F-1.az xatırladır ki, 2009-cu ildən bəri ən pis nəticəsi üçüncülük olan Red Bull komandası 11 illik mühərrik tərəfdaşı Renault-dan imtina edərək Honda-ya keçib. Bundan başqa, 2014-cü ildən avstriyalıların heyətində olan Rikkardo da komandanı tərk edərək Renault-ya gedib. Onun əvəzinə isə Pyer Qasli gətirilib. Beləliklə, “qırmızı öküzlər” peletonun ikinci ən gənc sürücü heyətinə malik olacaqlar.
Red Bull bu dəfə fərqli rəng çalarlarından istifadə edib. Boliddə qırmızı, boz və tünd göy rənglərlə boyanıb. Bolidin ön qanadında Mobil1, mühərrik qapağının üzərində isə Honda loqotipi var. Halo-nun üzərinə Tag Heuer-in, kokpitin ətrafına və arxa qanada Aston Martin loqotipi yapışdırılıb. Lakin komanda bu rəng çalarının ancaq testlərdə istifadə edəcəyini açıqlayıb.