F-1.az xatırladır ki, yerli tütün manufakturası John Player & Sons yarışa titul sponsorluğu etdiyi üçün ilk yarış tarixə John Player Grand Prix of Europe adı ilə düşür. Məhz bu şirkətin sponsorluq etdiyi Lotus komandasının sürücüsü Elio de Ancelis şənbə günü hamıdan sürətli olaraq karyerasında ilk poulunu qazanır. Amma italiyalı sürücünü yarışda heç kim favorit hesab etmirdi – Renault turbomotoru ilə təchiz edilmiş maşın həmin il 13 yarışdan yalnız ikisində finiş görməyə imkan vermişdi. Mövsümün sonuna cəmi iki yarış qalmışdı, titul isə dörd namizəd var idi – hər bir namizəd sabahkı yarışda maksimum xal qazanmağa çalışrıdı.
İki həftə əvvəl Montsada mövsümdə ikinci qələbəsinə sevinən Brabham komandasının braziliyalı sürücüsü Nelson Pike Ferrari komandasının sürücüsü Patrik Tambeni üstələyərək sürücülərin çempionatında üçüncü yerə yüksəlmişdi. Nelson Ferrarinin digər sürücüsü Rene Arnuya 3 xal uduzurdu, Renault komandasının gənc sürücüsü Alen Prost isə çempionata başçılıq edir və ilk titulunu qazanmağa çox yaxın idi.
Start düzümü maraqlı alınmışdı ilk cərgədən de Ancelisin yanında Pikenin komanda yoldaşı Rikardo Patreze dayanmışdı. İkinci cərgədə Lotus-un digər sürücüsü yerli azarkeşlərin sevimlisi Naycel Mənsell və Pike yer almışdılar. Titula namizdə olan Ferrari sürücüləri 3-cü cərgəni zəbt etmişdilər – Tambe Arnudan bir neçə metr öndə idi. Renault komandasının sürücüləri isə yarışa 4-cü cərgədən başlayırdılar – maraqlıdır ki, Prost da komanda yoldaşı Eddi Çiverə uduzmuşdu.
Startda daha yaxşı tərpənən Patreze həmyerlisini qabaqlayaraq birinci döngəyə öndə girir. Bir neçə döngədən sonra Pike də Lotusun digər sürücüsünü keçərək 3-cü yerə yüksəlir. İlk dövrədni Prost 5-ci yerdə tamamlayır, Arnu və Tambe isə onu təqib edirdilər.
Tezliklə Rene Arnu yaxşı xal qazanmaq şansını itirir – Ferrari sürücüsü səhvə yol verir, trasdan çıxır və peletonun sonuna düşür.
Altıncı dövrədən başlayaraq de Ancelis motorda kənar səslər eşitməyə başlayır. Mövsümün gedişində ona başağrısı olan bu səslərdə Elio başa düşür ki, bir neçə dövrədən sonra motor işləməkdən imtina edəcək. Ona görə də həmyerlisinə hücum etmək qərarına gəlir.
Lotus sürücüsü 10-cu dövrədə Patrezeni gec əyləci basmaqla keçməyə cəhd edir, amma trayektoriyaya qayıdan Brabham sürücüsü ilə toqquşur. Hər iki sürücü trasa qayıtsa da, Nelson Pike yanlarından ötüb liderliyi ələ alır. Patreze təkərlərinə hopmuş tozu təmizləməmiş Prost da ona yaxınlaşır, bir-iki döngədən sonra fransalı professor da onun müqavimətini qıraraq ikinciliyə yüksəlir. Elio de Ancelis iki dövrədən sonra dayanmalı olur – motor yenə də partlayır.
Bundan sonra əsas yerdəyişmələr liderlərdən arxada baş verir. Patreze pit-stop zamanı çoxlu vaxt itirir, üçüncülüyə yüksəlmiş Tambenin maşınında isə əyləclər sıradan çıxır.
Nelson Pike isə tarixin ilk Avropa Qran Pisində podiumun ən yüksək pilləsinə qalxır. Ardıcıl ikinci qələbəsi sayəsində braziliyalı dünya çempionu bu yarışda sonra çempionatda Alen Prosta cəmi iki xal uduzur. Çempionatın taleyi 3 həftədən sonra Cənubi Afrika Respubliksaının Kyalami trasında keçiriləcək son yarışda həll olacaqdı.
Tribunalarda isə azarkeşlərin sevincinin həddi-hüdudu yox idi. Onların sevimlisi Naycell yarışı 3-cü yerdə başa vurmuşdu. “Britaniyalı şir” təxəllüsünü daşıyan Naycel karyerasında 3-cü dəfə podiuma yüksəlsə də, ilk dəfə yarışda sürətli dövrəyə imza atmışdı.
P.S. Conatan Palmer karyerasında ilk dəfə sıralanma turunu keçərək öz doğma trasında yarışda start almışdı. Finişdə 13-cü olan Conatan bu il dünya çempionatında debüt edəcək Culian Palmerin atasıdır.
P.P.S. Yarışda 6-cı yeri tutan Bruno Cakomelli karyerasında son xalını qazanmışdı…
25.09.1983. John Player Grand Prix of Europe
Mövsümün 14-cü, tarixin 387-ci yarışı
Dövrənin uzunluğu – 4 206 m, dövrələrin sayı – 76, yarış məsafəsi – 319 664 m
Günəşli, isti, quru
Yer | Start | N | Sürücü | Komanda | Dövrə | Zaman/Fərq | Xal |
1 | 4 | 5 | Nelson Pike | Brabham-BMW | 76 | 1:36:46.1 | 9 |
2 | 8 | 15 | Alen Prost | Renault | 76 | + 0:06.571 | 6 |
3 | 3 | 12 | Naycel Mənsell | Lotus-Renault | 76 | + 0:30.315 | 4 |
4 | 14 | 22 | Andrea de Çezaris | Alfa Romeo | 76 | + 0:34.396 | 3 |
5 | 11 | 35 | Derek Uorik | Toleman-Hart | 76 | + 0:44.915 | 2 |
6 | 12 | 36 | Brunno Cakomelli | Toleman-Hart | 76 | + 0:52.190 | 1 |
7 | 2 | 6 | Rikardo Patreze | Brabham-BMW | 76 | + 1:12.684 | |
8 | 9 | 9 | Manfred Vinkelhok | ATS-BMW | 75 | + 1 dövrə | |
9 | 5 | 28 | Rene Arnu | Ferrari | 75 | + 1 dövrə | |
10 | 7 | 16 | Eddi Çiver | Renault | 75 | + 1 dövrə | |
11 | 18 | 30 | Tyeri Butsen | Arrows-Ford | 75 | + 1 dövrə | |
12 | 21 | 33 | Roberto Qerrero | Theodore-Ford | 75 | + 1 dövrə | |
13 | 25 | 42 | Conatan Palmer | Williams-Ford | 74 | + 2 dövrə | |
14 | 19 | 40 | Stefan Yuxansson | Spirit-Honda | 74 | + 2 dövrə | |
15 | 23 | 26 | Raul Boyzel | Ligier-Ford | 73 | + 3 dövrə | |
– | 6 | 27 | Patrik Tambe | Ferrari | 67 | Trasdan çıxıb | |
– | 26 | 3 | Mikele Alboreto | Tyrrell-Ford | 64 | Mühərrik | |
– | 24 | 32 | Pyerkarlo Qindzani | Osella-Alfa Romeo | 63 | Drossel | |
– | 17 | 29 | Mark Zurer | Arrows-Ford | 50 | Mühərrik | |
– | 16 | 1 | Keke Rosberq | Williams-Ford | 43 | Mühərrik | |
– | 15 | 23 | Mauro Baldi | Alfa Romeo | 39 | İlişmə muftası | |
– | 10 | 7 | Con Uotson | McLaren-TAG | 36 | Trasdan çıxıb | |
– | 20 | 4 | Dənni Sallivan | Tyrrell-Ford | 27 | Yağ sızıb | |
– | 13 | 8 | Niki Lauda | McLaren-TAG | 25 | Mühərrik | |
– | 1 | 11 | Elio de Ancelis | Lotus-Renault | 12 | Yağ nasosu | |
– | 22 | 25 | Jan-Pyer Jarye | Ligier-Ford | 0 | İlişmə muftası | |
– | – | 17 | Kenni Eykson | RAM-Ford | Sıralanma turunu keçməyib | ||
– | – | 31 | Korrado Fabi | Osella-Alfa Romeo | Sıralanma turunu keçməyib | ||
– | – | 2 | Jak Laffit | Williams-Ford | Sıralanma turunu keçməyib |