Dünya çempionları: Cek Brəbhəm

Formula1-in 68-ci mövsümünün başlamasına bir aydan çox vaxt qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat vermək qərarına gəldik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Özünün düzəltdiyi maşınla çempion olan pilot - ser Con Artur "Cek" Brəbhəm!

Cek Brəbhəm 1926-cı il aprelin 2-də Avstraliyanın Yeni Cənubi Uels ştatının Hartsvill şəhərində anadan olub. O, erkən yaşlarından maşınlara maraq göstərib. Artıq 12 yaşında ailəsinin maşınını və atasının ərzaq biznesinə aid olan yük maşınını sürməyə başlayır. Cek texniki kollecə daxil olur, metall məhsulları, dülgərlik və texniki qrafika üzrə təhsil alır. Onun avtoidman karyerasının ilk dövrü mühəndisliklə keçib. Artıq 15 yaşında kollecdən ayrılır və yerli qarajların birində axşam növbəsində mexaniki mühəndislik öyrənməyə başlayır. Cek tezliklə öz biznesini qurur – motosikletləri alır, təmir edir və onları satır. O, 18 yaşı tamam olanda hərbi xidmətə yollanır.

Brəbhəm yarış karyerasına elə öz ölkəsində amerikalı dostu Conni Şönberqlə birlikdə Midget racing seriyasında başlayır. Qısa müddətdə öz istedadını göstərən Cek bir sıra titullar qazanır. Bunlardan ən əsasları isə 40-cı illərin sonunda  Avstraliya Sürət Maşınları Çempionatının bir neçə dəfə qalibi olmasıdır. Onun uğurları növbəti onilliyin əvvəlində də davam edir. Təkcə Avstraliyada yox, Yeni Zelandiyada da ardıcıl qələbələr qazanır. Onun əsas dəstəkçisi atası olur. “Black Jack” ləqəbi də ona elə həmin vaxtlarda verilir. Artıq karyerasını Avropada davam etdirmək vaxtı gəlir.

1955-ci ilin əvvəlində Britaniyaya gələn Cek burada yarışlara qoşulmaq üçün Cooper markalı maşın alır. Maşının hissələrini almaq üçün şirkətin fabrikinə gedəndə Çarli Kuper və Con Kuperlə tanış olur. O, Cekə komanda ilə yarışmaq istəyənlərdən çoxsaylı müraciətlərin gəldiyini bildirir. Cekin komandanın yarış maşınları hazırlamasında əməyi olur və beləliklə, onun Formula1-də yarışmasına yaşıl işıq yanır.

FORMULA1 KARYERASI

Cek Brəbhəm özünün düzəltdiyi maşın ilə

 

Statistika
Yarışdığı illər 1955-1970
Yarışdığı komandalar Cooper, Rob Walker Racing Team, Brabham
İştirak (Start) 128 (126)
Çempionluq 3 (1959, 1960, 1966)
Qələbə 14
Podium 31
Xal 253 (261) *
Poul 13
Sürətli dövrə 12
İlk yarışı Britaniya Qran Prisi, 1955-ci il
İlk qələbəsi Monako Qran Prisi, 1959-cu il
Son qələbəsi Cənubi Afrika Qran Prisi, 1970-ci il
Son yarışı Meksika Qran Prisi, 1970-ci il

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

Cek Brəbhəmin Formula1-də debütü 1955-ci ildə keçirilən Britaniya Qran Prisinə təsadüf edir. Lakin mexaniki problemləri olan maşınla yarışa başlayan Cek finiş görə bilmir. Bu, onun debüt mövsümündə çıxdığı yeganə yarış olur. Növbəti mövsümdə ssenari təkrarlanır – ancaq Britaniyada yarışa çıxır və yenə də finiş görə bilmir. 1957-ci ildə dörd yarışda start alan Cek üçündə finişə çata bilir. Monako Qran Prisinin startında böyük bir qəzadan qaça bilir. Üç saat davam edən yarış onu tamamilə əldən salır. Həmin yarışda ilk üç mövsümdəki ən yaxşı nəticəsini – altıncılığı əldə edir. 1958-ci ildə də Monako Qran Prisi ən uğurlu yarışı olur – Cek dördüncü yeri tutaraq ilk xallarını qazanır.

1959-cu ildə Cooper motorun həcmini 2.5 litrə qaldırır. Beləliklə, Brəbhəmin maşını daha güclü olur və bu, öz nəticəsini elə ilk yarışda göstərir. Jan Bera və Stirlinq Mossun yarışı yarımçıq saxlaması fonunda Brəbhəm karyerasının ilk qələbəsini qazanır. Növbəti yarışlarda podiuma yüksələn Cek Britaniyada da qələbə qazanır. Yarışın sonuna doğru təkərlərini dəyişən avstraliyalı köhnə təkərlərlə davam edən Mossu üstələməyi bacarır. Mövsümün sonuna dörd yarış qalmış 13 xal fərqlə lider olan Brəbhəm növbəti iki yarışda finiş görə bilmir. Portuqaliyadakı yarışda lider Mossa hücumlar edərkən qəza edən Cekin maşını havaya qalxır və teleqraf dirəyinə çırpılır. Asfaltın üstünə düşən Ceki möcüzə nəticəsində komanda yoldaşı son anda vurmaqdan yayınır. O, ciddi xəsarət almadan qəzadan qurtulur. Mövsümün sonuncu yarışına gələndə Brəbhəm, Moss və Toni Bruksun çempionluq şansları davam edir. Cek gecə saat 1-dən etibarən mexaniklərlə birlikdə işləyir. Növbəti gün yarışa lider Mossun arxasında başlayır və tezliklə onun sürət qutusundakı nasazlığa görə yarışı dayandırmasından sonra liderliyə yüksəlir. Yarışın sonunda yanacağı bitən Cek maşını finişə dördüncü çatdıran sürücü olur. Titulun digər namizədi Bruks isə üçüncü yeri tutur və beləliklə, avstraliyalı Formula1-də ilk titulunu qazanır.

Cek Brəbhəm, Bryus MakLaren və Stirlinq Moss

Bu uğurdan sonra Cek daha yaxşısını edə biləcəyinə əmin olur. O, hesab edir ki, Roy Salvadori ilə birlikdə Cooper-i ala bilər. Növbəti mövsümdə də Cooper üçün yarışan Cek Argentinadakı ilk yarışda finiş görə bilmir. Maşının inkişaf etdirilməsi üçün müraciətləri Çarli Kuper və oğlu Con Kuper, eləcə də dizayner Ouen Maddok tərəfindən könülsüz qarşılanır. Brəbhəm yeni maşının dizaynına kömək edir və dostu Ron Tauranakın məsləhətlərindən də yararlanır. Monakoda diskvalifikasiya olunan Brəbhəm Hollandiya Qran Prisindən etibarən ardıcıl beş qələbə qazanır. Belçika Qran Prisində çempionatdakı əsas rəqiblərindən olan Moss ağır zədə alır və iki ay yarışlardan uzaq qalır. Həmin yarışda daha iki sürücü həlak olur. Portuqaliya Qran Prisində isə səkkizinci yerdən gələrək qalib olur. Bu qələbələr ona ardıcıl ikinci titulu qazandırır. Komanda İtaliyadakı yarışa yolun təhlükəsizliyindən narahat olduğu üçün çıxmır. Lakin Cek artıq titulu rəsmiləşdirmişdi. Mayk Laurens hesab edir ki, ikinci titulun qazanılmasında elə Cekin özünün maşının hazırlanmasında verdiyi töhfələr həlledici rol oynayıb.

Növbəti mövsüm Climax yeni reqlamentin tələb etdiyi 1.5 litrlik motorların istehsalında gecikir, bu da komandaya öz mənfi təsirini göstərir. Cek mövsüm ərzində cəmi dörd xal toplaya bilir. Komanda yoldaşı Bryus Maklarendə vəziyyət çox da fərqli olmur. Həmin mövsüm İndianapolis 500 yarışına da qoşulan Cek yarışı doqquzuncu yerdə tamamlayır. Növbəti mövsüm Cek Cooper-i tərk edir və özünün yaratdığı Brabham Racing Organisation komandasının tərkibində yarışır. Komandanın maşınlarını dostu Tauranakla birlikdə qurduğu Motor Racing Developments şirkəti hazırayır. Lakin 1.5 litrlik motorlarla heç də yaxşı nəticələr əldə etmir. Dövrün məşhur avtoidman yazarları bunu Cekin pul xərcləmək istəməməsinə bağlayırlar. Onlar hesab edirlər ki, Tauranakın ideyaları tam maliyyələşdirilsə, uğur əldə edilə bilər. Bir neçə mövsümdə eyni nəticələr əldə olunur. 1965-ci ildə komandanın idarəedilməsi məsələlərinə daha çox vaxt ayırmaq istəyən Cek bəzi yarışlarda öz maşınında müxtəlif sürücüləri yarışdırır. ABŞ Qran Prisində isə öz komandasının tərkibində ilk dəfə podiuma yüksəlir.

Cek Brəbhəm öz komandasının təkcə sürücüsü yox, hər şeyi olub

 

1966-cı ildə Formula1-də 3.0 litrlik mühərriklərə keçilir. Yeni motorlar 12 silindrli, daha ağır və inkişaf etdirilməsi daha çətin olur. Brəbhəm məsələyə fərqli yanaşır. O Avstraliyanın Repco şirkətindən 3.0 litrlik səkkiz silindrli mühərriklər hazırlamalarını istəyir. Brəbhəm şirkəti bunu edə biləcəklərinə inandırır və razı salır. Bu motorlar daha yüngül olmalı idi. Cekin bu addımı öz bəhrəsini verir – mövsüm ərzində qazanılan dörd ardıcıl qələbə ona karyerasındakı üçüncü və son titulu gətirir.

Növbəti mövsümdə isə titulu onun komandasının digər sürücüsü Denni Halm əldə edir. Bir çoxları bunu Denninin yeniliklərə Brəbhəmdən daha tez alışması ilə əlaqələndirir. Həm də nəzərə almaq lazımdır ki, Cek mövsüm ərzində komanda yoldaşından daha çox problemlə qarşılaşır. Komanda isə Mühəndislər Kubokundakı titulunu qoruya bilir. Növbəti mövsüm isə onun komanda yoldaşı Yoxan Rindt olur. Lakin həmin il həm Cek, həm də komanda üçün çox pis keçir. İlk yeddi yarışda finiş görə bilməyən Cek Almaniyada iki xal qazana bilir. Mövsüm ərzində keçirilən 12 yarışdan onunda mübarizəni vaxtından əvvəl dayandırmalı olur. Rindtdə də vəziyyət eyni olur – o da 10 yarışda finişə qədər gedə bilmir, lakin tamamladığı hər iki yarışda üçüncü yeri tutaraq podiuma yüksəlir.

1969-cu ildə testlərdə ağır zədələnir. Mövsümün sonunda yaxşı nəticələr əldə edir və çempionatı onuncu yerdə tamamlayır. O, həyat yoldaşına söz verir ki, mövsüm başa çatdıqdan sonra karyerasını bitirəcək və komandanın səhmlərini Tauranaka satacaq. Lakin komandaya heç bir güclü sürücünün gəlməməsi onu daha bir il yarışmağa vadar edir. Mövsümə yaxşı başlayır və ilk yarışda qalib gəlir. Bu, onun sonuncu qələbəsi olur. Mövsüm ərzində daha üç dəfə podiuma yüksəlir.

Karyerasını bitirən Cek ailəsi ilə birlikdə ölkəsinə qayıdır. O bildirir ki, heç vaxt bunu etmək istəməyib, lakin həyat yoldaşı ümid edir ki, oğulları avtoidmandan uzaq olacaq. Cek Britaniyada kiçik aviaşirkət, qarajlar və maşın dilerlərinin daxil olduğu şirkət qurur. Onun qurduğu komanda Formula1-də yoluna davam edir və 80-ci illərin əvvəlində Berni Ekklstounun rəhbərliyi altında Nelson Pike iki dəfə bu komandada çempion olur.

Karyerasını bitirdikdən sonra da avtoidmana bağlı qalan Cek müxtəlif tədbirlərin iştirakçısı olur. Con Kuper onu “Ən yaxşı” adlandırır, Adam Kuper isə 1999-cu ildə onun adını ən güclü 10 sürücü arasında çəkmir. Fikrini isə belə əsaslandırır: “Stirlinq Moss və Cim Klark o yarışarkən dominantlıq edirdilər”.

Cek Brəbhəm

Brəbhəm və Betti cütlüyünün üç oğulları dünyaya gəlir. Lakin onlar analarının arzusunu yerinə yetirmirlər – hər üçü avtoidmanın içində olur və karyeralarının əvvəlində atalarından dəstək alırlar. Cek Brəbhəm 2014-cü il mayın 19-da – özünün düzəltdiyi maşının təqdimatından cəmi bir gün sonra böyrək və ya qaraciyər xəstəliyindən 88 yaşında dünyasını dəyişir. Cek Brəbhəm İkinci Dünya Müharibəsindən sonra ser titulu verilən ilk sürücüdür.

Adı bir çox çempionlar qədər çəkilməsə də, qələbələrinin sayı çox olmasa da, onun gənc yaşlarından bir hədəfi olub – özünün düzəltdiyi maşınla yarışmaq. Buna nail olub, həm də ən yaxşı formada. Avtoidmanın zirvəsi sayılan Formula1-də öz maşını ilə Dünya Çempionu olub. Buna görə də avtoidman tarixinin ən hörmətəlayiq çempionlarından biridir…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*