F-1.az xatırladır ki, İtaliyanın şimal bölgələrində günlərdir ki, yağan leysan yağışlar daşqınlara və fəsadlara səbəb olub. Bu həftəsonuna planlaşdırılan Emiliya Romanya Qran Prisinin keçiriləcəyi İmola trası da həmin bölgədə olduğundan, son günlərdə yarışın keçirilib-keçirilməyəcəyi hamı tərəfindən müzakirə edilib. Nəhayət, bu gün verilən qərarla yarışın keçirilməyəcəyi aydınlaşıb.
Artıq çempionat təmsilçilərindən məsələ ilə bağlı şərhlər gəlir. Red Bull komandasının açıqlaması isə belədir: “İtaliyanın şimalına yağan güclü yağışı nəzərə alaraq, biz Formula1-in bu həftəsonu İmolada yarışı keçirməmə qərarını dəstəkləyirik. Bütün iştirakçıların və region sakinlərinin təhlükəsizliyi hər şeydən vacibdir və əsas prioritet olaraq qalmalıdır. Düşüncələrimiz davam edən daşqından zərər çəkənlərlə və bu çətin zamanda bölgədə çalışan xilasetmə qrupları ilədir”.
Qeyd edək ki, növbəti yarış gələn həftəsonu Monakoda baş tutacaq.