Red Bull komandası McLAren-in rekordunu elə onların vətənlərində təkrarladı. Komanda son 11 yarışda qalib gələrək, McLaren-in 1988-ci ildəki rekorduna şərik oldu. Özü də Maks Ferstappen Britaniyada iki britaniyalı sürücünün önündə qalib gəldi. Onlardan biri britaniyalıların yaşayan əfsanəsi, digəri isə gələcəkdə ümid bağladıqları adamdır. İndi isə növbədə Macarıstan yarışında qalib gəlib yeni bir rekorda imza atmaqdır.
Əslində Lando Norris Red Bull-un bu rekordu təkrarlamaması üçün hər şey etdi. Yaxşı start aldı və Maks Ferstappeni geridə qoydu. Lakin britaniyalı sürücü Maksın təzyiqinə 5 dövrə dözə bildi. Maks yenidən liderliyi alaraq, yarışın sonuna qədər mövqeyini qorudu. Bu, onun Britaniya Qran Prisindəki ilk qələbəsi idi. Eyni zamanda Red Bull da 2012-ci ildən sonra Britaniyada qalib gəldi.
McLaren-ə isə sürətli döngələrdə çox sürətli görünür. Onlar yarış ərzində həm Ferrari, həm də Mercedes-dən bir baş üstün idilər. Yarışın əvvəlində hər iki McLAren sürücüsü Şarl Leklerlə fərqi rahatlıqla artıra-artıra gedirdilər. Yarışın sonlarında – Təhlükəsizlik maşınından sonra Lyuis Həmilton Soft təkərlərlə Lando Norrisi keçə bilmədi. Bu da McLAren-in hazırda sürətli döngələrdə necə güclü olduğunu göstərir.
Ferrari isə Barselonadan sonra Britaniyada da fiaskoya uğradı. Bundan əvvəlki iki yarışda – Kanada və avstriyada qənatbəxş performans göstərən italyanlar aerodinamik tras olan Silverstounda yenə də çarəsiz görünürdülər. Düzdür, bunun təhlükəsizlik maşını ilə əlaqəli olduğunu düşünənlər var, amma yarışın əvvəlində də hər iki Ferrari sürücüsü Mercedes-dən zəif idilər. Belə görünür ki, komanda sürətli döngələrdəki zəifliyin qarşısını hələ ala bilməyib. Bu da mövsümün gedişatında “qırmızlar” üçün başağrısı ola bilər.
Mercedes komandası isə bir az da bəxtin köməyi ilə Britaniyada podium qazandı. Beləliklə, “gümüşü oxlar” Silverstoundakı son 12 yarışın hamısında podiuma yüksəlmiş oldular. Bundan başqa Lyuis Həmilton buradakı son 11 yarışın hamısında podium əldə edib. Lakin builki Mercedes-in performansına görə yox, sırf bəxt hesabına oldu.
Aston Martin komandası isə sürətli döngələrdə qan itirməyə davam edir. Alonso bəxtin hesabına 7-ci olaraq, aktivinə 6 xal yazdı. Bəxtin hesabına deyirəm, çünki trasa təhlükəsizlik maşını çıxmasaydı, bəlkə də xal qazana bilməyəcəkdi. Növbədə Macarıstan yarışıdır. Macarıstanda yavaş döngələr çoxdur. Aston Martin AMR23 isə yavaş döngələri sevir. Görək Budapeştdə Alonso yenidən podiuma qayıda biləcək?
Həftəsonunun digər xoş sürprizi isə Williams komandası idi. Aleks Elbon 8-ci olaraq, komandasına 4 xal gətirdi. Beləliklə, Formula1-in ən titullu ikinci komandası öz vətənində həm Ferrari-dən çox xal yığdı, həm də turnir cədvəlində 7-ci yerə yüksəldi. Hətta Loqan Sarcentin xal qazanması üçün bir neçə saniyəsi çatmadı.
Növbədə Macarıstan yarışı var. Görək Red Bull yeni rekorda imza atacaq? Bir tarixə şahidlik edəcəyik?