Rikkardo noyabrın sonunda verdiyi müsahibəsində gələcəyi ilə bağlı qərarını sırf öz maraqlarına görə verəcəyini, özü üçün ən yaxşı variantı seçəcəyini və hər şeyi çox düşünməli olduğunu bildirmişdi. O, həm də əlavə etmişdi ki, Red Bull-un növbəti mövsümdə necə təsir bağışlayacağını bilmir və vəziyyət onun istədiyi kimi olmaya da bilər. Red Bull komandasının rəhbəri Kristian Horner isə bildirib ki, Danielin qərarını uzun müddət gözləmək niyyətində deyillər və hətta onun düşüncələrini nəzərə almadan da qərar verə bilərlər.
Kristian Horner: “Düşünürəm ki, Daniel bizim güclü cəhətlərimizi bilir və ortaq məxrəcə gələcəyik. Mənim fikrimcə, karyerasının bu mərhələsinə gəlib və bütün mövcud fürsətlərdən istifadə etmək istəyir. Bu, başa düşüləndir. Lakin məsələ orasındadır ki, biz onun qərarını həmişəlik gözləyə bilmərik. Komandanın çox yaxşı sürücü namizədləri var, lakin biz ilk növbədə Danielin komandada qalması üçün həll yolu tapmağa çalışacağıq”.
Hornerdən qərarın nə vaxt veriləcəyi soruşulduqda, dəqiq cavab verməkdən boyun qaçırıb: “Məndə elə təəssürat yarandı ki, o, gələn mövsüm güc qurğularının hansı vəziyyətdə olacağını görmək istəyir. Çünki son dörd mövsüm ərzində vəziyyət çox da ürəkaçan olmayıb. Buna görə də hadisələrin necə inkişaf edəcəyini görmək istəməsini başa düşürəm”.