Red Bull Racing – Red Bull RB13

Red Bull komandası mövsümöncəsi testlərə bir gün qalmış yeni maşınını təqdim edib. Son mövsümü komanda ikinci yerdə başa vurmuşdu, ona görə də aşkar növbəti məqsəd Mercedes-lə birincilik uğrunda mübarizə aparmaqdır. Komanda reqlament dəyişikliyindən irəliyə doğru böyük addım kimi yararlanmağa ümid edir, Renault motorçuları isə ciddi inkişaf etdiklərinə əmindirlər - ona görə də komandanın mövsümdən gözləntiləri böyükdür.

Red Bull komandası əlamətlərə inanmır, bəziləri 13 rəqəmini nəhs saysalar da, komanda RB13 modelini jurnalistlərə saat 13:13-də təqdim edib – daha doğrusu komanda rəsmi saytında videoçarx yayımlayıb, real maşını isə biz sabah testlərdə görə biləcəyik.

F-1.az xatırladır ki, Nyui həmişə son dəqiqəyədək maşın üzərində işləməyə üstünlük verir, ona görə sabah başlayacaq testlərdə də, daha sonra Melburnda da biz tam fərqli RB13 görə bilərik. Maşın ənənəvi rəng çalarlarına boyanıb, burun elementi tam fərqlidir – burnun ucunda hava kanalının girişi var.

 

Kristian Horner, komandanın başçısı: “Məncə, biz ən gözəl maşınlardan birini hazırlamışıq. Buna bir qədər yeni texniki reqlament də kömək edib: builki maşınların həndəsi biçimi, mütənasibliyi, ümumiyyətlə, aqressivlik və sürət yaradan hər bir cəhəti düzgündür.

Qışda böyük ruh yüksəkliyi ilə işlədik, çünki keçən mövsümü əla keçirdik, maşını tədricən modernizə etdik və mövsümün sonunda Mühəndislər Kubokunda 2-ci olduq. Hərçənd, bu maşının hazırlıqlarına biz çox əvvəldən başlamışdıq, həm də ağ vərəqdən başlamışdıq – hər bir konstruktor, mühəndis qarşısında duran çətin və maraqlı vəzifələrdən xəbərdar idi.

Bundan başqa, bu il biz yeni mühərrik almışıq, motorçular onun hazırlanmasında fərqli konsepsiya tətbiq ediblər. Qışda onların da kifayət qədər işləri var idi. Ümid edirik ki, güc qurğusu doğrudan da güclənib və əgər ümidlərimiz doğru olarsa, onda bu il biz Mercedes və Ferrari ilə liderlik mübarizəsi apara biləcəyik”.

Ədrian Nyui, texniki departamentin başçısı: “1998-ci ildə Formula1 ensiz şassiyə keçəndən sonra mən daim deyirdim ki, maşınlar mütənasib görünmürlər. Hətta ensiz maşınlara nəzərən keçənilki təkərlər də yekə görünürdülər. Təkər bazası da uzun olduğu üçün ensiz maşınlar daha uzun görünürdülər. İndi biz enli təkərlərlə enli maşınlara qayıdırıq, indi hər şey normal görünür.

Reqlamentin belə ciddi dəyişməsi zamanı ideyaların sayı həddən çox olur, amma əlimizdə olan zaman kəsiyində onların hamısını dəyərləndirib tətbiq eləmək alınmır. Bundan başqa, bizim maliyyə resurslarımız da məhduddur, ona görə də müəyyən qərarlara üstünlük verməli oluruq. Düzgün etdiyimizi isə gələcək göstərəcək”.

Rob Marşall, baş konstruktor: “Biz bir çox maraqlı məsələləri həll etməli olduq, çoxdandır ki, reqlamentdə belə ciddi dəyişikliklər yox idi, ona görə də bütün şöbələr maraqla çalışırdılar.

Biz sürətli maşın hazırlamaq üçün nə etmək lazım olduğunu bilirik, mühəndislərimiz bunun üçün müxtəlif təkliflər hazırlamışdılar. Biz bu təkliflərdən ən əsaslarını seçərək yeni maşın üzərində reallaşdırmışıq.

Gözlənildiyinə görə yeni maşınlar dövrədə 4-5 saniyə sürətli olacaqlar.  Əlbəttə, bunun əsas səbəbi döngələrdə sürətlərin artması olacaq, çünki asfaltayatma qüvvəsi və asfaltla mexaniki ilişmə artacaq. Amma unutmayaq ki, eyni zamanda havaya qarşı müqavimət də artacaq, ona görə də düzlüklərdə maksimal sürətlər aşağı düşəcək. Bu zaman güc qurğusunun rolu artacaq. Çünki yalnız güclü maşınlar havaya qarşı müqaviməti asanlıqla yara biləcəklər”.

Komandanın şərəfini bu il Daniel Rikkardo və Maks Ferstappen qoruyacaqlar, onlar arasında mübarizə prinsipial xaraker daşıyacaq və çox maraqlı olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*