Alen Prost 1955-ci il fevralın 24-də Lion şəhəri yaxınlığındakı Sen Şamonda fransız Andre Prostla erməni əsilli Mariya-Roza Karatçyanın ailəsində anadan olub. Alenin özündən balaca bir qardaşı olub, lakin 1986-cı ildə xərçəngdən vəfat edib. Boyu 167 sm olan Alen uşaqlıqdan çox cəld olur. Güləş, futbol kimi idman növlərində özünü sınayır. Güləşdə dəfələrlə burnunun qırıldığı bildirilir. Ailəsi onu 14 yaşında kartinqə aparır və avtoidman Alenin diqqətini cəlb edir. O vaxta qədər futbolla professional şəkildə məşğul olmağı düşünən Prost fikrini dəyişir.
Kartinqdə bir sıra uğurlar əldə edən Prost 1975-ci ildə ölkəsinin kartinq çempionu olur. 1977-ci ildə Formula Renault European seriyasında titulun sahibi olduqdan sonra Formula3-ə keçir. Həmin il və 1979-cu ildə həm Fransa, həm də Avropa Formula3 seriyalarının qalibi olur. Alen bu uğurları ilə bir çox Formula1 komandasının diqqətini cəlb edir. Alen McLaren-i seçir. Lakin gələcək komandasını ona edilən 1979-cu ilin son yarışına üçüncü maşınla çıxmaq təklifini rədd edərək təəccübləndirir. Buna səbəb kimi isə simvolik yarışın nə ona, nə də komandaya fayda verməyəcəyini göstərir.
FORMULA1 KARYERASI
Statistika | |
Yarışdığı illər | 1980-1991, 1993 |
Yarışdığı komandalar | McLaren, Renault, Ferrari, Williams |
İştirak (Start) | 202 (199) |
Çempionluq | 4 (1985, 1986, 1989, 1993) |
Qələbə | 51 |
Podium | 106 |
Xal | 768.5 (798.5) * |
Poul | 33 |
Sürətli dövrə | 41 |
İlk yarışı | Argentina Qran Prisi, 1980-ci il |
İlk qələbəsi | Fransa Qran Prisi, 1981-ci il |
Son qələbəsi | Almaniya Qran Prisi, 1993-cü il |
Son yarışı | Avstraliya Qran Prisi, 1993-cü il |
* – Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.
Formula1-də 1980-ci ildə Argentina Qran Prisində McLaren ilə debüt edən Prost mövsümdə dörd yarışda ümumilikdə beş xal qazana bilir. Mövsümün sonunda daha ikiillik müqaviləsinin olmasına baxmayaraq, Renault-ya keçir. Bu addımı maşının mexaniki problemlərinə görə komandanın onu qınadığını hiss etdiyi üçün atır. Növbəti mövsümdə Renault-da həmyerlisi Rene Arnu ilə komanda yoldaşı olur. Mövsümün əvvəlində onların yola getmədiyi bildirilir. Prost təcrübəli Arnudan daha sürətli olur.
Mexaniki problemlərdən bu mövsümdə də yaxasını qurtara bilməyən Alen finişə çatdığı bütün yarışlarda podiuma yüksəlir. Karyerasının ilk podiumu Argentinada, ilk qələbəsi isə vətəni Fransada gəlir. Hollandiya və İtaliyada da qalib gələn Prost titul uğrunda gedən gərgin mübarizəni çempion olan Nelson Pikedən cəmi yeddi xal az toplayaraq beşinci yerdə tamamlayır.
1982-ci ilin ilk iki yarışında qalib gəlir. Əslində, Braziliyadakı yarışı üçüncü yerdə tamamlayır, lakin Nelson Pike və Keke Rosberqin nəticələri ləğv olunduğu üçün qələbə ona verilir. Mövsümdə başqa qələbə qazana bilmir. Fransa Qran Prisindən sonra Rene ilə münasibətləri daha da pisləşir. Mövsümü dördüncü yerdə tamamlayır. 1983-cü ildə dörd yarışda finişi birinci keçir, yekun nəticədə isə Nelson Pikeyə cəmi 2 xalla son yarışda məğlub olaraq ikinci olur. Prost bu məğlubiyyəti komandanın maşını inkişaf etdirməməsinə bağlayır. Rəhbərliklə sürücü arasında mövsüm ərzində yaranan fikir ayrılığı və mübahisə kulminasiya nöqtəsinə çatır. Prost bütün uğursuzluqlara görə komandanı günahlandırır və 1984-cü il üçün yenidən McLaren ilə müqavilə bağlayır. Renault-nun zavod işçiləri onun şəxsi maşınlarını yandırırlar.
Növbəti mövsüm McLaren-ə qayıdan Alen artıq iki titulu olan Niki Lauda ilə komanda yoldaşı olur. Komanda mövsümdə dominantlıq edir. Keçirilən 16 yarışdan yeddisində Prost, beşində isə Lauda qalib gəlir. Yekunda isə Prost çempionluğu 0.5 xalla əldən verir. Monako Qran Prisi erkən başa çatdırıldığından həmin yarışda xallar yarıya bölünmüşdü. Formula1 tarixində titulun sahibi ilə ikinci yer arasındakı ən az fərq məhz 1984-cü ildə qeydə alınıb. Prost bir mövsümdə qazandığı qələbə sayına görə Cim Klarkın 1963-cü ildəki rekordunu təkrarlayır. 1985-ci il Prostun ilk titulunu qazandığı il olur. Beş qələbə və 11 podiumla çempion olur. Lakin fransız mətbuatının bunu Fransanın qələbəsi kimi elan etməsinə əsəbiləşir. O bildirir ki, nə komanda, nə komandanın sahibi, nə təkər və motor təchizatçıları, nə sponsorlar, nə də ki şassini düzəldənlər fransız deyillər.
Niki Laudanın karyerasını bitirməsindən sonra Prostun komanda yoldaşı 1982-ci ilin dünya çempionu Keke Rosberq olur. Mövsümün son yarışına gəldikdə, hamı Naycel Mənsellin çempion olacağını, Prostun isə ikinci olacağını düşünür. Hətta o üçüncü də ola bilərdi – Pike ilə eyni xala sahib olmasına baxmayaraq, braziliyalı daha çox qələbə qazanmışdı. Lakin yarışda hər şey dəyişir – Mənsellin arxa təkəri partladığından yarışı tamamlaya bilmir. Komanda ehtiyat üçün təkərlərini dəyişmək məqsədi ilə Pikeni pitə çağırır. Beləliklə, daha erkən pit-stop etmiş Prost liderliyə yüksəlir və qalib gələrək titulunu müdafiə edir. 1987-ci ildə isə titul mübarizəsindən uzaqda qalır – üç qələbə qazandığı mövsümü Pike, Mənsell və növbəti mövsümdə ən böyük rəqibi olacaq Ayrton Sennadan sonra dördüncü yerdə tamamlayır.
1987-ci ilin Williams üçün uğurlu olmasına baxmayaraq, Honda komandaya növbəti mövsümdə motor verməyəcəyini bildirir. Buna səbəbi Williams-ın Naycel Mənselli göndərərək yerinə Honda-nın test sürücüsü Satoru Nakacimanı gətirməkdən imtina etməsi olur. Yaponlar McLaren-lə işləməkdə maraqlı olurlar, McLaren də onların diqqətini cəlb etmək üçün Senna ilə üçillik müqavilə bağlayır. Komanda mövsüm ərzində misli görünməmiş dominantlıq edir – Prost və Senna 16 yarışın 15-də qalib gəlirlər. Prost finişə çatdığı 14 yarışın hamısında ilk iki yerdən birini tutur. Yekunda Sennanın 94, Prostun isə 105 xalı olur. Lakin həmin mövsüm hər pilotun ən yaxşı 11 nəticəsi nəzərə alındığından, mövsümü Senna 90 xalla çempion kimi, Prost isə 87 xalla ikinci yerdə tamamlayır.
1989-cu ildə ikili arasındakı münasibətlər pisləşir. Prost Sennanı təhlükəli sürməkdə, braziliyalı da Prostu FİA-nın o dövrdəki prezidenti Jan-Mari Balestr tərəfindən dəstəklənməkdə günahlandırır. İki sürücü razılığa gəlirlər – kim startda birinci olsa, digəri ilk döngəyə qədər ona hücum etməyəcək. San Marinodakı yarışda Senna startda birinci olur və Prost razılığa sadiq qalır. Lakin Gerhard Bergerin qəzasından sonra restart verilərkən, Senna lider Prosta hücum edərək şərtləri pozur. Senna daha sonra aralarında belə razılığın olduğunu təkzib edir. Lakin Prost Sennanın yalan söylədiyini bildirir və razılaşmanın şahidi kimi Marlboro-nun rəsmisi Con Hoqanı göstərir.
Mövsümə damğasını vuran hadisə isə Yaponiyada baş verir. Yarışın 46-cı dövrəsində Senna ilə Prost arasında Casio döngəsində insident baş verir. Prost yarışı dayandırmalı olur, lakin Senna marşalların köməyi ilə yarışı davam etdirir. Pit-Stop etdiyi üçün Alessandro Nanninidən geri düşür, lakin 50-ci dövrədə elə həmin döngədə onu ötür. Lakin yarışdan sonra Sennanın nəticəsi onun döngəni kəsdiyi əsas gətirilərək ləğv edilir, Prost dörd qələbə qazandığı mövsümdə üçüncü titulunu rəsmiləşdirir. Sennaya 100 mn dollar cəza verilir və altı aylıq diskvalifikasiya edilir. Komandanın Sennaya işlədiyini düşünən Prost növbəti mövsüm Ferrari-də yarışacağını açıqlayır.
1990-cı ildə Mənsellə komanda yoldaşı olan Prost yenə uğurlu mövsüm keçirir. Beş qələbə qazanır və titula iddialı olur. Lakin Yaponoyadakı yarışda bir il əvvəlki ssenari təkrarlanır. Start verildikdən sonra Prost liderliyi ələ alır. Lakin ilk döngədə Senna maşını bilərəkdən onun üzərinə sürür. Çünki hər ikisi yarışı dayandırsaydı, braziliyalı çempion olacaqdı. Senna istəyinə çatır və ikinci titulunu rəsmiləşdirir. 1991-ci ildə fransız sürücü ilə Scuderia rəhbərliyi arasındakı münasibətlər pisləşir. Xüsusilə də Ferrari 643-ü tənqid edən Prost mövsümün sonuna bir yarış qalmış komandadan uzaqlaşdırılır. Ferrari-nin onunla müqaviləsində 1992-ci il də nəzərdə tutulduğundan, italyan komanda Prosta növbəti mövsümdə heç bir komandada yarışmaması üçün ödəniş edir.
1992-ci ildə yarışmayan fransız 1993-cü il üçün Williams-la müqavilə bağlayır. Lakin müqaviləyə bir şərt əlavə etdirir: Əgər komanda Sennanı gətirmək istəsə, Prost gedəcək. Güclü Williams ilə mükəmməl mövsüm keçirən Prost yeddi qələbə qazanır və 99 xalla dördüncü titulunu əldə edərək o dövr üçün Fanxiodan sonra ən çox çempion olmuş sürücü olur. Lakin mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayır, çünki artıq Sennanın gələcəyi ilə bağlı şayiələr yayılırdı…
Beləliklə, Alen Prost möhtəşəm Formula1 karyerasını bitirir. Yarışdığı 13 mövsümdə 51 qələbə qazanır və qələbə sayına görə rekordu 2001-ci ilə qədər əlində saxlayır. Hazırda Mixael Şumaxer (91) və Lyuis Həmiltondan (53) sonra ən çox qələbə qazanmış üçüncü sürücüdür.
Karyerasından sonra bir müddət şərhçilik edir. Şərhçisi olduğu yarışlardan biri də, 1994-cü ildə Sennanın həlak olduğu San Marino Qran Prisidir. 1999-cu ildə avtoidman kateqoriyası üzrə World Sports Awards of the Century mükafatına layiq görülür. 1997-ci ildə qurduğu Prost Team komandası Formula1-də 2001-ci ilə qədər yarışır, amma uğur qazanmır.
Prost Anne-Mari adlı xanımla ailə qurub, Nikola və Saşa adlı iki oğulları, Victoria adlı qızları dünyaya gəlib. Nikola WEC-də yarışıb, hazırda isə Formula E və 24 saatlıq Le Man yarışlarında çıxışını davam etdirir. Alen Prost 2012-ci ildən etibarən Renault-nun rəsmi səfiridir.
Həmçinin, qolf həvəskarı olan Alen Prost Formula1 tarixinin ən yaxşılarındandır və bəzi xüsusiyyətlərinə görə bəlkə də, hamını üstələyir. Onu daha məşhur edən Senna ilə rəqabətləri olub. Lakin bir məsələ var – Ayrton Senna həmişə ictimaiyyətə hadisələrin müsbət qəhrəmanı kimi təqdim olunub. Alen Prost isə əks cəbhədə göstərilib. Bunun nümunələrindən biri də, 2010-cu ildə çəkilmiş “Senna” sənədli filmidir. Prostun yarışlarda bir prinsipi olub: “Beşincilik mənə kifayət edirsə, dördüncü olmaq üçün çalışmaram”.