F-1.az xatırladır ki, Red Bull komandası mövsüm başlayandan demək olar ki, yenilik gətirməyib. Buna baxmayaraq, 10 yarışın hamısında qalib gəlib. Onlar hazırda 411 xalla liderdirlər və ən yaxın izləyiciləri Mercedes-i 209 xal qabaqlayırlar. Maks Ferstappen isə ikinci yerdəki Serxio Peresdən 99 xal öndədir.
Lakin “qırmızı öküzlər” bu həftəsonu maşında vacib dəyişikliklər edəcəklər. İddialara görə maşının saydpodu dəyişəcək.
Maks Ferstappen: “Macarıstandakı yarış çox vaxt qəribə olur. Keçən il yağış və aşağı temperatura görə təkək seçimində düzgün qərarlar vermək asan deyildi, amma komanda sakit qalaraq, doğru qərarlar verdi.
Bu həftəsonu yeniliklərimiz olacaq. Ümid edirəm ki, gözlədiyimiz kimi işləyər və növbəti yarışlarda daha yaxşı performans əldə edərik. Görək belə yavaş döngələri olan trasda nə edəcəyik.
Macarıstanda sürmək həmişə həzz verir. Bura texniki trasdır. Burada sürməyi həmişə səbirsizliklə gözləmişəm”.
Komandanın digər sürücüsü Serxio Peres isə bildirib ki, sıralanma turundakı performansını yaxşılaşdırmaq istəyir: “Macarıstanda bütün həftəsonunu rəqabətçi səviyyədə keçirmək istəyirəm. Buna görə də bu yarış mənim üçün vacib olacaq. Bu il sıralanma turunda bir neçə dəfə geriyə düşdüyümü bilirəm. Buna görə də Macarıstanda əsas hədəfim şənbə günü yaxşı performans göstərmək olacaq, çünki maşının yaxşı tempinə görə hər yarış podiuma çıxmaq mümkündür. Bazaya gedərək, zəif yönlərim üzərində çox işləmişəm”.
Qeyd edək ki, meksikalı sürücü son 5 sıralanma turunda üçüncü sessiyaya qala bilməyib. Bu həftəsonu isə Macarıstanda yeni sıralanma formatı olacaq. Beləki, bütün sürücülər birinci sessiyada Hard, ikinci sessiyada Medium, üçüncü sessiyada isə Soft təkərlərdən istifadə edəcək.
Xatırladaq ki, Red Bull komandası keçən il Maks Ferstappenlə Macarıstanda qalib gəlmişdi. Əgər “qırmızı öküzlər” builki yarışda da qalib gəlsələr, ardıcıl 12 qələbə ilə yeni rekorda imza atacaqlar.