Con Sörtiz 1934-cü ilin fevralın 11-də İngiltərənin Tatsfild şəhərində dünyaya gəlib. Onun atasının Londonun cənubunda motosiklet ma]azası olur. Bu da Conun motosikletlərə olan marağının formalaşmasında böyük rol oynayır. İlk yarışına atasının Vincent markalı motosikleti ilə çıxır və qalib gəlir. Lakin yarış rəsmiləri yaşının az olduğunu öyrənəndə onu diskvalifikasiya edirlər. Con 16 yaşı olanda Vincent-in zavodunda işə başlayır.
MotoGP karyerası 1952-ci ildə başlayan Sörtiz 1955-ci ildə Norton komandasına keçir və əvvəlki ilin dünya çempionunu Silverstoun və Brənd Hətçdə məğlub edir. Norton-un maliyyə problemləri yaranır və onların idmanda qalıb-qalmayacaqları sual altında olur. Növbəti il Con MV Agusta komandasının təklifini qəbul edir. Onu tezliklə “Küləyin oğlu” adlandıracaqdılar… 1956, 1958-1960-cı illərdə 500 kub sm üzrə çempion olur. Həmçinin 1958-ci ildən etibarən ardıcıl üç il 350 kub sm üzrə titulun sahibi olur. Bununla da motosiklet yarışları karyerasını başa vurur və Formula1-ə keçir.
FORMULA1 KARYERASI
Statistika | |
Yarışdığı illər | 1960-1972 |
Yarışdığı komandalar | Lotus, Cooper, Lola, Ferrari, Honda, BRM, McLaren, Surtees |
İştirak (Start) | 113 (111) |
Çempionluq | 1 (1964) |
Qələbə | 6 |
Podium | 24 |
Xal | 180 |
Poul | 8 |
Sürətli dövrə | 11 |
İlk yarışı | Monako Qran Prisi, 1960-cı il |
İlk qələbəsi | Almaniya Qran Prisi, 1963-cü il |
Son qələbəsi | İtaliya Qran Prisi, 1967-ci il |
Son yarışı | İtaliya Qran Prisi, 1972-cu il |
Formula1-də 1960-cı ildə Monako Qran Prisində Lotus komandasında debüt edir. İlk yarışı uğurlu olmur – finişə çata bilmir. Lakin özünü tezliklə sübut edir. İkinci yarışı Almaniya Qran Prisi olur və Sörtiz yarışı ikinci yerdə tamamlayır. Portuqaliyadakı növbəti yarışa isə pouldan başlayır. Sürətli dövrəni də o vurur, lakin radiatordakı problemə görə yarışı dayandırmalı olur. 1961-ci ili Cooper, 1962-ci ili də Lola komandasında keçirir. Lola-nın tərkibində Britaniya və Almaniya Qran Prilərində ikinci olur və çempionatı dördüncü yerdə tamamlayır. Con növbəti il Ferrari-yə keçir. Almaniya Qran Prisində ilk qələbəsini qazanır və həmin mövsümü də dördüncü yerdə başa vurur.
Növbə çatır çempion olduğu 1964-cü ilə. Mövsümün ilk dörd yarışından üçünü tamamlaya bilmir, lakin tamamladığı bütün yarışlarda podiuma yüksəlir, iki dəfə qalib gəlir. Bütün bunlar Conun Qrəhəm Hilli bir xal üstələyərək çempion olması üçün kifayət edir. Növbəti mövsümdə də bir neçə dəfə podiuma yüksəlir, lakin mövsümün son yarışlarına çıxa bilmir. Bunun səbəbi Kanadanın Onario şəhərində keçirdiyi qəzada aldığı xəsarətlər olur. Həkimlər qəzadan sonra onun bədəninin bir tərəfinin digərindən 10 sm qısa olduğunu bildirirlər. İntensiv müalicə və bərpa prossesi tətbiq olunduqdan sonra bu fərq 4 dəfə azalır.
1966-cı ildə mövsümün ikinci yarışında – Belçikada qələbə qazanır. Ferrari 24 saatlıq Le Man marafonuna iki maşınla qatılacağını açıqlayır. O dövrdəki reqlamentə əsasən, hər bir maşın üçün iki sürücü seçilə bilərdi. Lakin Ferrari-nin seçdiyi dörd sürücünün arasında Sörtiz olmur. Bunun səbəbini soruşduqda isə ona qəzadakı zədəsini əsas gətirirlər və orada yarışmağa hazır olmadığını bildirirlər. Bu, Cona çox təsir edir və Ferrari-dən gedir. Mövsümün qalan hissəsini Cooper-də keçirir. Həmin mövsümdə də tamamladığı bütün yarışlarda podiuma yüksələ bilir və mövsümü ikinci yerdə tamamlayır. Onun Ferrari-dən getməsi həm özünə, həm də komandaya mənfi təsirini göstərir. Con çempionatda yalnız Cek Brəbhəmdən geri qalarkən, Ferrari də Mühəndislər Kubokunda Brabham komandasına uduzur.
1967-ci ildə Honda-da çıxış edən Sörtiz ilk yarışda podiuma yüksəlsə də, növbəti üç yarışda maşının texniki problemlərinə görə finişə çata bilmir. Honda maşını dəyişir. Cim Klarkın əfsanəvi yarışı olan İtaliya Qran Prisində Cek Brəbhəmi 0.2 saniyə üstələyərək mövsümdəki yeganə qələbəsini qazanır. Con bu dəfə də çempionatda dördüncü olur. Növbəti iki mövsümdə bir çox problemlərə görə yarışları tamamlaya bilməsə də, finiş gördüyü yarışlarda mümkün olan ən yaxşı nəticələri göstərir.
Con 1970-ci ildə öz komandasını – Surtees Racing Organisation-ı qurur. Komandanın maşınında texniki problemlər çox olmasa da, qələbə və ya podium uğrunda mübarizəyə imkan vermir. O, sürücülük karyerasını 1972-ci ildə tamamlayır. Komandanın fəaliyyəti isə davam edir və ən böyük uğur 1972-ci ildə Formul2-də komandanın sürücüsü Mayk Heylvudun titul qazanması olur. Komanda 1978-ci ildə dağılır.
Sörtiz Formula1-dən sonra da avtoidmana bağlı qalır. Dəfələrlə motosiklet yarışları ilə bağlı tədbirlər təşkil edir. 2005-ci ildən 2007-ci ilə qədər A1 Racing Series-də çıxış edən A1 Team Great Britain-in rəhbəri olur. Con Sörtiz özü avtoidmanın ən təhlükəli vaxtlarında ölümcül qəzaya uğramasa da, müxtəlif seriayalrda çıxış edən oğlu Henri Sörtiz Brənds Hətçdə Formula2 yarışında həlak olur. Başqa maşından çıxan təkər onun başına dəyir…
2013-cü ildə ona həm iki, həm də dörd təkər üstündə çempion olduğu üçün Segrave mükafatı verilir.
Sörtiz 2014-cü il mayın 19-da Cek Brəbhəmin vəfatından sonra yaşayan ən yaşlı Formula1 çempionudur.