F-1.az bildirir ki, qaydalara uyğun olaraq sürət üstünlüyünü kompensasiya etmək üçün ballast yüklənmiş Toyota hibrid avtomobillərinin pilotları bu dəfə qələbə uğrunda mübarizədən kənar qalıblar. İlk saatın sonunda Sebastyen Buemi liderdən 23 saniyə geri qalıb, altısaatlıq mübarizədən sonra isə onun komanda yoldaşları Brendon Hartli və Kazuki Nakacima finiş xəttində bu fərqi 51 saniyəyə qaldırıblar.
Podiumda üçüncü yeri Mayk Konvey, Kamui Kobayaşi və Xose Mariya Lopesdən ibarət Toyota-nın digər heyəti tutub. Eyni zamanda, məhz bu ekipaj ümumi hesabda liderliyini qoruyub.
Xatırladaq ki, COTA trasında baş tutan altısaatlıq yarışa LMP1 sinfində elə cəmi 3 maşın qatılıb.
LMP2 sinfində qələbəni Pol di Resta, Fil Hanson və Filip Albukuerkedən ibarət Autosport United komandasının heyəti qazanıb. Maraqlıdır ki, yarışın əvvəlində baş verən insident nəticəsində di Resta peletonun sonuna düşüb, amma sonra özü və tərəfdaşlarının əzmkarlığı sayəsində birinci yerə çıxmağı bacarıblar.
GTE Pro sinfində mövsümün üçüncü qələbəsini Aston Martin-lə Marko Sörensen və Niki Timin ekipajı qazanıb. Bu qələbədən sonra ekipaj çempionatda liderliyini möhkəmlətməklə, istehsalçıların mübarizəsində Aston Matrin-in əzəli rəqibi Porsche-ni qabaqlamasına və almanlar üzərində üstünlüyü 11 xala çatdırmasına kömək ediblər.