F-1.az bildirir ki, Ben Xockinson artıq Mercedes komandasının motor şöbəsini (Mercedes AMG High Performance Powertrain) tərk edərək Red Bull komandasının motor şöbəsinə (Red Bull Powertrains) başçı təyin olunub.
Mercedes komandası hazırda bu keçidi maksimum ləngitməklə məşğuldur – Ben səviyyəsində mühəndisin keçidi ən azı birillik akademik məzuniyyətdən sonra mümkündür.
Bu gün isə məlum olub ki, Mercedes-dən daha 5 mühəndis Miltons Ki-yə keçir: Stiv Blyuit istehsal şöbəsinə, Omid Mostqimi elektronika və ERS şöbəsinə, Pip Kloud mexaniki hazırlıqlar şöbəsinə, Anton Mayo və Stiv Brodi isə daxiliyanma mühərrikinin konstruksiya şöbəsinə təyinat alıblar.
Kristian Horner: “Red Bull-un Formula1 əməliyyatını Red Bull Powertrains ilə bir yerə yığmaq həyəcanvericidir, eyni zamanda da çox çətindir. Sadəcə düzgün insanları seçib, onlara yaxşı iş mühiti yaradaraq uğur qazana bilərik.
Bu gün komandaya etdiyimiz təyinatlar, hədəflərimizə olan sədaqətimizi göstərir. Bazamız İngiltərədə olduğu üçün rahatlıqla istedadlı insanlarla anlaşa bildik. Yeni işçilərimiz Red Bull-un güc qurğusu şöbəsinə təcrübə və yenilik gətirir”.