Red Bull-dan tarixi rekord

Macarıstan yarışı geridə qaldı və Red Bull növbəti dəfə qalib gələrək yeni bir rekorda imza atdı.

Red Bull komandası Hunqarorinqdə Maks Ferstappenlə yarışı qazanaraq, ardıcıl 12-ci qələbəsini əldə etdi. Bu isə Formula1 tarixində yeni bir rekorddur. Bundan əvvəlki rekord isə 1989-cu ildə ardıcıl 11 qələbə qazanmış McLaren-ə aid idi. “Qırmızı öküzlər” 34 ildən sonra bu rekordu qırmağı bacardılar.

Bu 34 il ərzində  Formula1 Williams, Ferrari, Mercedes kimi komandaların hegemonluğunu görsə də, heç bir komanda bu rekordu qıra bilməmişdi. Hazırda həm sürücü kimi (Sebastyan Fettelin ardıcıl 9 qələbəsi), həm də komanda kimi ardıcıl qələbə rekordu Red Bull komandasındadır.

Yarışa gəldikdə isə Maks Ferstappen startda ikinci olsa da, startda Lyuis Həmiltonu keçərək, liderliyə yüksəldi. Bundan sonra isə Maks Ferstappenin arxa qanadını belə görən olmadı. Niderlandlı sürücü kağız üzərində Red Bull üçün əlverişli olmayan Hunqarorinqdə ən yaxın rəqibi Lando Norrisə 33 saniyə fərq ataraq, yarışı qazandı və çempionatdakı ən yaxın rəqibi Pereslə fərqi 110-a çıxardı. Bu həm də Maksın ardıcıl 7-ci qələbəsi idi. Hazırda onu ardıcıl qələbə rekordündan iki birincilik ayırır.

Komandanın digər sürücüsü Serxio Peres isə yarışa 9-cu yerdən başlasa da, yaxşı performans göstərərək, üçüncü ola bildi. Bu, meksikalının Hunqarorinqdəki ilk podiumu idi. Beləliklə, Çeko çempionatda ikinciliyini bir az da möhkəmləndirdi.

McLaren isə yüksəlişini davam etdirir. “Narıncılar” göstərdi ki, onlar artıq nəinki sürətli döngələrdə, hətta yavaş döngələrdə də sürətlidirlər. Onlar mövsümə pis başlasalar da, düzgün seçim və yeniliklər onları birdən-birə ən sürətli ikinci komanda etdi. Lando Norris komandası McLaren-in ardıcıl qələbə seriyası qırılmasın deyə son iki yarışda əlindən gələni etsə də, Maks Ferstappen səddini aşa bilmədi. Amma gənc britaniyalının son iki yarışdan 36 xal toplaması onu çempionatda üçüncülük uğrunda əsas favoritlərdən biri edir.

Mercedes komandası dünən qənaətbəxş performans göstərdi. Corc Rassell yarışa 18-ci yerdən başlasa da, yekunda 6-cı ola bildi. Lyuis Həmilton isə pouldan başladığı yarışda 4-cü yerə gerilədi. Sonra isə pit çıxışında mühərriyi çox qızdığı üçün komanda gücü azaltmalı oldu. Burada itirdiyi 6-7 saniyəlik zaman onu ikinci yerdən etdi.

Ferrari komandası isə yerində saymağa davam edir. Onlar Hunqarorinqdə kağız üzərində favorit sayılsalar da, yenə də McLaren və Mercedes-dən az xal topladılar.

Ferrari kimi Aston Martin də geriləməkdədir. Komanda artıq ardıcıl üçüncü yarışdır ki, əziyyət çəkir.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*