Red Bull-un Nyuinin istefa verəcəyi təqdirdə artıq planı var

Ədrian Nyui haqlı olaraq Red Bull sürücülərinin müxtəlif vaxtlarda qazandıqları qələbələrin həmmüəllifi hesab olunur, lakin bir neçə gündən sonra məşhur mühəndisin 64 yaşı tamam olacaq və çox güman ki, o, artıq özünün yaxınlaşan pensiyası barədə düşünür.

F-1.az xəbər verir ki, Kristian Hornerin sözlərinə görə, komanda əvvəlcədən hazırlaşmaq üçün belə bir ssenarinin müzakirəsinə artıq başlayıb.

Nyui 2006-cı ildən Milton Kins komandasındadır və bundan əvvəl Williams və McLaren üçün çempionluq maşınları düzəldib. 2010-2013-cü illər arasında Sebastyan Fettel Nyuinin hazırladığı maşınlarla dörd titul qazanıb və komanda dörd dəfə Mühəndislər Kubokunun qalibi olub.

Daha sonra Mercedes komandasının Formula1 traslarında dominantlığı başlayıb, lakin keçən il Maks Ferstappen çempion olub, 2022-ci ildə isə uğurunu təkrarlayıb, hələ üstəlik Red Bull komandasının daha bir titul qazanmasına vəsilə olub. Ferstappen və Serxio Peresin qazandığı rekord sayda qələbə yalnız onu təsdiqləyir ki, Nyui ilə müqayisə oluna bilənlər hələ də azdır.

O, Red Bull-un texnologiya departamentinə rəhbərlik edir, müxtəlif layihələrdə fəal iştirak edir və hələ ki, təqaüdə çıxmaq fikrində deyil, lakin Horner bunun üçün hazırlıqların artıq başladığını gizlətmir.

“Əlbəttə, biz artıq buna diqqət yetiririk və bir müddət əvvəl müzakirə etməyə başlamışıq, – deyə o, Speedcafe-nin Avstraliya nəşrinə verdiyi müsahibədə bildirib. – Əlbəttə, Red Bull Advanced Technologies şirkəti yarananda və bu il elan etdiyimiz RB17 hiperkarı üzərində iş başlayanda Ədrianın texniki departamentdə rolu dəyişdi.

O, vaxtını bir neçə müxtəlif layihələr arasında bölüşdürür və bu, digər mütəxəssislərin irəli çəkilməsinə şərait yaradır. Bizim texniki direktor Pyer Vaşe və onun mühəndislik şöbəsi var. Əla işləyirlər, hərçənd, aydındır ki, Ədrian onlarla sıx əlaqə saxlayır.

O, həqiqətən ensiklopedik biliyə malikdir, lakin bütövlükdə komandamızın texniki cəhətdən güclü olduğunu və çox səmərəli işlədiyini görmək çox xoşdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*