ilk dörd yarışın üçündə qalib gəlir. Lakin mövsümün ortasında ona çempionluq qazandırmış 72D-ni 72E ilə dəyişir. Bu dəyişiklik ona baha başa gəlir. Qalan yarışlarda heç bir qələbə qazana bilmir və Ceki Stüart özünün üçüncü titulunu rəsmiləşdirir.
1974-cü ildə McLaren-ə keçən Fittipaldi olduqca güclü McLaren M23 ilə üç qələbə qazanır. Kley Reqatsoni ilə son yarışa qədər davam edər çempionluq mübarizəsindən üç xal fərqlə qalib ayrılır və ikinci titulunu əldə edir. Növbəti mövsümdə iki qələbə və bir neçə podium əldə edərək Niki Laudadan sonra ikinci yeri tutur. Mövsümün sonunda isə iki il titul uğrunda mübarizə aparmasına şərait yaradan McLaren-dən ayrılaraq hamını şoka salır. Növbəti dayanacağı isə qardaşının yaratdığı Fittipaldi Automotive komandası olur. Beş il yarışdığı komandada cəmi iki dəfə podiuma yüksələ bilir və 1980-ci ilin sonunda Formula1 karyerasını tamamlayır.
Formula1-dən ayrılsa da, onun sürücülük karyerası hələ uzun müddət davam edəcəkdi. 1984-cü ildə CART seriyasında yarışmağa başlayan Emerson 13 mövsüm ərzində 22 qələbə qazanır. 1989-cu ildə seriyanın çempionu, 1993-cü və 1994-cü illərdə isə ikinci yerin sahibi olur. 1996-cı ildə Miçiqan Beynəlxalq trasında qəzada zədələnir və karyerasını tamamlayır. Seriyaya bir də 2003-cü ildə komanda sahibi kimi qayıdır. Qeyd edək ki, Emerson İndianapolis 500 yarışında 12 dəfə çıxış edib və 2 dəfə qalib gəlib.
Emerson üç dəfə ailə qurur. İlk evliliyi Mariya Yelena ilə 1970-ci ildə olur. 1982-ci ildə ayrılan cütlüyün Yuliana, Ceyson və Tatyana adlı üç uşaqları dünyaya gəlir. Növbəti dəfə 80-ci illərin ortalarında Tereza adlı xanımla evlənir, Yoana adlı qızları, Luka adlı oğulları olur. 2012-ci ilin əvvəllərində isə iqtisadçı Rozzana Fanuççi ilə ailə qurur. Öz adını verdiyi oğlu 2007-ci ildə, Vittoriya adlı qızı isə 2012-ci ildə dünyaya gəlir. Emersonun iki nəvəsi – Pyetro və Entso babalarının yolu ilə gedirlər. 2016-cı ilin dekabrında Entsonun Ferrari Sürücü Akademiyasının üzvü olduğu elan edilir.
Fittipaldi Formula1-də çempion olan ilk Braziliyalı sürücüdür. Gəncliyində ölkəsində “Rato” – yəni, “Siçan” ləqəbi ilə tanınıb. Karyerasını bitirdikdən sonra isə onu adətən “Emmo” adlandırırlar. Formula1-in əfsanəvi sürücüsü Ayrton Senna etiraf edib ki, avtoidmana marağının yaranmasında Emerson Fittipaldinin böyük rolu olub, uşaqlığında onun yarışlarını izləyib. 1975-ci ildə səhv qərar verməsəydi – ailə komandasına keçməsəydi, bəlkə də daha çox qələbə, daha çox titul əldə edərdi…