F-1.az xatırladır ki, fransalı sürücü yarışın startında Saynsla təmas yaşamış və buna görə də birinci dövrədə pitə girərək, UltraSoft təkərləri SuperSoft təkərlərə dəyişmişdi. Qrojan bu təkərlərlə finişə qədər 69 dövrə gedərək, yekunda 10-cu yeri tutmuş və komandasına 1 xal qazandırmışdı.
Roman Qrojan: “Bu təkərlərlə daha 10 dövrə getmək olardı. Təbii ki, SuperSoft təkərlərlə 69 dövrə getmək istəməzdim, lakin, buna məcbur idim. Startda Saynsın mənə qarşı etdiyi manevrdən xoşum gəlmədi.
Bu çox təhlükəli idi. Boliddə problem yaranmadığına görə sevindim. Ön qanadı dəyişdirərək, yola davam etdik. Çətin yarış idi. Şansa ehtiyacımız var idi və Alonso mübarizəni dayandırdı. Biz də xal qazandıq”.
Haas komandasının rəhbəri Günter Ştayner də bu nəticəyə təəccüblənib: “Saynsın təması nəticəsində yarış bizim üçün pis başladı və pitə girməli olduq. Belə hallarda adətən yarış sizin üçün başa çatır, lakin o mübarizə apardı və təkərlərlə 68 dövrə tamamladı. Bu təəccüblü idi”.