Red Bull ilə bir tarixə şahidlik edəcəyik?

Britaniyada sıralanma turu geridə qaldı. Yağışlı havadan quru havaya keçən sıralanma turunda Maks Ferstappen poul qazansa da, sürprizlərə də şahid olduq.

Əslində əksəriyyət gözləyirdi ki, Maks rahatlıqla poul qazansın. Amma belə də yox. Niderlandlı sürücü son sessiyadakı birinci cəhdindən sonra rəqibinə 0.6 saniyə fərq atmışdı. İkinci cəhdlərdə isə ilk iki sektorda səhvlər etməsinə baxmayaraq, son sektordakı performansına görə ən yaxın rəqibi Lando Norrisi 0.2 saniyə qabaqlayaraq, poul qazandı.

Maks bu gün Britaniya Qran Prisində qalib gəlməklə komandasına ardıcıl 11-ci qələbəni gətirə bilər. Bu isə McLaren komandasının 1988-ci ildəki rekordunun təkrarlanması deməkdir. Bundan başqa karyerasında ilk Britaniya Qran Prisi qələbəsi də gələ bilər. Red Bull RB19-un performansını nəzərə alsaq, bu elə də mümkünsüz deyil. Təki ikiqat Dünya Çempionu səhvə yol verməsin.

Lakin Red Bull-da qarajın digər tərəfində üzlər heç gülmür. Xüsusən də sıralanma turunda. Sexio Peres ardıcıl 5-ci dəfədir ki, sıralanma turunda son sessiyaya qalmır. Amma məncə, günah bu dəfə onda deyildi. Yağışlı havadan quru havaya keçən trasda komanda onu hamıdan əvvəl trasa buraxdı. Beləliklə, Çeko hamıdan əvvəl nəticə göstərərək, özünü riskə atdı. rəqibləri isə arxadan gəlib, nəticələri daha da yaxşılaşdırdıqları üçün Serxio sonda 16-cılıqla razılaşmalı oldu. Düzdür, Bottasın cəriməsi ilə o, yarışa 15-ci yerdən başlayacaq, amma Red Bull RB19 kimi maşınla ardıcıl 5 yarış son sessiya görməmək bir sürücü üçün utancverici haldır.

Günün ən böyük sürprizi isə McLaren komandası idi. Silverstounda 60-cı ildönümünü qeyd edən komanda yarışa 2-ci və 3-cü yerdən başlayacaq. Düzdür, bunda quruyan trasın da rolu var, çünki McLaren-in bolidi belə tras şəraitində təkərləri yaxşı işlətdiyi üçün üstünlük qazanırlar. Amma komandanın uğurunu təkcə buna bağlamaq olmaz.

Sonuncu Avstriya yarışında komanda yenilikləri Lando Norrisə vermişdi və britaniyalı sürücü az qala podiuma yüksələcəkdi. Bu dəfə yeniliklər hər iki sürücüyə də verilib. Belə görünür ki, “narıncılar”ın gətirdikləri yeniliklər saat kimi işləyir. Bəs görək 60-cı ildönümünü qeyd edən komanda doğma publikası önündə yarışı qazana biləcək? McLaren-in yarış tempi onlara podiumda olmağa kömək edəcək?

Scuderia Ferrari

Ferrari komandasına gəldikdə isə komanda son iki yarışda çox güclü idi. Kanada və Avstriyada aşkar şəkildə sürətli görünürdülər. Amma Silverstoune nisbətən fərqli trasdır.

Əslində Şarl Lekler dünən ideal dövrə vursaydı, poul qazana bilərdi. O, əvvəlcə 15-ci dövrədə səhv etdi. O, döngəyə 20 km/saat sürətli girərək, poul şansını qaçırdı. Hətta, McLaren sürücülərinin belə arxasına düşdü. Lakin unutmamalıyıq ki, monakolu sürücü cümə günü ikinci sərbəs t yürüşlərdə trasa çıxa bilmədi. Bu da onun yarış tempinə təsir edə bilər.

Mercedes komandası keçən il Lyuis Həmiltonla burada qələbəyə yaxın olsa da, bu il bəxt onların üzünə gülmədiyi halda, bu ehtimaldan danışa bilmərik. 2013-2021 aralığında buradakı 9 yarışdan 8-də qalib gələn Mercedes komandası bu dəfə çox aciz görünür. Hətta, almanlar son 10 ildə Silverstounda belə zəif olmamışdı deyə bilərik. Düzdür, Həmiltonun burada həmişə üstün performansı olub. Lakin yeddiqat Dünya Çempionunun önündə bu dəfə iki Ferrari, iki McLaren və gözü doymaq bilməyən Maks Ferstappen var. Yəni ki, Mercedes-in bu dəfə burada yaxşı nəticə qazanmasl üçün möcüzə lazımdır.

Həftəsonunun digər sürprizi isə sözsüz ki, Williams komandası oldu. Yerliləri McLaren kimi doğma publikaları önündə yubiley – 800-cü yarışlarını qeyd edən komanda Elbonla xarüqələr yaratdı. Taylandlı sürücü son yarışlarda üstün performans göstərərək, deyəsən yenidən Red Bull-a qayıtmaq istəyir. Xüsusən də Peressin son dövrlərdə çəkdiyi çətinlikləri nəzərə alsaq, bu ehtimal reallaşa bilər.

Günün digər uğursuzu Fernando Alonso oldu. Aston Martin komandası İspaniyadan bəri yaxşı təsir bağışlamır. Bunun səbəbi bəlkə də, yağışdan quruya keçən havadır. Nəticədə AMR23 təkərləri qızdırmaqda elə də mahir deyil. Belə havada sürücülərin işi lap çətinləşir. Dünən Alonso da son cəhdində səhv edərək, 9-culuqla barışmalı oldu. Lakin ispaniyalı sürücünün burada dəflərlər geridən yüksəldiyini görmüşük. Onun işi çətin olsa da, Fernando çətin işlərin adamıdır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*