F-1.az xəbər verir ki, Manor hələ də 2016-cı il üçün heyətini açıqlamayan yeganə komandadır. Amma güclü sponsorları olan Rossi, Verlyayn, Stivens, Haryanto da bu komandanın pilotu olmağa namizəddirlər. Hətta Maqnussenin də adı komanda ilə hallanır.
Ekvadorda məşqlərinə davam edən Merhinin meneceri Mark Blandell danışıqları davam etdirir.
Roberto Merhi: “Velosiped sürürəm, qaçıram və üzgüçülüklə məşğul oluram. Fevral ayından etibarən kartinqə başlayacam. Formula1 məsələsi mənim üçün bağlanmayıb. Danışıqlar apardığımız komandalar var. Növbəti mövsüm Formula1-də ola bilərəm. Amma hələ dəqiq bir şey yoxdur”.
Manor komandası yeni mövsümə qədər bir çox dəyişikliklər edib. Bunlardan ən əsası, komandanın Mercedes mühərriklərinə keçməsidir. Amma Merhi bunun bolidin sürətinə təsir edəcəyinə şübhə ilə yanaşır: “Komanda təkcə müərrikdə yox, başqa sahələrdə də inkişafa diqqət ayırmalıdır. Xüsusilə döngələrdə daha sürətli ola bilmək üçün işlər görülməlidir”.
Merhi digər iki ispan pilot – Fernando Alonso və Karlos Saynz barədə də danışıb. O, həmin iki pilotun üzvü olduğu McLaren və Toro Rosso komandalarının rəqibləri ilə əhəmiyyətli dərəcədə fərqi azaltdığına şübhə edir: “Ola bilər ki, Ferrari mühərrikləri Renault mühərriklərindən üstündür, amma Toro Rosso 2015-ci ilin mühərriklərindən istifadə edəcək. Nəzərə alsaq ki, bir ildə hər şey inkişaf edir, bu il və keçən ilin mühərrikləri arasında fərq hiss olunacaq.
Mən McLaren komandasından fərqli olaraq, növbəti mövsümdə Fernandonun titul qazana biləcəyi maşına sahib olacağına inanmıram. Bu, mənim şəxsi fikrimdir və ola bilər ki, yanılıram. Lakin mən inanmıram ki, son mövsümdə liderlərdən olduqca zəif təsir bağışlayan komanda bu qədər irəliləyişə nail olub. Bir neçə yarışdan sonra hər şey aydın olacaq. Növbəti mövsüm onlar üçün 2017-ci ilə yaxşı hazırlaşmağa vasitə ola bilər”.