Red Bull komandası Fettellə əməkdaşlığa qayıtmayacaq

Gələn il yalnız Formula1-də köklü islahatlar ili olmaycaq, komandaların heyətlərində də ciddi dəyişikliklər görə bilərik.

F-1.az xatırladır ki, hələlik əminlik yalnız Maks Ferstappenin Red Bull, Şarl Leklerın Ferrari, Esteban Okonun Renault, Serxio Peresin Racing Point, Corc Rasselin Williams komandaları ilə bağladıqları müqavilələrdə mövcuddur. Ancaq çempionatda yerdə qalan 15 yeri nisbi vakant saymaq olar.

Lyuis Həmilton və Sebastyan Fettelin gələcək planları daha böyük maraq doğurur. Bir çox mütəxəssis altıqat dünya çempionunun ehtimal ki, 2020-ci ildən sonra da Mercedes-də qalacağına və tərəflərin artıq razılığa gəlməyə yaxın olduqlarına inanır, amma son şayiələrə görə, Lyuis yeni şərtlər irəli sürüb. Düzdür, onun özü bu şayiələri təkzib edərək müqaviləni uzatmaq üçün danışıqların hələ başlamadığını bildirib.

Lakin Sebastyan Fettelin vəziyyəti daha dumanlıdır. Onun Ferrari ilə müqaviləsi ilin sonunda başa çatır, komanda aşkar şəkildə perspektivli və istedadlı Leklerlə əməkdaşlığa üstünlük verir. Maranello artıq Sebastyanın taleyinin öz əlində olduğunu və hər şey mövsümün ilk yarışların nəticələrindən asılı olacağını açıqlayıb.

Fettel heç vaxt karyerasını başa vuracağını deməyib və yəqin ki, Ferrari-də qalacağına ümid edir – bəs komanda rəhbərliyinin bu məsələdə fərqli fikri olsa, nə baş verəcək? Bəlkə almaniyalı sürücü illər əvvəl ardıcıl dörd titul qazandığı Red Bull-a qayıtmaq şansına sahibdir?

Əgər Sebastyanın azarkeşləri bu ssenariyə ümid edirlərsə, Red Bull-un idman məsləhətçisi Helmut Marko onları məyus etməyə məcbur olub…

Helmut Marko: “Maks ilə müqavilənin müddətinin uzadılmasından sonra, adları “F” ilə başlayan iki sürücünün komandamız üçün yarışdığını təsəvvür edə bilmirəm. Ən azı maddi səbəblərə görə çox çətin olacaq”.

Bununla yanaşı, 76 yaşlı avstriyalı mütəxəssis Fettelin peşəkar keyfiyyətlərindən məmnun olduğunu gizlətməyib: “Sebastyan rahatdırsa, bolid onun tərzinə uyğun gəlirsə, o mütləq yüksək nəticələrə qadirdir.

Fettel yaxşı sürücü və siyasətə girmək istəməyən, səhnə arxasında mübarizədə iştirak etmək istəməyən səmimi bir insandır. Ferrari-də hazırda Şarl Leklerin böyük üstünlüyü var – onun meneceri Nikolas Todtdur.

Yenə də Sebastyanın komandada qalması və uğur qazanması üçün lazım olan hər bir şey var. Sual başqadır: alınacaqmı?..”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*