R.Kubitsanın qayıtmaq şansı varmı?

Bu il Robert Kubitsanın Formula1-ə qayıtmasının mümkünlüyü ilə bağlı çox danışılıb. Renault ilə yayda intensiv işləyən polşalı sürücü bir neçə testdə iştirak etmişdi. O, Colion Palmerin yerinə ən real namizədlərdən biri kimi göstərilirdi, lakin Renault-nun Karlos Saynsla gələn mövsüm üçün müqavilə bağlaması Robertin fransızların heyətində çıxış etmək arzusunu gözündə qoyub.

F-1.az bildirir ki, Renault Kubitsa ilə müqavilə bağlamamasının səbəbini açıqlamasa da, komandaya yaxın mənbələrdən olan Sportbild polşalının Macarıstandakı testlərdə uzun dövrələrdə heç də yüksək nəticə göstərmədiyini yazıb. O demək deyil ki, Robert əvvəlki qədər sürətli deyil. Testlərdə ən yaxşı dördüncü nəticəni göstərib, sadəcə zədəli qolu ardıcıl dövrələrdə uzun müddət sürətini qorumasına imkan vermir.

Robert 2018-ci ildə Renault ilə yarışmaq şansı qalmasa da, təslim olmaq fikrində deyil və hazırda Williams-la danışıqlar aparır. Lakin həmin yerə Felipe Massanı bu il Macarıstanda əvəzləmiş Pol di Restanın, arxasında Mercedes-in dəstəyi olan Paskal Verlyaynın, o cümlədən Renault-dakı yerini itirən Colion Palmerin də iddiası var. Massa çox güman ki, mövsümün sonunda karyerasını birdəfəlik bitirəcək. O, Braziliya mətbuatına verdiyi müsahibələrdə dəfələrlə bildirib ki, daha bir il yarışmaq niyyəti yoxdur.

Sportbild-in jurnalisti yazır: “Maraqlıdır, Williams-da son söz kimin olacaq: komandanın sponsoru Lourens Strollun, texniki direktor Pəddi Lounun, yoxsa komandanın rəhbəri Kler Uilyamsın? Kanadalı milyarder Williams-a on milyonlarla dollar qazandırıb. Şayiələrə görə, o, oğlunun komanda yoldaşının sürətli sürücü olmasını istəmir. Buna görə də, Massanı yenə komandada saxlamaq və ya zədəsi olan, uzun müddətdir Formula1-də mübarizə aparmayan Kubitsanı komandaya gətirmək ata Stroll üçün maraqlı ola bilər. Pəddi Lou isə əksinə, sürətli sürücü istəyir”.

Həmçinin, komandanın titul sponsorunun şərtini nəzərə almaq lazımdır. Martini komandadakı sürücülərdən birinin yaşının 25-dən yuxarı olmasını tələb edir. Lakin alman nəşri iddia edir ki, müqavilədə belə bir şərt yoxdur. Bundan başqa, komandanın bir nümayəndəsinin sözlərinə görə, Martini-ni Kubitsanın ehtiyat sürücü kimi komandaya qoşularaq bir çox aksiyalarda iştirakı da qane edir.

, , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*