F-1.az xatırladır ki, bu mövzu ilə bağlı son xəbərlər yazda ortaya çıxmışdı. O zaman məlum olmuşdu ki, bu əməkdaşın Hornerə qarşı şikayəti rədd edilib və o, işdən kənarlaşdırılıb. O zaman o, apellyasiya vermək hüququndan istifadə etmişdi, lakin nəticələrin açıqlanıb-açıqlanmayacağı aydın deyildi.
İndi isə məlum olub ki, apellyasiya rədd edilib.
Horner ona qarşı irəli sürülən bütün iddiaları həmişə inkar edib, icraçı direktor və Red Bull-un rəhbəri vəzifələrini yerinə yetirməyə davam edib və edir.
Avqustun 8-də Red Bull GmbH şirkəti aşağıdakı bəyanatı yayıb:
“Bu ilin əvvəlində Kristian Hornerə qarşı verilmiş şikayət əsasında araşdırma aparılmışdı. Bu şikayətə şirkətdə qəbul edilmiş prosedur əsasında baxılmış, müstəqil vəkil təyin edilmiş və o, iddiaları rədd etmişdi.
İddiaçı apellyasiya vermək hüququndan istifadə etmiş və buna başqa bir müstəqil vəkil tərəfindən baxılmışdı. İndi apellyasiya prosesinin bütün mərhələləri başa çatıb, apellyasiyanın qəbul edilmədiyi barədə yekun qərar verilib.
Red Bull vəkilin gəldiyi nəticələrlə razıdır. Daxili araşdırma prosesi başa çatıb. Şirkət işçilərin məxfilik hüququna hörmət edir və hələlik əlavə açıq şərh verməkdən çəkinəcək”.
Sky Sports telekanalının məlumatına görə, Red Bull-da daxili araşdırma prosesində şikayət verən əməkdaşın qeyri-dürüst hərəkət etdiyi ilə bağlı şübhələr olduğundan, indi şirkət onu işdən çıxarmaq qərarı verə bilər. İndiyədək o, işdən kənarlaşdırılsa da, tam əməkhaqqı almaqda davam edirdi.
Telekanalın reportyoru Kreyq Sleyter baş verənləri belə şərh edib: “Bu, bütün əlaqədar tərəflər üçün xoşagəlməz vəziyyətdir. Ötən aylarda bütün bu hekayənin necə inkişaf etdiyinə görə, burada qalib yoxdur, ona görə də indi Horner onun üçün hər şeyin bitdiyinə ümid edir.
Ona qarşı şikayət verən əməkdaşa gəlincə, o, əmək mübahisələrinə baxan instansiyalara müraciət edə bilər və əgər işi davam etdirmək qərarına gələrsə, bu, növbəti uzun araşdırmaya səbəb ola bilər. O zaman o, Hornerə və işəgötürəni Red Bull şirkətinə qarşı mülki iddia ilə məhkəməyə müraciət edə bilər…
Lakin Red Bull daxili araşdırma və rədd edilmiş apellyasiyaya baxılmasından sonra işi bağlanmış hesab edir, beləliklə, bütün rəsmiyyətlər yerinə yetirilib”.