F-1.az xatırladır ki, Qrojan mövsümün ilk iki yarışında 18 xal toplayıb. Onun sabiq komandası Renault isə hələ də xal qazana bilməyib.
Roman Qrojan bildirib ki, Haas komandasına transfer olanda doğru addım atdığından şübhə etmirmiş: “Bəziləri mənim üçün “Artıq karyerası bitdi” deyirdilər, amma uşaqlar, təəssüf ki siz haqsız çıxdınız.
Total şirkətinə, Renault-ya və Enstondakı hər kəsə təşəkkür edirəm, amma mən qərarımı verdim. Bu layihəyə inandım və gördüm ki, onlar bir neçə ildən sonra Formula1-in güclü komandalarından biri olacaqlar.
İndi biz gördüyümüz işlərin qarşılığını alırıq. Mən fərqli bir yerə düşsəm də, onlar mənim uyğunlaşmağıma və inkişafıma kömək etdilər.
Onlar təcrübəli bir sürücü axtarırdılar. Mənə güvənirlər. Bəhreyn kimi yorucu yarışlardan sonra da bizə pozitiv enerji verirlər. Bu gözəl haldır”.
Haas komandası ümid edir ki, onlar bolidi mövsüm ərzində inkişaf etdirəcəklər. Amma onlar düşünür ki, bolid hazırkı vəziyyətdə daha sürətli ola bilər.
Qrojan inanır ki, rəqiblər inkişaf etdikcə, komandası geriyə düşməyəcək, əksinə Haas daha da inkişaf edəcək: “Cəhd edəcəyik. Günter bolidi inkişaf etdirmək üçün hər şey edəcək.
Biz digərlərindən fərqli olaraq, daha kiçik komandayıq. Amma komandada bizə istiqamət göstərəcək ağıllı insanlar var.
Ümumilikdə isə siz istəyərsiniz ki, bolidiniz sürüşməsin və asfalta yatma qüvvəsi çox olsun və siz görərsiniz ki, bolidi bir neçə sahədə inkişaf etdirmək mümkündür.
Bəhreyn yarışında sazlanmalarla bağlı dəqiq fikirlərimiz var idi. Əvvəlki illərdən bəzi statistikalara bələdsiniz, amma gəlib görürsünüz ki, hər şey dəyişilib.
Formula1 ancaq inkişaf edir. Bu gün işə yarayan məlumatlar sabah mənasız ola bilər. Gərək ağlınızı, yaddaşınızı sıfırlayasınız, amma sıfırlamaq asan deyil”.
Haas komandası ilk iki yarışda mükəmməl performans göstərsə də, Qrojan bildirib ki, onların işi Çin yarışında çətin olacaq: “Çində ön təkərlər həddən artıq aşınacaq. Bunun üzərində işləməliyik.
Hələlik arxa təkərləri yaxşı qoruyuruq. Amma ön təkərlərdən əmin deyiləm. Maraqlı olacaq.
Bütün komandaların əvvəlki illərdən məlumatları var. Bizim heç bir şeyimiz yoxdur”.