R.Kubitsa Formula E seriyasına keçə bilər

Polşalı pilot Robert Kubitsa 2011-ci il fevralın 6-da bir yarışda ağır qəzaya uğramış, sağ qolundan ciddi zədələr almış və Formula1-dən getməyə məcbur olmuşdu.

F-1.az xəbər verir ki, Kubitsa 2010-cu ildən sonra ilk dəfə təkoturacaqlı yarış seriyalarına qayıda bilər.

Braziliya mətbuatına müsahibə verən Robert Formula E seriyasında yarışmaq ehtimalının olduğunu bildirib: “Bəli, Formula E-də iştirak edə bilərəm. Əvvəlcə bir Formula1 testinə qoşulmaq istədim. Amma özümə “sonrasında nə olacaq?” sualını verdim. Qolumu tam hərəkət etdirə, biləyimi döndərə bilmirəm. Bu, həmişə belə olacaq, düzəltmək mümkün deyil. WRC-da çiynimi hərəkət etdirərək bu çatışmazlığı aradan qaldıra bilirəm. Amma Formula1 maşınlarının kokpiti bunun üçün olduqca dardır”.

Kubitsa Formula1 üçün darıxdığını da etiraf edib: “Dostlarımla yarışlara baxmağa gedə bilərəm. Amma qərara aldım ki, bunu etməyim. Bu, Formula1-ə qarşı düşmən münasibət deyil. Sadəcə pis xatirələrim var. Düzünü desəm, Formula1-ə baxmaq mənim üçün heç də asan deyil. Lyuis və Niko çempionluq uğrunda mübarizə aparır. Onlara qoşula bilməmək məni məyus edir. Formula1-də yarışmaq üçün çox darıxıram…”

Xatırladaq ki, hazırda 31 yaşı olan Robert Kubitsa Formula1-də 2006-cı ildə Macarıstan Qran Prisində debüt edib. 2010-cu ilin sonuna qədər 76 yarışa çıxıb. Yeganə qələbəsini 2008-ci ildə Kanada Qran Prisində qazanan pilot 12 dəfə podiuma yüksəlib. 2008-ci ili 4-cü yerdə başa vurub…

 

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*