Red Bull komandasının başçısı Kristian Horner əmin edir ki, FİA-nın qeyri-leqal asılqan sistemləri barədə izahatları RB6 şassisinə aid deyil. Rəqib komandalar Milton Kinsdən olan komandadan sıralanma turundan sonra maşının klirensini dəyişən hər hansı bir sistemdən istifadə etməkdə şübhələnirlər. Amma Malayziyada RB6 FİA-nın mütəxəssisləri tərəfindən təftiş olunub. Yarışdan sonra isə FİA komandalara faks göndərərək belə bir sistemlərdən istifadənin reqlamentə zidd olmasını izah edib.
Britaniyanın Autosport qəzetinə müsahibəsində Red Bull komandasının başçısı Kristian Horner Çin Qran Prisində maşında heç nəyi dəyişməyəcəklərini bildirib…
Kristian Horner: “Xeyr, biz heç nəyi dəyişməyəcəyik. Biz Çinə mövsümün ilk üç yarışında starta çıxan maşını gətirəcəyik. FİA-nın xəbərdarlığı bizim şassinin xüsusiyyətlərində əks olunmayacaq.
Mən bilmirəm ki, başqa komandalar nə edəcəklər, amma bütün söz-söhbətlərə baxmayaraq, bu məsələnin Red Bull-a aidiiyyatı yoxdur. RB6 – sürətli maşındır. Bizim komanda əla işləyib və əlbəttə, belə rəqabətədavamlı komandanı hər cür məsələdə ittiham edəcəklər. Amma mən bunu kompliment kimi qəbul edirəm. Tərəddüd etmirəm ki, əgər hazırda biz 14-cü olsaydıq, heç kim bizdən şübhələnməzdi.
Çox güman ki, federasiya məsələyə müdaxilə etməyi zəruri görüb, məncə, onlar düzgün ediblər: bu bəzi komandaların tələsik asılqanları təkmilləşdirmək cəhdlərini saxlayacaq, çünki belə cəhdlər çox baha başa gələrdi. Amma indi, sözsüz ki, böyük məbləğdə qənaət etmiş olacaqlar. Əgər kimsə belə bir sistemdən istifadə etsə, federasiya komandanı cəzalandıracaq. Biz FİA-nın qərarını dəstəkləyirik, qərar bizi tam qane edir.
Bəzən reqlamentin yozumu bəzi maddələri özümüzə uyğun istifadə etməyə imkan verir, yaxşıdır ki, bu halda biz federasiyadan izahat aldıq və aktiv asılqanların istənilən növü qanundan kənar sayılacaq.”